Novruz xalqımızın ən qədim və əziz bayramlarındandır. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu bayram geniş şəkildə qeyd edilir. Novruz atributları ilə bəzədilmiş Naxçıvan şəhərində bayram şənlikləri bu il rəngarəngliyi ilə seçilib. Bayram günlərində Türkiyə Respublikasından gəlmiş folklor qrupunun maraqlı çıxışları şəhər sakinlərinin və bura gələn qonaqların əsl sevincinə səbəb olub.
Belə ki, martın 22-də Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində “Türkiyə Respublikası azərbaycanlı qardaşlarının Novruz bayramını təbrik edir” şüarı altında Novruz festivalı keçirilib.
Musiqi proqramından əvvəl Türkiyənin Azərbaycandakı səfirinin mədəniyyət müşaviri Murad Qaraçanta, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulunun müavini Fəxrəddin Uzun, Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım çıxış edərək naxçıvanlıları Novruz bayramı münasibətilə təbrik ediblər.
Sonra Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Tubil” dərnəyinin rəqs qrupunun üzvlərinin təqdimatında müxtəlif folklor rəqsləri təqdim olunub.
Tədbir iştirakçıları kompleksdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi əl sənəti nümunələrindən ibarət sərgi ilə də yaxından tanış olublar. Türk xalq rəqsləri və sərgidə nümayiş etdirilən əl sənəti nümunələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Türkiyənin Azərbaycandakı səfirinin mədəniyyət müşaviri Murad Qaraçanta “Şərq qapısı” qəzetinə müsahibəsində bildirib ki, Novruz bayramı hər il Azərbaycanda böyük sevinc və coşqu hissi ilə keçirilir. Biz də azərbaycanlı qardaşlarımıza Novruz töhfəsi vermək, bu sevinci birgə yaşamaq üçün belə bir tədbirin keçirilməsinə qərar verdik.
Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım isə Naxçıvana ilk dəfə gəldiyini bildirdi. Qeyd etdi ki, Naxçıvanın qədim tarixə malik olduğunu əvvəlcədən bilirdi, ancaq indiyədək Azərbaycanı Türkiyə ilə birləşdirən bu bölgədə olmayıb. Musiqi proqramının keçirildiyi məkanda Naxçıvanın tarixini və mədəniyyətini əks etdirən nişanələrini gördükcə, müsahibim ürəyindən keçənləri belə dilə gətirdi: “Bir az bundan əvvəl Möminə xatın türbəsi ilə bağlı məlumatlar öyrəndim. Doğrusu, çox böyük qürur hissi keçirdim ki, Naxçıvan yüz illər bundan əvvəl belə bir mədəniyyət abidəsi yaradıb. Eyni zamanda bunu bir türk qadının şərəfinə edib. Çox möhtəşəmdir. Ətrafdakı daş abidələr, xüsusilə qoç fiqurları buranın qədimliyini özündə əks etdirir. Bütün bunlarla tanış olduqca, qardaş xalqlar olaraq necə qədim tarixə və ortaq mədəniyyətə malik olduğumuzu bir daha görürəm. Mənim üçün həm də ona görə sevinclidir ki, Naxçıvana Novruz bayramı ərəfəsində gəlmişəm. Görürəm ki, Novruz bayramı burada da böyük sevinc hissi ilə qeyd olunur. Hər kəsin bayramını təbrik edirəm”.
Qeyd edək ki, tədbirin təşkilində əsas məqsəd iki qardaş ölkə arasında mövcud olan mədəni sahədəki əlaqələri daha da inkişaf etdirməkdir. Musiqi proqramları Naxçıvandan əvvəl Gəncə, Tovuz, Şəki və Bakı şəhərlərində təqdim olunub.
Səbuhi Həsənov