23 Dekabr 2024, Bazar ertəsi

Neçə illərdir ki, müstəqil Azərbaycan dövlətinin rəsmi bayramları sırasına daxil olan, doğma xalqımızın ən qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə yaşadan, milli təfəkkürümüzün ayrılmaz hissəsinə çevrilən Novruz bayramı Azərbaycanın hər bir bölgəsində özünəməxsus şəkildə qeyd olunur. Bu baxımdan  Ordubad rayonunda  keçirilən Novruz bayramı bir sıra xüsusiyyətləri ilə diqqəti çəkir. 

Burada bayrama hazırlıq hələ fevral ayından, elə ilk çərşənbədən başlayır. Çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Axır çərşənbə olan od çərşənbəsi Novruzun ən yüksək məqamıdır. Bu gün o qədər şən keçməlidir ki, il insanlar üçün uğurlu və sevincli olsun. Həmin gün əhalinin çox hissəsi ən gözəl libaslarını geyinərək şəhərin mərkəzində yerləşən bazara üz tutur.
Ordubadda ilaxır çərşənbəsi “Yeddiləvin” adlanır. Bu gün də ordubadlılar şəhərin qonaqlarını mütləq təəccübləndirməyə çalışırlar. Əvvəllər meydanlardan birində zurnanın müşayiəti ilə şən oyunlar və rəqslər təşkil olunardı. Başqa meydanda dərviş nəğməsi səslənərdi. Çayxanada sazandalar saz çalar, aşıqlar oxuyardılar. Bəzən başqa rayonlardan gəlmiş kəndirbazlar da məharətlərini nümayiş etdirərdilər. Çıxışlar, adətən, gündüzlər təşkil olunurdu.

Ordubadda Novruzun ən çox sevilən ərəfəsi məhz “Yeddiləvin”lə əlaqəlidir. “Yeddiləvin günü” süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır. Bəzi yerlərdə “yeddiləvin”ə “yeddisin” də deyirlər. “Yeddiləvin axşamı” tonqallar qalanır. Əhalinin bayram sevincini ifadə edən ən möhtəşəm tonqal dağların uca nöqtəsində yandırılır. Hamının bir-birinə bu barədə ilk sualı belə olur: “Görəsən, Bəlkədə tonqal qalanıbmı?” Bəlkə dağında tonqalın qalanması hamının bayram sevincini birə-beş artırır. Daha sonra Novruzun qədəm qoyduğu gün səbirsizliklə gözlənilir. Martın 21-dən etibarən əhalinin bayram görüşləri başlayır. Bayram görüşlərinin əsas məqsədi insanların bir-birini yad etməsidir. Əvvəlcə ev sakinləri bayramın ilk günü sübh tezdən oyanaraq evin böyüklərini təbrik edirlər.
Martın 21, 22, 23-də Ordubad şəhərində, eləcə də Nüsnüs, Vənənd, Düylün, Əylis və başqa kəndlərdə “Xanbəzəmə” oyunu təşkil olunur. Şəhərin “Sərşəhər” deyilən meydanında Xan bəzədilir. İndi isə bu mərasim həm də şəhərin Mingis meydanında həyata keçirilir. Bir nəfər qaraqabaq adamı xan kimi bəzəyib taxt-taca əyləşdirirlər. Xan meydana at üstündə daxil olur. Ətrafındakı vəzir, vəkil onu qoruyur. İki nəfər yelpiklə xanı yelləyir. Təlxəklər onu güldürməyə çalışırlar. Oyunun şərtinə əsasən, xan təlxəklərin hərəkətlərinə gülməməlidir. Əgər gülərsə, meydanda və ya mərasimin təşkil olunduğu yerdə mövcud olan hovuzda camaat onu suya basır. Üç gün ərzində bütün göstərilən məzəli hərəkətlərə dodağı belə qaçmayan “xan” rolunu icra edən şəxs xalq tərəfindən mükafatlandırılır.
Vənənd kəndində də bayram günlərində meydan tamaşaları üç gün keçirilir. Üçüncü gün müxtəlif yaşlı insanlar təkayaq, cütayaq yallısı oynayırlar. Sonra cavanlar güləşirlər. Sonda isə cavanlar “Çöpüdüm” yallısı gedirlər. Dəstəbaşı əlinə vən çubuğu alır ki, kimisə vuranda ağrıtsın. Axırda dəstə başçıları üz-üzə dayanır, hər iki dəstənin üzvləri gəlib onların arasından oynaya-oynaya keçirlər.
Bu bayramda ən çox xoşagələn, uşaqların və böyüklərin sevdiyi nemətlərdən biri də boyanmış yumurtadır. İnama görə, hər bir evdə yumurta boyanmalıdır. Boyanmış yumurtalardan evin hər bir sakini yeməlidir, həm də axıra kimi, yəni hamısını. Yumurtanı tam yemək lazımdır, yarımçıq saxlamaq olmaz. Bu, bağrıbütövlük deməkdir. Yəni bağrıbütöv olan insan ömürboyu böyük dərdlərlə rastlaşmaz, həyatdan kəsiri olmaz, əzizlərinin ağrı-acısını yaşamaz. Bayram görüşünə gedən hər kəs, əgər evdə balaca uşaq varsa, mütləq əlində boyanmış yumurta aparmalıdır.
Novruz bayramında yumurta bəzəmə adətini xalq bir rəvayətə bağlayır: “Uzun illər bundan əvvəl mart ayının 21, 22, 23-nü padşah nəyisə bayram etmək istəyir. Əmr verilir ki, martın 21, 22, 23-ü hamı əlində bir şey götürüb padşahı ziyarətə getsin. Amma padşah bu bayramın adını tapa bilmirdi. Bir nəfər kasıb kişi olur. Onun evdə heç nəyi olmur. O, üç ədəd qırmızı boyanmış yumurta götürüb padşahın yanına gedir və padşaha deyir:
– Padşah sağ olsun, mənim evdə heç nəyim yox idi. Ona görə də sizə üç ədəd yumurta boyayıb gətirmişəm.
Padşahın bu kişidən çox xoşu gəlir və fikirləşir ki, kişinin adını soruşub bayrama bu adı qoymaq lazımdır. Padşah kişidən adını soruşur. Kişi cavab verir ki, adı Novruzdur. Padşah da bu bayramın adını Novruz qoyur və qırmızı yumurta da o zamandan dəbə düşür”.
Novruz bayramında yumurta oyunlarının böyük maraq doğurduğu məlumdur. Ordubadda bu bayramda yaşına baxmayaraq insanlar bu oyunu indi də yaşadırlar. Yumurta döyüşdürmə bir neçə formadadır. Tək-tək döyüşdürəndə bəzən dişə vurub yumurtanın bərkliyini-boşluğunu yoxlayırlar. Buna “dadışmaq” deyirlər. Sonra kimin yumurtanı əlində və necə saxlayacağı, kimin isə üstdən və necə vuracağı razılaşılır. Kimin yumurtası qırılarsa, o, uduzmuş olur və sınıq yumurtanı qalib gələnə verir. Başqa bir halda, 4-5 nəfər yumurtaları bir uşağın ətəyinə yığır. Yumurtalar qarışır. Bəxtəbəxt hərə bir yumurta götürüb döyüşdürür. Kim əlindəki yumurta ilə digər yumurtaları çox qırarsa, o, qalib olur. Buna “ətəyə atmaq” deyirlər. Yumurta çox olduqda onları sıra ilə düzür və bir tərəfdən götürüb döyüşdürürlər. Axırıncı yumurtanı sındıran sıradakı yumurtaların hamısını udmuş olur. Buna “qatara qoymaq” deyirlər. “Hol qoymaq” da maraqlı oyundur. Nisbətən maili yer seçilir, yumurtaları sıra ilə düzüb qabağına çöp qoyurlar. Çöpü götürdükdə yumurtalar dığırlanır. Kimin yumurtası daha uzağa dığırlansa, o, qalib sayılır və sıradakı yumurtaların hamısını udmuş olur.
Ordubadda yazın ən qorxulu ərəfəsinə “Şeşəqovan” deyirlər. Ərazidəki inama əsasən, bayramdan 36 gün keçənə qədər mal-qara üçün qorxuludur. Gərək ehtiyat yem olsun. Havaların istiləşməsinə etibar etməyən xalqın fikrində bu inam da özünə yer almışdır: “Bayramdan sonra 40 kötük yanar”. Yəni evdəki yanacağa da qənaət etmək lazımdır.
Bayramdan sonrakı adətlərdən biri də bayram vaxtı göyərdilmiş səmənilərin axar sulara atılmasıdır. İnanırlar ki, səməni axar suya atılarsa, ruzi-bərəkətləri ilboyu bol olacaq.
Ordubadın Dırnıs kəndində Novruz bayramının 13-cü günündə belə bir adət icra olunur. Mərasim “Novruzun on üçü” adlanır. Novruzdan sonra bitkini, təbiəti, taxılı və çörəyi simvolizə edən səməninin axar suya atılması da ilk məhsulun hami ruhlara qurban verilmə şəkillərindən biridir. Ordubadda bu hami ruhlar “əyə” adlanır (Ordubad dialektinə məxsus “əyə” sözü – yiyə, sahib anlamındadır). Yəni bu mərasimi “su əyəsinə qurbanvermə” mərasimi kimi də xarakterizə etmək olar.

Aytən CƏFƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR