23 Dekabr 2024, Bazar ertəsi

Hələ qədim dövrlərdən barama, ipək Azərbaycan torpağının sərvəti olub. Məlumdur ki, Böyük İpək Yolu vasitəsilə iki min il bundan əvvəl baramaqurdu Çin ölkəsindən Mərkəzi Asiyaya, oradan İrana, sonra da Azərbaycana gətirilib. Ərəblər Şərqdə Hindistan, Çin, Qərbdə İspaniya olmaqla geniş əraziyə hakimlik etdikləri dövrdə ipəkçilik təsərrüfatının sürətlə yayılmasında böyük rol oynayıblar. Bəzi ədəbiyyatlarda Cənubi Qafqazda, o cümlədən də Azərbaycanda ipəkçiliyin yayılması tarixi VI-VII əsrlər göstərilir. Lakin mənbələrin məlumatına görə, eramızın III-IV əsrlərində Azərbaycanda ipəkçiliklə məşğul olunub. 

Qeyd etmək lazımdır ki, orta əsrlər dövründə ipəyi qızıla bərabər tutublar. Məsələn, monqolların Azərbaycana gəlişi dövründə tərəzinin bir gözünə ipək, digərinə isə qızıl qoyulurmuş. Hətta tarixin yaddaşında belə bir fakt qalır ki, monqollar ilk dəfə Azərbaycana gələndə gəncəlilər onları başlarından etmək üçün çoxlu daş-qaş versələr də, əl çəkməyiblər, yalnız xeyli ipək alandan sonra çıxıb gediblər.

İpəkçilik bir təsərrüfat sahəsi kimi ölkəmizin müxtəlif bölgələrində inkişaf etdirilib, Naxçıvanın kənd təsərrüfatında da vacib sahələrdən birinə çevrilib. Regionda ipəkçiliyin əsas mərkəzi Ordubad sayılırdı. İpəkçilik əhalinin təsərrüfat məşğuliyyəti olmaqla yanaşı, həm də həyat və güzəranı üçün gəlirli sahəyə çevrilmişdi. XVI əsrdən etibarən Azərbaycan Yaxın Şərqin böyük ipəkçilik zonası, Ordubad isə Azərbaycanın əsas ipəkçilik bölgələrindən biri idi. Ordubad ipəyi hələ XVI əsrin ikinci yarısında Avropaya ixrac olunurdu. Ordubad Şərq ölkələrini Avropa ilə birləşdirən Böyük İpək Yolunun üstündə yerləşdiyindən burada ticarətin və sənətkarlığın, xüsusən də ipəkçiliyin inkişafı üçün əlverişli şərait var idi. Ordubad həm ipəkqurdunun yetişdirilməsi, həm də ipək parçanın istehsal edilməsi üzrə əsas mərkəzlərdən sayılırdı. Ordubadda Naxçıvan şəhərindən fərqli olaraq qadınlar ev şəraitində ipək parça toxuyur və ipək saplar hazırlayırdılar. Burada çoxlu su tələb edən iki ipəksarıma emalatxanası da fəaliyyət göstərir, basmanaxışlı parçalar istehsal edilirdi.
Vaxtilə Naxçıvana səyahət etmiş səyyahların yazılarından məlum olur ki, o dövrdə yerli əhali həm daxili, həm də xarici bazarlar üçün yüksəkkeyfiyyətli ipəkdən müxtəlif parçalar, xalça, cecim və sair sənət nümunələri toxuyurdular. İpək və atlaz parçalardan tikilmiş paltarlar, geyimlər Naxçıvan əhalisi üçün xarakterik idi. İpəkdən hazırlanmış qadın baş örtükləri içərisində kəlağayı, müxtəlif örpəklər, örtüklər xüsusilə geniş yayılmışdı. Bölgə ərazisində Ordubad şəhəri ilə yanaşı, Culfa və Əylis də ipək ixracatında əsas mərkəzlərdən sayılırdı. Ticarət karvanlarına xidmət etmək üçün Culfada iri ipək anbarları yaradılmışdı və buraya Azərbaycanın hər yerindən, o cümlədən Ordubaddan, Əylisdən, Vənənddən xam ipək gətirilirdi.
Naxçıvanda ipəkçiliyin inkişafı milli geyim mədəniyyətinin formalaşmasında da mühüm rol oynayıb. Azərbaycanda ən geniş yayılmış ipək məmulatlarından qanovuz, atlaz, tafta, darayı, kəlağayı öz bədiiliyi və yüksəkkeyfiyyətliliyinə görə şöhrət qazanıb. Geyim materialları içərisində yun və ipək parçalar əsas yer tuturdu. Naxçıvan-Ordubad zonasında qadınlar tuman geyirdilər ki, həmin tumanlar müxtəlif ölçülərdə (5-12 taxta) naxışlı ipək və ya yun parçalardan tikilirdi. Həmçinin o dövrdə bəzi şəhərlərdə qadınlar küçəyə çıxarkən çaxcur geyinir və çarşaba bürünürdülər. Çaxcur və çarşablar, əsasən, müxtəlifçeşidli ipək parçalardan hazırlanırdı. Kişilər ən çox çərkəzi çuxa geyinirdilər ki, şiş və ya dairəvi uclu əlcəkli qondarma qolunun astarı ipək parçadan tikilirdi. O dövrdə tirmə və ipək parçalardan hazırlanan üzəri əksər hallarda güləbətin tikməli araqçınlar çox geniş yayılmışdı. Həmçinin corablar ipək və yun saplardan toxunurdu.
İpəkçilikdən danışarkən bədii tikmə sənətində istifadə olunan ipək sapların da xüsusi yeri olduğunu qeyd etmək lazımdır. Tikmə sənəti ilə məşğul olan ustalar yerli təbii boyalarla rənglənmiş ipək saplardan haşiyə bəzəklərində, pərdələrin, ayna örtüklərinin, yelpiklərin hazırlanmasında, nəhəng çadırların bəzədilməsində istifadə ediblər. “Doldurma”, “qıvırcıq”, “iynə arxası” adı ilə tanınan bədii tikmə nümunələrində rəngli ipək saplardan istifadə olunub. İpək və ipək məmulatından təkcə parça kimi deyil, eləcə də rabitədə, tibdə, musiqi alətlərinin və digər bir çox sənətkarlıq məhsullarının hazırlanmasında geniş istifadə olunub. Məsələn, sazın pərdələri qoyun bağırsağından çəkilir və zərif ipək saplardan düzəldilirdi. Həmçinin musiqi aləti olan rübabın, bərbətin, cəngin, qanunun, udun telləri ipək sapdan düzəldilib.
Uzun əsrlər boyu xalqımızın rifahının və şan-şöhrətinin artmasına xidmət etmiş ipəkçilik faydalı məşğuliyyət sahəsi olmaqla yanaşı, həm də qədim tariximizin və mədəni irsimizin maddi daşıyıcılarından biridir.

Sara HАCIYEVА
АMEА Nахçıvаn Bölməsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR