Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrasını fevral ayında da diqqət mərkəzində saxlamışdır. Bu dövrdə Naxçıvan Dövlət Film Fondunda Gənclər Günü və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilmişdir. Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən mədəniyyət evlərində və kitabxanalarda, ümumilikdə, 33 tədbir, muzeylərdə 45 açıq dərs keçilmiş, sərgilər təşkil edilmiş, Naxçıvan Dövlət Film Fondu tərəfindən Kəngərli rayonunda, Naxçıvan Tibb Kollecində, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, Heydər Əliyev adına Hərbi Liseydə “Sözün bitdiyi zaman”, “Xocalıda son gecə” sənədli filmlərinin nümayişi olmuşdur.
Fevral ayında Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Xalça Muzeyində və Xatirə Muzeyində muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbinin iştirakı ilə 3 distant dərs keçilmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və idarələrin kollektivləri muzeylərdə olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı ötən ay 5 tədbir, o cümlədən muzeylərdə 45 açıq dərs keçirilmişdir. Görkəmli şəxsiyyətlərin anım və yubiley günlərinin keçirilməsi də mədəniyyət müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Ötən ay Cəlil Məmmədquluzadənin ev-muzeyində, Cəlilkənddəki Xatirə Muzeyində və Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Cəlil Məmmədquluzadənin anadan olmasının 147-ci ildönümü, bir sıra kitabxanalarda isə Nəsirəddin Tusinin 815, Xalq şairi Nəriman Həsənzadənin 85, Abdulla Şaiqin 135, tarzən Bəhram Mansurovun 105 illiyi ilə əlaqədar tədbirlər keçirilmiş, kitab müzakirələri və sərgilər təşkil edilmişdir.
Hesabat dövründə kitabxanaların fəaliyyətinə də diqqət artırılmış, “Nağıl günləri” və “Mütaliə günləri”nin təşkili davam etdirilmişdir. Belə ki, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhər 3, 5, 11 və 15 nömrəli uşaq bağçalarında müxtəlif nağıllar qiraət olunmuş, cizgi filmləri və səhnəciklər nümayiş etdirilmişdir. Ay ərzində muxtar respublikanın rayonlarındakı uşaq bağçalarında 29 “Nağıl günü” keçirilmişdir.
Ötən ay Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Ordubad və Culfa rayonlarında “Rast dəstgahı” adlı konsert proqramı ilə çıxış etmiş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında filarmoniyanın Kamera və Xalq Çalğı Alətləri orkestrlərinin konsertləri olmuşdur. Həmçinin teatrda tanınmış yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyasının ilk tamaşası olmuş, hər həftənin şənbə günləri Naxçıvan Dövlət Kukla Teatrında, həftədə 2 dəfə Naxçıvan Dövlət Musiqili Dram Teatrında müxtəlif tamaşalar oynanılmışdır. Xalq teatrlarının fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, Şərur Rayon Xalq Teatrı Ə.Haqverdiyevin “Ac həriflər” əsəri əsasında hazırladığı yeni tamaşanı, Babək Rayon Xalq Teatrı yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” əsəri, Ordubad Rayon Xalq Teatrı isə C.Məmmədquluzadənin “Kamança” pyesi əsasında hazırlanan tamaşaları teatrsevərlərə təqdim etmişlər. Ötən ay “Azərbaycan kinosu günü” adlı yeni layihə çərçivəsində Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Nabat” və “Cavad xan” filmləri nümayiş etdirilmişdir.
Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsi nəzarətdə saxlanılmış, Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında zona müşavirələri keçirilmişdir. Bu dövrdə Culfa Şəhər Uşaq Musiqi Məktəbində tar, kamança və fortepiano, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində rəssamlıq ixtisasları üzrə ustad dərsləri keçilmiş, dərslərdə Naxçıvan şəhərindəki, Şərur və Culfa rayonlarındakı 5 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbindən 22 müəllim və 80 şagird iştirak etmişdir.
Muxtar respublikanın mövcud turizm potensialından düzgün istifadə və turistlər üçün məlumat bazasının yaradılması diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlərin davamı olaraq ay ərzində Naxçıvan Turizm İnformasiya Mərkəzinin 7 adda reklam-informasiya materialı – “Naxçıvan-Ordubad”, “Naxçıvan-Əshabi-Kəhf”, “Naxçıvan-Qarabağlar”, “Naxçıvan-Gəmiqaya”, “Naxçıvan-Əlincəqala” turist marşrutu, “Naxçıvan Turizm İnformasiya Mərkəzi”, “Naxçıvan Muxtar Respublikası” bukletləri nəşr etdirilmişdir.
Muzey bələdçilərinin biliklərinin artırılması və onlar arasında təcrübə mübadiləsinin aparılması vacib məsələdir. Bu məsələ əsas götürülərək Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində 18 muzey işçisinin iştirakı ilə seminar-treninq keçirilmiş, tədbir iştirakçıları Şahtaxtinskilər Muzeyinin ekspozisiyasına baxmışlar. Həmçinin “Maddi-mədəniyyət nümunələrinin qorunmasında muzeylərin rolu” və “Müasir gənclik və mütaliə mədəniyyəti” adlı dəyirmi masalar təşkil olunmuş, muzey və kitabxanaçılıq işinin müasir tələblər səviyyəsində təşkili ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti