23 Dekabr 2024, Bazar ertəsi

Xalq təqvimindəki boz ayın dörd çərşənbəsi müqəddəs sayılmış və təbiətin dəyişməsində dörd ünsür – su, yel, torpaq və od mühüm rol oynamışdır. Xalq yaradıcılığında bu ayın dörd çərşənbəsinin hər biri ilə bağlı müxtəlif ayin, etiqad, inanc və mərasimlər mövcuddur. Boz ayın dördüncü çərşənbəsi od çərşənbəsidir. Od çərşənbəsi əski görüşlərlə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma, od kultu ilə əlaqəli yaranmışdır. Hələ çox-çox əvvəllər insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi odu təsəvvürlərində müqəddəsləşdirmişlər. Əski zamanlarda insanlarda belə bir inam yaranmışdır ki, onlar odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.  

Xalq arasında оlan inama görə, kiçik çillədən sоnrakı ilk çərşənbədən başlayaraq Nоvruz bayramına qədərki hər çərşənbədə təbiətdə müəyyən dəyişikliklər baş vеrir. Tоplanmış еtnоqrafik materiallara əsasən dеmək оlar ki, həmin dəyişikliklərə uyğun olaraq Naxçıvanda hər çərşənbənin xalq arasında ayrıca adı vardır. Həmin adlar bölgələr üzrə fərqlənsələr də, birinci çərşənbə əzəl, yalançı çərşənbə, ikinci xəbər, külə çərşənbə, üçüncü quyruqlu, qara çərşənbə, dördüncü axır (ilaxır) çərşənbə adlanır. Üç çərşənbədə Ordubadın bəzi kəndlərində axşamüstü оd yandırılır, axır çərşənbə isə çоx təntənəli qеyd еdilir. Sonuncu çərşənbə od çərşənbəsi olsa da, xalq arasında, əsasən, buna ilin axır çərşənbəsi, ilaxır, baca-baca, yeddiləvin deyilir.

Xalq arasında olan inama görə, axır çərşənbə Novruz ilə üst-üstə düşərsə, həmin il uğurlu olar. Həmin gündə bir sıra vacib məsələlərə əməl еdilir: hər kəs еvində оlmağa çalışır, qız-gəlinlərə pay göndərilir, bayram süfrəsi açılır, bir sıra şirniyyat və yеməklərlə yanaşı, mütləq plоv bişirilir. Xalq arasında plоv ilaxır çərşənbənin rəmzi sayılır.
İlaxırda əsas adətlərdən biri həmin gün tonqal qalanmasıdır. Yurdumuzun hər yerində, el dili ilə desək, qaş qaralan vaxtı damların üstündə, evlərin həyətində tonqal qalanır, bütün ailə odun ətrafında toplaşır. Yandırılmış odun üstündən “ağırlığım, uğurluğum, dərdim, bəlam bu oda tökülsün” deyib tullanırlar. İnama görə, odun üstündən tullanan şəxs ilboyu xəstələnməz, dərd, qəm ondan uzaq durar. İlaxır çərşənbəsində yandırılan tonqalın tüstüsü arana gedərsə, aranda, dağlıq tərəfə gedərsə, dağlıq ərazidə, əgər düz yuxarı qalxarsa, hər tərəfdə həmin il bolluq olacağına inanırlar. Axır çərşənbədə hər bir ailə çalışır ki, yandırdığı tonqalın alovu hündürə qalxsın. Bunun ailəyə uğur gətirəcəyinə inanırlar.
Yandırılmış odun külünü götürüb bolluq, bərəkət rəmzi olaraq əkin sahələrinə, toyuq-cücələrin üstünə, mal-heyvanın altına səpirlər. Şər qüvvələrdən qorunmaq, onları qovmaq üçün ilaxır tonqalının külündən evin dörd küncünə qoyurlar. Kəngərli rayonunun bəzi kəndlərində odun külünün üstünü torpaqla örtürlər ki, külək onu (odun külünə bərəkət kimi baxırlar) dağıtmasın.
Axır çərşənbədə hər kəsin evində plov süzülür, ləziz yeməklər hazırlanır, xonça bəzədilir. Bayramda süfrələri paxlavasız, halvasız, şəkərburasız, badamburasız təsəvvür etmək mümkün deyil.
Axır çərşənbə yeməyini bir az erkən bişirirlər, çünki bəzi yaxın adamlara, əsasən, ailənin evli qız və oğlanlarına pay göndərirlər. Toplanmış materiallara görə ata və qardaş evindən pay təkcə təzə gəlinlərə deyil, yaşlı, hətta nəvəsi olan qızlara, qardaşlara, bacılara da göndərərlər. Deyərlər ki, qızın gözü ata ocağında olar. Bu yeməyə xalq arasında pay plov deyilir. Ordubad rayonunun bir sıra kəndlərində ilin axır çərşənbəsində yeddi evə yemək aparıb həmin evdən pay alırlar. Bu, xalq arasında “qapı-qapı” adlanır.
Kəngərli rayonunun Qarabağlar kəndində, Qıvraq qəsəbəsində ilaxır aşının düyüsündən götürüb ağacların koğuşuna qoyurlar ki, barlı olsun. Oxşar inama görə, aşın yağından bar verməyən ağacların budaqlarına da sürtərlər. Şadlıq, yasdan çıxma rəmzi olaraq bar verməyən ağacların dibinə həmin günü xına basdırmaq, qırmızı parça bağlama adəti də mövcuddur.
Axır çərşənbə adətlərindən biri də yumurta döyüşdürülməsidir. Yumurta döyüşdürülməsi zamanı kimin yumurtası qırılarsa, o, öz yumurtasını qarşı tərəfə verir. Əsas maraqlı adətlərdən biri də həmin gündə yumurtaların qırmızı rəngə boyanılması, insanların bir-birini boyanmış qırmızı yumurta ilə təbrik etməsidir. Topladığımız materiallara görə, yumurta verilməsi sahibinə və ailə üzvlərinə cansağlığı diləməkdir, çünki yumurta artıb çoxalmaq, həyatın əmələ gəlməsi kimi başa düşülür.
Axır çəşənbədə od yandırdıqdan sonra hər kəs süfrə başında əyləşir. Xalq arasında olan inama görə, həmin gün evində olmayan sonrakı yeddi il də evində olmayacaq. Ona görə də hər kəs çalışır ki, həmin gün evində olsun. Axşam düşdükdə oğlan uşaqları evlərə papaq, torba atır, qızlar isə qulaq falına çıxır, niyyət edib qapı pusurlar. Ev yiyələri də çalışırlar ki, həmin günü xoş sözlər danışsınlar. Bu vacib əməllər gеcəyarısına qədər davam еdir. Qapıpusdu adətinə bəzi yerlərdə “kilidsalma” da deyirlər.
Xalq arasında yaşadılan ən maraqlı adətlərdən biri də axır çərşənbənin səhəri günü Günəş çıxmamışdan su üstə getmək adətidir. Bəzi bölgələrdə bu adət “novbaşı” adlanır. İlk növbədə, insanlar səhər tezdən bulaq kənarına, nov başına gedər, suyun üstündən “ağırlığım, uğurluğum odlara, dərdim-bəlam bu suya tökülsün” deyib tullanarlar. Su üstündən tullananda “Allahım, ruzimizi bol eylə” deyib suya buğda atarlar. Şahbuz bölgəsinin bəzi kəndlərində isə “İlahi, qohumların, ailəmizin ağzını şirin eylə” deyib suya kişmiş atarlar. Əl-üzlərini yuyar, sudan bir az da içərlər. İnama görə, bu su dərdlərin dərmanıdır, içən xəstələr şəfa tapar. “Çərşənbə suyu”ndan insanlar arasında bir-birinin üstünə çiləmə adəti də (çiləşmə) icra olunur. Əski Çin mənbələrinə görə, Qoali (Faoli) adlı türkdilli qəbilələr baharda suya tapınma əlaməti olaraq xüsusi ayin icra edirmişlər. Onların xaqanı bahar bayramı ayinindən, təntənəsindən sonra dərhal paltarlı suya girərmiş.
Su aydınlıq, paklıq, təmizliyə çıxmaqdır. Həmin gün evdə bütün su qablarını boşaldıb yerinə “çərşənbə suyu” doldururlar. Sudan çörək bişirmək üçün xəmrə tuturlar. “Çərşənbə suyu”ndan gətirib bir gün saxlayıb, sonra əkin sahəsinə səpirlər. Bolluq-bərəkət, artıb-çoxalmaq rəmzi olaraq götürülən sudan əkin sahəsinə səpiləcək toxumun, mal-heyvanın üstünə də çiləyirlər. Həmin sudan evə, həyətə səpməklə yanaşı, qonşu və qohum evlərinin damına çıxar, onların bacasından da içəri tökərmişlər. Bu, “ili aydınlıqda keçirəsən” anlamında olub, yeni ilin bərəkətli olması arzusunu bildirir. “Çərşənbə suyu”ndan Novruz bayramı günü yandırılan tonqalın külünün üzərinə səpirlər ki, həm ürəklər sərinləsin, həm də şər qüvvələr evdən kənarlaşsınlar. Sudan gələn ilin axır çərşənbəsinə qədər saxlamaq adəti vardır. Onunla boğazı ağrıyan uşaqların boğazını ovurlar, eyni zamanda çox az miqdarda xəstələrə içirirlər. Bulaq üstünə gedən qız-gəlinlər bulağın gözündən yeddi daş götürürlər. Şərur bölgəsində isə “övlad, dövlət, bərəkət” deyib əyilib sudan üç daş götürərlər. Götürülən daşları yağ küpələrinə, unluqlara, pul kisələrinə qoyurlar ki, bərəkətli olsun. Başqa bir adətə görə isə çör-çöp yığıb, mal-qaranın, bişirilən südün altında yandırırlar ki, ruzi-bərəkətli olsun.
Bu adətlərdə əcdadlarımızın su, külək, torpaq, od kultuna tapınmasının izləri açıq-aydın görünür. Axır çərşənbələrdə əzizlənən bu müqəddəs ünsürlərə Azərbaycan türkləri və bütün Türk dünyası qədimdən etiqad etmiş və inanmışlar. Mərasim, şənlik varоlmadan, bütövləşmədən sоnra baş vеrir ki, bu da ilaxırdadır. İlin axır çərşənbəsi оlsa da, hələ il başa çatmayıb. Оna görə də axır çərşənbə nə qədər təntənəli kеçsə də, оna bayram dеyilmir. Nоvruz isə bu təntənələrin zirvəsi, ilin təhvil-təslimi, yеni günün başlanması bayramıdır. Xalq təqvimi dərindən araşdırıldıqca оnun еlmi əsaslara söykəndiyi, xalqımızın milli kimliyi, düşüncə tərzi ilə bağlılığı оrtaya çıxır.

Asəf ORUCOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR