Martın 10-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda tanınmış teatr rəssamı Məmməd Qasımovun həyat və yaradıcılığına həsr olunmuş konfrans-sərgi keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva rəssam Məmməd Qasımovun 90 illik yubileyinin Milli Teatr Günündə keçirilməsinin təsadüfi olmadığını bildirib. Kökü yüzilliklərə söykənən mədəniyyətimiz, daim inkişaf edən incəsənətimiz, müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edir və Azərbaycan incəsənəti, mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Məmməd Qasımov da bu zənginliyə böyük töhfə verən rəssamlarımızdan biri idi.
Ülviyyə Həmzəyeva qeyd edib ki, tanınmış teatr rəssamı 1952-ci ildən ömrünün son günlərinədək – tam 35 il fasiləsiz olaraq Naxçıvan teatrının baş rəssamı kimi məhsuldar və səmərəli fəaliyyət göstərib. Bu illər ərzində o, Naxçıvan teatrında 93, Gəncə Dövlət Dram Teatrında 1, İrəvan Dövlət Azərbaycan Dram Teatrında 3 tamaşanın quruluşçu rəssamı olub. 1970-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunan Məmməd Qasımov yenicə yaradılan Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının ilk sədri seçilib. Bu təşkilatın qurulmasında və formalaşmasında onun böyük xidmətləri olub.
“Məmməd Qasımov portret, mənzərə, qrafika və plakat janrında da dəyərli əsərlər yaradıb, bir sıra karikaturaları dəfələrlə “Kirpi” jurnalında və müxtəlif qəzet səhifələrində dərc olunub”, – deyən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri bildirib ki, vaxtilə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin və Bakı Şəhər Sovetinin Fəxri fərmanları, “Əməkdə fərqlənməyə görə” medalı, SSRİ Mədəniyyət Nazirliyinin “Əlaçı mədəniyyət işçisi” döş nişanı ilə təltif olunan Məmməd Qasımov 1967-ci ildə muxtar respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. O, dəfələrlə Azərbaycan rəssamlarının və teatr xadimlərinin qurultayına nümayəndə seçilib. İstedadlı rəssam 1987-ci il yanvar ayının 28-də Naxçıvan şəhərində vəfat edib.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, rəssam Həmzə Sadiqov və tanınmış rəssamın oğlu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov çıxış edərək Məmməd Qasımovun həyat və yaradıcılığından söhbət açıblar, onunla bağlı xoş xatirələrini iştirakçılarla bölüşüblər.
Sonra konfrans-sərginin iştirakçıları Məmməd Qasımovun həyat və yaradıcılığına həsr olunmuş filmə baxıblar.
Sonda sərgiyə baxış olub. Sərgi 5 gün davam edəcək.
Rauf Əliyev