Babam zəhmətkeş bir insan idi. Çörəyini daşdan, torpaqdan çıxarardı. Savadı, yazı-pozusu dərin olmasa da, geniş dünyagörüşü var idi. O, İkinci Dünya müharibəsinin odundan-alovundan keçdiyindən polad kimi bərkimiş, mətinləşmişdi. Necə deyərlər, həyatda kirpiyi ilə od götürmüşdü. Ona görə də həyatın gediş-gəlişini yaxşı bilirdi. Bəlkə buna görə idi ki, qohum, dost-tanış çətinə düşəndə babamdan məsləhət alardılar.
Yaxşı yadımdadır... İndiki Naxçıvan Dövlət Universitetində təhsil alırdım. Bir gün müəllimimiz bizə “Həyatda daimi yaşayan nədir?” mövzusunda yaradıcı yazı hazırlamağı tapşırmışdı. Bu mövzu tələbə yoldaşlarıma və mənə ilk baxışda nə qədər çətin görünsə də, dostlarım kimi həyəcan və təlaş içində deyildim. Çünki bilirdim ki, babam bu mövzunun yazılmasında mənə köməklik edəcəkdir.
Odur ki, dərsdən evə qayıdanda babamdan soruşdum:
– Baba, həyatda daimi yaşayan nədir?
– Vətən nəğməsidir, – dedi. Mənim təəccübləndiyimi görüb fikirlərini bir qədər açıq şəkildə söylədi:
– Oğul, tarix milyon-milyon insanın taleyini unutdurub. Ancaq ulularımızdan bizə miras qalan, yaşayan təkcə Vətən nəğməsidir.
Babam bu sözləri deyib, qədim diyarımızın köksündə yaşayan Möminə xatın, Qarabağlar, Yusif Küseyiroğlu türbələrini, Came məscidini, Zorxana (Qeysəriyyə), Xanəgah, Gülüstan abidələrini və bu kimi bir neçə sənət əsərlərinin adlarını sadaladı. Sonra gülümsəyərək dedi:
– Bax bunlar usta memarların daşlarla yaratdıqları tarix nəğmələridir. Onlar nə qədər yaşayırsa, demək dilimiz, xalqımız, mədəniyyətimiz, tariximiz də yaşayır. Həmin türbələrə, abidələrə vurulmuş sirli naxışlar ulularımızın bizə yazdığı məktublardır. Bu məktubların hər biri əsrlərin ağrılı-acılı, şirin xatirələrini yada salan bir nəğmədir. Bu nəğmələrdə Vətən bizə əmanət olunur. Vətən təkcə silahla qorunmur. O həm də qoynunda məskunlaşan insanlardan sevgi və qayğı istəyir. İstəyir ki, onun sinəsi gülüstana çevrilsin.
Babam bunları elə ürəkdən söyləyirdi ki, sanki yaxın gələcəkdə Vətənimizin azad olacağını, müstəqillik əldə edəcəyini bilirdi.
Babamın mənə söylədiyi bu sözlərdən sonra müəllimimin tapşırığını yerinə yetirdim, bu zərif və əzəmətli sənət incilərini dəfələrlə ziyarət etdim. Bəzən saatlarla onların önündə xəyala dalıb memarların barmaqlarının sehri ilə büllur kaşılara həkk olunan gözəllik nəğmələrini bir-bir oxumağa çalışdım. Anladım ki, sehrində itib-batdığım bu abidələr təkcə ötən əsrlərin nağılı, dastanı deyil, həm də əsrlərin yağışına, tufanına, soyuğuna, istisinə mərdliklə sinə gərən tariximizin yadigarlarıdır.
Heç də təsadüfi deyil ki, Naxçıvanda olmuş Övliya Çələbi, Şarden, Manperi, Maryer, Robert Ker Perter kimi Şərq və Avropa tarixçiləri, coğrafiyaşünaslar, səyyahlar bu qədim diyarda tikilmiş abidələr, mədəniyyət ocaqları haqqında qiymətli fikirlər söyləmişlər. Məşhur sənətşünas M.V.Alpanov yazırdı ki, Şərqin ölməz klassiklərinin əsərlərində duyduğumuz bəşəri təravəti biz Naxçıvan abidələrində görürük. Görkəmli türkoloq Murad Acı isə tarixi və mədəniyyət abidələri ilə zəngin olan Naxçıvan diyarını “İkinci Altay” adlandırmışdır.
Ancaq həqiqəti söyləyim ki, memarlarımızın yaratdığı bu sənət nümunələri o zaman məni bir tərəfdən sevindirirdisə, digər tərəfdən də kədərləndirir, məyus edirdi. Qorxurdum ki, o zaman abidələrimizə qarşı olan laqeydlik nəticəsində əsrlərin şahidi olan bu incilərin ömrü nə vaxtsa sona çata bilər. Babalarımızın bizə əmanət etdiyi bu gözəllik nəğmələrindən əsər-əlamət qalmaz.
Sən demə, xalqımızın xoş günləri qabaqda imiş... Əfsuslar olsun ki, babam bu günləri görmədi. Diyarımızın nə vaxtsa gözəlləşəcəyi günləri görmək kimi arzu və istəklərini bir xəyal olaraq özü ilə apardı. Xalqımız müstəqillik əldə etdikdən sonra bütün milli-mənəvi sərvətlərimizə nəinki sahib çıxdıq, həm də tariximizə işıq tutan bu qiymətli sənət nümunələrinin qayğısına qaldıq.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Naxçıvan ərazisində həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri var. Baxmayaraq ki, onlara yüz illərlə heç qayğı göstərilməyibdir. Hətta müxtəlif proseslər zamanı, bəzən müharibələrlə, yaxud da ki, başqa hadisələrlə əlaqədar onların uçurdulması, dağıdılması halları olubdur. Amma bu tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır”.
Bəli, hər bir xalqın tarixi keçmişinin öyrənilməsində abidələr xüsusi əhəmiyyət daşıyır. Bu mənada, babalarımızın əziz yadigarlarını bərpa etmək, keçmişi qorumaq dünənin ən yaxşı sərvətlərini sabaha aparmaq deməkdir. Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında heykəlləşən tikililərində, abidələrində yaşayır. Tarixini, vətənini sevən insanlar isə abidələri qoruyub gələcək nəsillərə ötürməlidir.
Bu gün qürur və iftixar hissi ilə deyə bilərik ki, Naxçıvan abidələri ikinci ömrünü yaşamağa başlamışdır. Möminə xatın məqbərəsi restavrasiya edilmiş, Əshabi-Kəhf, İmamzadə, Naxçıvanqala, Buzxana abidələri, Yusif Küseyiroğlu türbəsi, Aza körpüsü, Əlincəqala əsaslı şəkildə bərpa olunmuşdur.
Naxçıvan memarlıq məktəbinin müasir dövrümüzdə ən layiqli davamı olan Hüseyn Cavid məqbərəsi, Nuh Peyğəmbərin türbəsi ucaldılmışdır. Bu gün həm də Naxçıvan abidələrinin sistemli şəkildə öyrənilməsi diqqət mərkəzindədir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 1200-dən artıq tarix və mədəniyyət abidəsi pasportlaşdırılaraq onların dövrü və tipoloji mənsubiyyəti müəyyənləşdirilmiş, 60-dan çox tarixi abidə bərpa olunmuş, tarix və mədəniyyət abidələrinin mühafizəsi təmin edilmişdir.
Sevindirici haldır ki, 7 oktyabr 2015-ci il tarixdə Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən, XII əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindən sayılan dünya əhəmiyyətli abidə olan Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sərəncam imzalamışdır. Bu türbə üzərində elmi bərpa işləri aparılmış, digər tarixi-mədəniyyət abidələrimiz kimi, Gülüstan türbəsi də ikinci ömrünü yaşamağa başlamışdır.
Bəli, bu gün qədim diyarımızın qoynunda neçə-neçə memar əllərinin yaratdıqları sənət inciləri hamımızı ürəkdən sevindirir. Adama elə gəlir ki, bu qiymətli əsərlər Nəqşi-cahan adlı bir diyarı öz çiyinləri üstünə qaldırıb onu bütün dünyaya nümayiş etdirir.
Deyirlər, hər kəs sənəti ilə özünə abidə qoyur. Babalarımızın yaratdığı abidə həm də zəhmət nəğməsi idi. Çünki müdrik babalarımız öz ömür nəğmələrini hər zaman torpağın qulağına oxuyardı. Torpaqdan qalxan kəhrəba sünbüllərin ətri Vətənin havasına qarışar, göylərə yüksələrdi. O zaman onlar çox sevinərdi. Çünki göylərə ucalan Vətən nəğmələri idi. İndi bu gözəllik nəğmələri qədim diyarımızın hər guşəsində oxunur.
Rövşən Hüseynov