Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Bozbash Pictures” komandasının ərsəyə gətirdiyi yeni “Axırıncı yol” macəra komediyasının qala gecəsi olub.
Tədbirdə yaradıcı heyət adından çıxış edən aktyor İlkin Həsəni bütün tamaşaçıları salamlayıb və Naxçıvanda olmaqlarından məmnunluğunu bildirib.
İlkin Həsəni qeyd edib ki, “Axırıncı yol” filmi martın 1-dən etibarən Bakı şəhərindəki kinoteatrlarda 80 mindən artıq tamaşaçı tərəfindən izlənilib. “Bozbash Pictures” komandası ikinci dəfədir, Naxçıvana gəlir və burada onlara göstərilən isti münasibətin və qonaqpərvərliyin bir daha şahidi olurlar. O, “Axırıncı yol” filminin qalasının Naxçıvanda keçirilməsinə şərait yaradıldığına görə yaradıcı heyət adından minnətdarlığını bildirib.
Sonra filmə baxış olub. Film izləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Axırıncı yol” macəra komediyası “Bozbash Pictures” qəhrəmanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhrəmanlar yerli bankların birindən içində iki milyon dollar olan inkassator avtomobilini qaçırırlar. Filmdə əsas rollarda aktyorlar İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov və İlkin Misgərli çıxış edirlər. Filmin rejissoru Emil Abdullayevdir.
Xəbərlər şöbəsi