23 Dekabr 2024, Bazar ertəsi

Mühit deyəndə, sözün geniş mənasında, təbii, ekoloji, iqtisadi, mədəni, mənəvi, siyasi, elmi, ədəbi atmosfer başa düşülür. Ədəbi mühit isə bütövlükdə bu atmosferin tərkib hissəsi olmaqla, cəmiyyət həyatının mənəvi dünyasının məcmusudur. Bu mənəvi dünyanın özünümüdafiəsi bədii və publisistik əsərlər, ədəbi yığıncaq, məclis, dərnək və sair kimi vasitələrlə həyata keçir. Məktəb və maarif sahəsində görülən işlər də ədəbi mühitlə müəyyən dərəcədə bağlıdır. Ədəbi mühit konkret zaman və məkan çərçivəsində xalqın milli-mədəni təfəkkür, düşüncə və dünyaya baxışının ictimai-bədii ifadəsini özündə əks etdirir. Naxçıvan ədəbi mühiti də qədim və zəngin ədəbi ənənələrə malikdir. Xalqının taleyini, gələcəyini özünün taleyi və gələcəyi hesab edən Mirzə Cəlil, dağına, daşına, Vətəninin əzəmətinə şeirlər qoşan Məmməd Araz, gur bulaqların zümzüməsinə zümzümə qatan İslam Səfərli yurdu Naxçıvan ədəbi mühiti bəs indi hansı səviyyədədir? Bu barədə həmsöhbətimiz Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigardır. 

– Asim müəllim, Naxçıvanın bugünkü ədəbi mühiti barədə nə deyə bilərsiniz?
– İlk növbədə qeyd edim ki, Naxçıvanda ədəbi mühit həmişə fəal olub, qaynar olub. Ayrı-ayrı dövrlərdə bir sıra görkəmli yazıçılar Naxçıvanda işləmiş, ədəbi mühitimizin formalaşmasına öz köməklərini göstərmişlər. Ötən əsrin əllinci illərində, daha dəqiq desək, 1958-ci ildə Naxçıvanda Azərbaycan Yazıçılar Birliyinin səyyar plenumu keçirilmişdir. Həmin plenumun da məqsədi Naxçıvan ədəbi mühitinin canlandırılması idi. O vaxt bir sıra şair və yazıçılar yenidən Azərbaycan Yazıçılar Birliyinə (həmin dövrdə SSRİ Yazıçılar Birliyi adlanırdı) qəbul olundu. Onlardan Hüseyn Razi, Əliyar Yusifli, Əhməd Mahmud, Kəmalə Ağayevanın adını qeyd edə bilərik. Beləliklə, ədəbi mühitin formalaşması üçün bir növü zəmin yaradıldı.

Ötən əsrin 70-80-ci illərində Naxçıvanda SSRİ Yazıçılar Birliyinin əvvəlcə 13, sonra isə 19 üzvü vardı. Azərbaycan müstəqillik qazan­dıqdan sonra, 1998-ci ildə Naxçıvan Yazıçılar Birliyi müstəqil bir təşkilata çevrildi. Həmin dövrdə birliyə daxil olan üzvlərin də sayı artdı. 2007-ci ildə artıq onların sayı 62 nəfərə çatmışdı. Bu gün isə 80 nəfərə yaxın üzvümüz var. Onu da qeyd edim ki, ədəbi mühiti ayrı-ayrı şair və yazıçıların fərd halında yaradıcılığı deyil, yazıb-yaradan şair, yazıçı, filoloq alimlərimizin birlikdə yaradıcılığı formalaşdırır ki, bu baxımdan bu gün Naxçıvanda yaşayıb-yaradan şair və yazıçıların heç də hamısından razı deyilik.
– Ədəbi mühitdə durğunluq hiss edilir. Bu, nə ilə bağlıdır?
– Bu, bir az qəribə səslənir, çünki Azərbaycan mətbuatına nəzər salsanız görərsiniz ki, son vaxtlar bizim yazıçılardan Nərgiz İsmayılovanın, şairlərdən isə Elxan Yurdoğlunun, Gülsadə İbrahimlinin əsərləri tez-tez dərc olunur. Bu, onu göstərir ki, adlarını çəkdiyim gənclər ədəbi mühitdə qəbul olunur. Son zamanlar Nərgiz İsmayılovanın “Ədəbiyyat” qəzetində çap olunan “Əcəmi”, “Günahkar idi yarpaqlar”, “Gilənar rəngi”nə boyanan ovuclar”, “Ulduz” jurnalında “Kölgə” hekayələri, Elxan Yurdoğlunun “Unutdum bir-bir hamını”, “Susmağın dağ havası”, “Yağışdan sonrakı torpaq iyi” və sair kimi şeirləri oxucular tərəfindən maraqla qarşı­lanıb. Bu, bir daha sübut edir ki ədəbi mühitimiz durğun deyil, burada yazıb-yaradan gənc­lərimiz var.
– Tərcümə böyük coğrafi məkanda, ölkələr və xalqlar arasında, həm də keçmişlə bu gün arasında əsas ünsiyyət vasitəsidir, gediş-gəlişi təmin edən körpüdür. Bu gün ədəbi mühitimizdə tərcümə ilə məşğul olanlar, xaricdə əsərləri çap olunan yazıçı və şairlərimiz varmı?
– 2012-ci il oktyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tövsiyə etdi ki, Naxçıvan Yazıçılar Birliyində Tərcümə Mərkəzi yaradılsın. Biz bu mərkəzi yaratdıq və mərkəzin 3 tərcümə əsəri 2014-cü ildə çap olundu. Həmin kitablara dramlar, şeirlər, hekayələr daxil edilib. Qarşıdakı aylarda da tərcümələrlə oxucuların görüşünə gələcəyik. Mənim üçün sevindirici haldır ki, bizim şairlərimiz, yazıçılarımız qardaş türkiyəli müəlliflərin də əsərlərini dilimizə uyğunlaşdırırlar, tərcümə edirlər. Bunlardan Hüseyn Əsgər­ovun Əziz Nesindən etdiyi tərcümələri, mərhum Vaqif Məmməd­ovun tərcümə etdiyi şeirləri, Elxan Yurdoğlu və Nərgiz İsmayıl­ovanın tərcümə etdiyi Kahraman Tazeoğlunun “Bukre” kitabının adını qeyd etmək istərdim.
Son illərdə bir çox yazıçımızın, şairimizin, alimlərimizin əsərləri xaricdə çap olunub. Akademik İsa Həbibbəylinin əsərləri Amerikada, Misirdə, Pakistanda, Ukraynada, Rusiyada çap edilib. Həmid Arzulunun “Qırıq ayna”sı Türkiyədə, Şamil Zamanın, Xanəli Kərimlinin şeirləri, Hüseyn Bağıroğlunun “Mən çiynimdən yerə qoydum dünyanı” kitabı İranda, Zeynəb Naxçıvanlının kitabı, Vaqif Məmmədovun şeirləri Türkiyədə işıq üzü görüb. Həmçinin Şamil Zamanın “Naxçıvanın şeir çələngi” adlı 700 səhifəlik kitabı fransız dilində oxuculara təqdim edilib. Bu kitabda 53 naxçıvanlı şair və yazıçının əsəri vardır. İsa Həbibbəyli həmin kitaba “Naxçıvanın poetik çələngi” adlı ön söz yazıb. “XI-XXI əsr Azərbaycan poeziya almanaxı”nı da Şamil Zaman fransız dilinə tərcümə edib. Burada da 15-ə yaxın naxçıvanlı müəllifin əsərləri işıq üzü görüb.
Mən arzu edirəm ki, gənclərimiz tərcümə sahəsinə fikir versinlər. Müxtəlif dilləri bilən gənc­lərimiz də bu işə cəlb olunsun.
– Siz müsahibələrinizdə Naxçıvan Yazıçılar Birliyinin hərtərəfli qayğı ilə əhatə olunduğunu dəfələrlə bildirmisiniz. Bəs Yazıçılar Birliyinin ədəbi mühitin genişləndirilməsi istiqamətindəki fəaliyyəti necədir?
– Naxçıvan Yazıçılar Birliyinin sədri kimi bir məsələni diqqətinizə çatdırım ki, birliyin qapıları hər bir yaradıcı insan üçün həmişə açıqdır və çalışırıq ki, qələm tutan gəncliyi Naxçıvan Yazıçılar Birliyinə cəlb edək. Hər bazar günü biz maraqlı ədəbi mövzularda dərnəklər təşkil edirik. Ayda bir dəfə “Gənclər günü”, ayda iki dəfə “Anamın kitabı” adlı ədəbi dərnəklər də bu sıraya daxildir. Mən 20-dək gənc sadalayaram ki, onlar ədəbi mühitə son illərdə gəliblər və ümid vəd edirlər. Qafar Qərib, Elxan Yurdoğlu, Zaur Vedili hardasa gəncliyin sərhədlərini aşmaq üzrədirlər, amma bununla birlikdə qeyd edim ki, Rahil Tahirli, Qanun Ümman, Tural Atəş, Gülsadə İbrahimli, Tacirə Dünya, Gülşən Azəri, Aytəkin Dərya, Mövlan Əlioğlu, Humay Nur və başqalarının son illərdə dərc olunan şeirləri və hekayələri ədəbi mühitə yeni səslərin gəldiyindən soraq verir.
– Siz qeyd etdiniz ki, Naxçıvanda nəsrlə məşğul olanlarımız var. Amma şeirlə müqayisədə bu, çox azdır. Mirzə Cəlil, Məmməd Səid Ordubadi, Hüseyn İbrahimov yurdu olan Naxçıvanda bu gün nəsrin vəziyyəti niyə belədir?
– Əslində, bu gün Naxçıvanda nəsrlə məşğul olan yazıçıların əsərləri getdikcə artır. Əvvəllər Hüseyn İbrahimovun, Güllü Məmməd­ovanın, Rafiq Babayevin, Həmid Arzulunun hekayə və povestləri çap olunardı. Son vaxtlar bir çox yazıçılar da ortaya çıxdılar. Mən burada Rasim Gənzəlinin adını qeyd edərdim. O, bu günədək 5 romanını çap etdirib. Amma o əsərlərə kitab evlərində rast gəlinmir, geniş şəkildə oxuculara çatmır. Naxçıvanda naxçıvanlı müəlliflərin əsərləri tapılmır. Dilsuz Dünyamalıyevin, Əbülfəz Əsgərlinin, Sona Teymurbəylinin adlarını qeyd etmək istərdim ki, onların da nəsr əsərləri çap olunub və maraqla da qarşılanıb. Həmid Arzulunun “Qaçaq Quşdan”, “Qırıq ayna” əsərləri də sevilərək oxunub. Hərdən müxtəlif şairlərin nəsrə meyil etməsini müşahidə edirik. Ancaq nədənsə gənclər arasında nəsrlə yazanlar çox azdır. Nərgiz İsmayıl­ovanın, Tural Həsənlinin, Fərid Rəfibəylinin, Günay Məmmədovanın qələmlərini nəsrdə sınamaları təqdirolunasıdır.
Bu gün, həqiqətən də, Naxçıvanda formalaşan bir ədəbi mühitimiz var. Onu da təəssüf hissi ilə qeyd edim ki, mühitimizdə yazan bir çox yazıçını, şairi cəmiyyətimiz tanımır. Düşünürük ki, bu, bizdə tanıtımın, imza günlərinin az olması ilə də əlaqədardır. Çünki Bakıda ədəbi mühitin tanıdılması istiqamətində böyük addımlar atılır. Son vaxtlar Elxan Yurdoğlunun, Tural Həsənlinin, Qafar Qəribin və Gülsadə İbrahimlinin kitablarının təqdimetmə mərasimləri və imza günləri təşkil edildi. Artıq Naxçıvanda da bizim yazıçıların və şairlərin oxucuları çoxalıb. Bu isə sevindirici haldır. Ona görə də bu barədə düşünməyin vaxtıdır.
Müsahibə üçün sağ olun.

Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR