Naxçıvan Dövlət Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Universitetin həyətində tonqal alovlandırılıb, tələbələr tonqal ətrafında “Yallı” rəqsini ifa ediblər. “Kosa-kosa” oyunu, yumurta döyüşü nümayiş olunub.
Akt zalında davam etdirilən tədbirdə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllim və tələbələri Novruz bayramı münasibətilə təbrik edib. Vurğulanıb ki, Novruz bayramının tarixi kökləri çox qədimə dayanır və ölkəmizin bütün bölgələrində böyük təntənə ilə qeyd olunur. Novruz bayramının mənşəyi, astroloji mənası, bütün türk xalqlarının ümumi bayramı olması ilə bağlı ətraflı məlumat verən rektor diqqətə çatdırıb ki, Sovet imperiyası zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında qorunub saxlanılıb, müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Çoxəsrlik tarixə malik, xalqımızın günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi Novruz bayramı özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, təbiətin füsunkar gözəlliklərini, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir.
Bayram tədbirində Novruz adət-ənənələri, universitetin xarici tələbələrinin də qoşulduğu yallılar, həmçinin ifa olunan müxtəlif musiqi nömrələri tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi bəxş edib.
Mina QASIMOVA