23 Dekabr 2024, Bazar ertəsi

Bəşəriyyətin təkamül prosesinin nəticəsi hesab edilən adət-ənənələr, milli-mənəvi dəyərlər, xüsusən bayramlar bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi qiymətləndirilib. Çünki bütün bunlar bir xalqın tarixi inkişaf yolunu, onun həyat tərzini, dünyagörüşünü ifadə edir. Elə buna görə də bəşər tarixinin müxtəlif dövrlərində bu məsələlər dünya alimlərinin diqqət mərkəzində olub. Platon, Demokrit, Epikur, Didro, Sokrat və başqaları öz əsərlərində adət və ənənələr haqqında maraqlı fikirlər qeyd ediblər.
Bir xalqın inkişaf etməsində və formalaşmasında adət-ənənələrin müstəsna rola malik olduğunu vurğulayan qədim yunan filosofları daim bu adətlərin təbliğ olunmasını vacib sayıblar. Bunun mahiyyəti ondan ibarətdir ki, milli adət-ənənələr insanların dünyagörüşünə və onların əxlaqına, mənəvi dünyasının zənginləşməsinə, Vətənə, torpağa, xalqa bağlılıq hisslərinin daha da güclənməsinə müsbət təsir göstərir.
Adət-ənənələr, mənəvi dəyərlərimiz bu gün daha çox ictimai rəyə əsaslanan yazılmamış, necə deyərlər, ünsiyyət qanunları kimi mövcuddur. Adət-ənənə ilə əxlaqi keyfiyyətlər arasında qırılmaz bağlılıq var. Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərin pozulmasına, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çünki milli-mənəvi dəyərlər xalqın milli, estetik ruhunu, duyumunu, sənətkarlıq qüdrətini özündə yaşadır. Hazırda bu dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib.

Sürətlə qloballaşan müasir dünyada ən aktual problemlərdən biri qloballaşma prosesi ilə milli adət-ənənələr arasında optimal nisbətin tapılmasıdır. Çünki qloballaşma prosesi elmin, texnikanın, texnologiyanın inkişafı və mənimsənilməsi ilə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərin aşınmasına da sarsıdıcı təsirlərini göstərir. Bu gün gənc nəslin mobil telefonlara aludəçiliyi, hətta avtomobil yolunu keçərkən də bir gözünün, daha doğrusu, iki gözünün mobil telefonda olması hər birimizin müşahidə etdiyi haldır. Həmin telefonlarda olan müxtəlif proqramlardan, həmçinin sosial şəbəkələrdən düşüncəsizcə istifadə nəticəsində bu gün ailə üzvləri arasında ünsiyyətin kəskin şəkildə azalması əxlaqi və milli-mənəvi dəyərlərimiz üçün böyük təhlükədir. İstənilən halda biz qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq qalmalıyıq. Çünki dünya təcrübəsindən də görürük ki, hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstündür. Belə bir şəraitdə məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənələri saxlamaq, hansı yöndə isə yenilikləri qəbul edib tətbiqinə nail olmaq düşünülmüş konsepsiya tələb edir.
Bu məqamda milli adət-ənənələrimizin, bayramlarımızın əhəmiyyəti bir daha artır. Ona görə ki, bayramlar insanın mənəvi aləminin zənginləşməsinə, dünyagörüşünün formalaşmasına, insanda əxlaqi dəyərlərin inkişaf etməsinə daim müsbət təsir göstərib. Hazırda xalqımızın qeyd etdiyi bayramlardan heç birini ənənələrinə görə Novruz bayramı ilə müqayisə etmək mümkün deyildir. Novruz bayramı baharın gəlişi, təbiətin oyanması, insan ruhunun paklanması və mənəvi cəhətdən təmizlənməsi ilə əlaqədar bir bayramdır. Bu bayramda küsülülər barışmalı, qohumlar bir-birini ziyarət etməli, dostluq münasibətləri qorunub saxlanılmalıdır. Kimsəsizə, fəqirə, kasıba yardım edilməli, insanlara sevgi, qayğı göstərilməlidir. Bu cür bayramlar insanın mənəvi aləmini inkişaf etdirərək insana humanizmi, ədaləti, adət-ənənələrə bağlılığı aşılayır.
Bu qədim el bayramı öz təravətini, gözəlliyini bu gün də saxlayır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir. Bayramın mahiyyəti quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, Türkiyədə, və Orta Asiya ölkələrində bahar bayramı kimi qeyd edilir.
Adət-ənənələrimizə görə, Novruz, ilk növbədə, yeni ilin gəlişi, dünyanın və insanın yaradılış bayramı kimi qeyd olunur. Onun xalqları, dinləri, qitələri əhatə edən kulturoloji-fəlsəfi əzəmətinin, milli böyüklüyünün əsasında varlıq aləminin yaradılışı haqqında ilkin mifoloji konsepsiya dayanır. Bu cəhətdən Novruz bayramı milli fəlsəfəsinə, kosmik mahiyyətinə görə insan və onun dünyasının yaradılış mexanizmi, cəmiyyətin inkişaf və təkamülünün nəticəsidir. Bu mənada, bizim milli və tarixi nailiyyətimiz ondan ibarətdir ki, müstəqil ölkə kimi bu gün ümumxalq bayramı olan Novruzu dövlət səviyyəsində qeyd edirik. Bu gün Novruza bizim müqəddəs milli irsimiz kimi yeni həyat verilib. Ona milli varlığımızın qorunma vasitəsi kimi daim diqqət yetirilir. Bu yanaşma çağdaş dövlətimizin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR