23 Dekabr 2024, Bazar ertəsi

YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında mart ayının 21-i “Beynəlxalq Poeziya Günü” elan edilmişdir. Azərbaycanda “Beynəlxalq Poeziya Günü” 2007-ci ildən qeyd olunur.

Poeziya ən qədim zamanlardan başlayaraq insanın mənəvi ehtiyacına çevrilmiş, onun arzu və istəklərinin, duyğu və düşüncələrinin, sevinc və kədərinin poetik tərcümanı olmuşdur. Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Azərbaycan şairlərinin yaratdıqları əsərlər Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatına güclü təsir göstərərək özünəməxsus poeziya məktəbi formalaşdırmışdır.
Azərbaycan dilinin axıcılığı, ahəngdarlığı imkan verir ki, bu dildə çox səlis, rəvan poetik nümunələr yaradılsın. Məhz elə ona görə də poeziyamızın ilk nümunələri xalq yaradıcılığında özünü aydın göstərə bilmişdir. Ağılar, bayatılar, holavarlar, sayaçı sözləri, əmək nəğmələri, digər mövsüm-mərasim nəğmələri Azərbaycan poeziya sənətinin ilk nümunələridir. Bu nümunələrdə xalqımızın adət-ənənələri, məişəti, düşüncəsi, ağrı-acısı, sevinci, mübarizə əzmi, vətənpərvərliyi poetik formada əks olunmuşdur. Müğləsi Marağayi, İsmayıl Yəsar, Musa Şəhəvat, Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi kimi ölməz korifeylərin yüksək sənətkarlıqla yazılmış əsərləri poeziya sənətimizi zənginləşdirməklə yanaşı, sonrakı dövrlərdə bir sıra qüdrətli şairlərimizin yaradıcılığının formalaşmasına da təsir göstərmişdir. İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai kimi şairlərimiz anadilli poeziyamızın inkişafında müstəsna rol oynayan qüdrətli şairlər kimi dilimizin poetik imkanlarını üzə çıxarmışlar. XVII-XVIII əsrlərdə yazıb-yaradan şairlərimiz klassik üslubda, həm də xalq yaradıcılığı formasında ədəbiyyatımıza təzə nəfəs gətirmişlər. Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin yaradıcılığı yazılı ədəbiyyatımızda poetik düşüncəni geniş mənada xalqın yaddaşına yazmışdır. Aşıq Qurbaninin, Xəstə Qasımın, Sarı Aşığın, Abbas Tufarqanlının, Aşıq Alının, Aşıq Ələsgərin qoşma və gəraylıları, təcnisləri bir daha təsdiq edir ki, Azərbaycan poeziyası çox zəngin ənənələrə malik olan bir sənət çeşməsidir.

XIX-XX əsrlərdə yaranan Azərbaycan poeziyasında daha çox milli məfkurə ön planda olmuş, şairlər bu istiqamətdə dəyərli nümunələr yaratmışlar. Bu dövr Azərbaycan poeziya sənətində Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza, İslam Səfərli kimi görkəmli şairlər öz dəst-xətti ilə seçilir. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra yazıçı və şairlərimizin də poetik düşüncə dairəsi genişlənmiş, mövzu müxtəlifliyi artmış, bədii fikrin nadir hadisəsi olan poeziya xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş, inkişafın yeni mərhələsinə yüksəlmişdir. Şairlərimizin yaradıcılığında xalqımızın duyğu və düşüncələri, azadlıq arzuları, söz və fikir azadlığı, milli istiqlal uğrunda savaş, insanın mənəvi azadlığı, azad düşüncə, xalqın oyanışı kimi bir sıra mühüm məsələlər öz poetik əksini tapmışdır.
Ədəbiyyatımıza böyük diqqət və qayğı göstərən ümummilli liderimiz Heydər Əliyev həm klassik ədəbiyyatımızı, həm də müasir ədəbiyyatımızı həmişə eyni məhəbbətlə təbliğ etməkdən yorulmurdu. “Azərbaycan poeziyası, bədii ədəbiyyatı uzaq keçmişə, dərin köklərə bağlıdır. Onun tarixi xalqın bədii şüurunun yaranması və inkişafı tarixidir”, – deyən ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq klassik və müasir şairlərimizin yubileylərinin keçirilməsinə, onların əzəmətli heykəllərinin ucaldılmasına, əsərlərinin çap olunmasına, xarici dillərə tərcümə edilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. Həmin dövrdə Azərbaycanda ədəbiyyat günlərinin, Azərbaycan şairlərinin Moskvada yubileylərinin keçirilməsi, şair və yazıçılarımızın Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, SSRİ-nin nüfuzlu dövlət mükafatlarına layiq görülmələri bunu bir daha təsdiq edir. Ədəbiyyatımıza, poeziya sənətinə göstərilən bu qayğı ölkəmiz müstəqillik qazandıqdan və ulu öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da davam etdirilmişdir. Bu gün ölkə başçısı cənab İlham Əliyev ədəbiyyatın inkişafına xüsusi qayğı göstərir. Son illər onlarla görkəmli şair və yazıçının yubileyləri dövlət səviyyəsində qeyd edilmiş, əsərləri yüksək tirajlarla çap olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Yazıçılar Birliyinin 80-ə yaxın üzvü yaşayıb-yaradır. Şair və yazıçılarımız həmişə böyük diqqət və qayğı ilə əhatə olunub. Son 8 ildə şair və yazıçılarımızın, filoloq alimlərimizin 500-dən artıq kitabı nəşr olunmuş, 12 ədəbi almanax oxucuların ixtiyarına verilmişdir. Bu almanaxlar içərisində “Dünyanın bəzəyi”, “Dostlar töhfəsi”, “Uşaqlar və Günəş”, “Naxçıvanın şeir çələngi”, “Təmsillər”, “Şeirlər və hekayələr”, “Poema və pyeslər”, eyni zamanda şair və yazıçılarımızın dünya ədəbiyyatından etdiyi tərcümələrdən ibarət “Dünyaya pəncərə” adlı 3 kitab oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Muxtar respublikamızda yaşayıb-yaradan şair və yazıçılarımıza dövlətimiz tərəfindən həmişə yüksək diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir. Şair və yazıçılarımız orden və medallara, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, Prezident mükafatına layiq görülmüşlər. Muxtar respublikamızda Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş 22 şair və yazıçı vardır.
Bu gün qədim diyarımızda yaşayıb-yaradan şair və yazıçılarımız çalışırlar ki, onlara göstərilən yüksək diqqət və qayğı müqabilində daha gözəl bədii əsərlər yaratsınlar. Son illərdə yazılan şeir və poemalar, nəsr əsərləri onu göstərir ki, Naxçıvanın müasir inkişafı və qədim tarixi, həyata keçirilən böyük abadlıq və quruculuq işləri, qədim diyarımızın gözəlliyi şair və yazıçılarımızın əsərlərində böyük sevgi ilə tərənnüm olunmaqdadır.
Əsl ədəbiyyat təkcə onu yaradan xalqın deyil, bütün bəşəriyyətin, bütün xalqların milli sərvətidir. Gözəl bədii əsərlərdən bütün insanlar faydalanır. Muxtar respublika şairləri bu amili əsas götürərək daha gözəl əsərlər yaradacaq, Azərbaycan poeziya sənətinin inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikasının
Yazıçılar Birliyi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR