Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə təşkilatçılığı ilə bu ilin aprel-noyabr aylarında “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi–2016” keçiriləcəkdir.
Müsabiqənin məqsədi milli mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi, xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin üzə çıxarılması və yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir. Qeyd edək ki, müsabiqə üçün yaş məhdudiyyəti yoxdur və peşəkar ifaçıların müsabiqədə iştirakına icazə verilmir.
Müsabiqənin əsas turu ayda bir dəfə olmaqla, 7 mərhələdə davam edəcəkdir. Yekun konserti noyabr ayında Naxçıvan şəhərində təşkil olunacaqdır. Qaliblər yekun konsertində mükafatlandırılacaqlar. Son məlumata görə, muxtar respublikanın bütün rayonları daxil olmaqla müsabiqəyə 100-dən çox iştirakçı qatılmışdır.
Dünən Naxçıvan Dövlət Filarmoniyasında ilk seçim turuna start verilmişdir. Məlumat üçün bildirək ki, seçim turunda fərqlənənlər müsabiqədə iştirak edəcəklər. İlk seçim turu Naxçıvan Dövlət Filarmoniyasının zalında iki gün davam edəcəkdir.
Xəbərlər şöbəsi