Naxçıvan Dövlət Universitetində “Novruz zəngin ənənə və dəyərlər sistemidir” mövzusunda dəyirmi masa keçirilib.
Universitetin müxtəlif fakültələrində təhsil alan fəal tələbələrin iştirakı ilə keçirilən dəyirmi masada ali məktəbin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirib ki, Novruz bayramı Azərbaycan xalqının milli ruhunu və yaddaşını bütün zənginliyi ilə özündə yaşadır. Yazın gəlişini, təbiətin oyanışını bayram əhval-ruhiyyəsi ilə qarşılayan xalqımız Novruzla bağlı zəngin ənənə və dəyərlər sistemi formalaşdırıb. Tarixi yaddaşımızdan süzülüb gələn xalq mərasimləri bu bahar bayramında keçmişlə gələcəyi bir-birinə qovuşdurur. Bu səbəbdən Novruz bayramı həm də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə dərin ehtiramının ifadəsidir. Rektor bildirib ki, sovet imperiyası zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında qorunub saxlanılıb, müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunmağa başlanılıb.
Vurğulanıb ki, Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib, BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, dosent Asəf Orucov, universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov, YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, dosent Kamal Camalov çıxış edərək Novruz bayramının mənşəyi və tarixindən, bu bayramın adət və ənənələrindən danışıblar.
Çıxışlarda bildirilib ki, Novruz təbiətdən gəlmiş bayramdır, eyni zamanda özünün maddi vəziyyətindən asılı olmayaraq, hər bir insan onu qeyd edir. Baharın gəlişi torpağın oyanışıdır.
Dəyirmi masada Novruz bayramının mənşəyi haqqında edilən təhlillərdən və izahlardan belə bir qənaətə gəlinib ki, onun yaranışı nə zərdüştlüklə, nə də İslam dini ilə əlaqəlidir.
Maraqlı diskussiya şəklində davam edən dəyirmi masada tələbələr mövzu ilə əlaqədar rəy və münasibət bildiriblər.
Tələbələri maraqlandıran suallar cavablandırıldıqdan sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim olunub.
Mina QASIMOVA