Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.
Vurğulanıb ki, Şərqdə ilk peşəkar teatrın Azərbaycanda yaranması mədəniyyət tariximizin parlaq səhifəsidir. Əsası 1873-cü ilin mart ayında Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası ilə qoyulmuş Azərbaycan teatrının şərəfli tarixi vardır.
Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara, sözün əsl mənasında, hamilik edən ümummilli lider Heydər Əliyevin səyi nəticəsində ötən əsrin 70-ci illərində milli teatr sənətimiz sürətli inkişaf yoluna qədəm qoyub.
“Azərbaycanda teatrların diqqət və qayğı ilə əhatə olunması siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzindədir. Bu gün teatr binaları yenidən qurulur, təmir edilir, bu sahədə ardıcıl islahatlar həyata keçirilir”, – deyən Natəvan Qədimova diqqətə çatdırıb ki, teatrlarımıza diqqət və qayğını muxtar respublikamızda fəaliyyət göstərən mədəniyyət ocaqlarının timsalında da aydın görmək mümkündür.
Sonra aktyorlar “Mən aktyoram” mahnısının sədaları altında canlandıracaqları obrazların geyimində səhnəyə çıxıblar.
Aparıcı Azərbaycan teatrının keçdiyi inkişaf yolundan söhbət açaraq M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri ilə Naxçıvan teatrının əsasının qoyulduğunu bildirib. Teatrın aktyorlarının ifasında həmin komediyadan bir səhnə göstərilib.
Aparıcı Naxçıvan teatrının keçmişindən və bu günündən danışaraq qeyd edib ki, teatrın bugünkü yaradıcı kollektivi sənət ənənələrini uğurla davam etdirir. Teatrın son illərdə hazırladığı “Yəhya bəy Dilqəm” tamaşasından nümayiş etdirilən səhnə də maraqla qarşılanıb.
Tədbirdə aparıcı qədim diyarımızda fəaliyyət göstərən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının uğurlarından da söhbət açıb və bildirib ki, bu sənət ocağı teatrsevərlərin görüşünə marionet kuklalarla hazırladığı “Arşın mal alan” tamaşasından bir səhnə ilə gəlib.
Naxçıvanda fəaliyyət göstərən ən gənc teatrlardan birinin isə 2006-cı ildə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrının olduğu qeyd edilib. “Danışan kukla” tamaşasından bir hissə marağa səbəb olub.
Tədbirdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının hazırladığı Əli Əmirlinin “Varlı qadın” komediyasından da bir parça göstərilib.
Əli RZAYEV