Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Rəssamların fırçasında qadın obrazı və güllər” adlı rəsm sərgisi keçirilib.
Açıq havada təşkil edilən sərgiyə baxışdan əvvəl Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onların sosial-siyasi həyatdakı rolundan danışıb.
Ülviyyə Həmzəyeva qeyd edib ki, Azərbaycan tarixinə nəzər salsaq, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınların kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etdiyinin şahidi olarıq. Bu, Manna, Atropatena, Atabəylər, Səfəvilər dövlətlərində də belə olub. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə müsəlman Şərqində ilk dəfə olaraq ölkəmizdə qadına seçmək və seçilmək hüququ verilib.
“Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikaya rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət yetirib”, – deyən Ülviyyə Həmzəyeva qeyd edib ki, ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev bu gün dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə həyata keçirilməsini təmin edib. Bu siyasət Naxçıvan Muxtar Respublikasında da uğurla reallaşdırılır. Bu gün qadınlar bütün dövlət strukturlarında, özəl bölmədə uğurla çalışır, nailiyyətlər qazanırlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Naxçıvan Dövlət Universitetinin prorektoru Surə Seyid, Naxçıvan Tibb Kollecinin direktor əvəzi Mehri Seyidbəyli, rəssam Məmmədəli Ələkbərov çıxış edərək qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər, onlara ən səmimi diləklərini çatdırıblar. Çıxışlarda qeyd edilib ki, əzmkarlıqları, istedadları, parlaq zəkaları, çalışqanlıqları ilə qadınlar ən böyük minnətdarlığa, məhəbbətə, dərin hörmətə və ehtirama layiqdirlər. Bu gün Naxçıvan Muxtar Respublikasında qadınlar üçün nümunəvi şəraitin yaradılması, onların yaradıcılığına böyük önəm verilməsi, çəkdikləri zəhmətin layiqincə qiymətləndirilməsi Azərbaycan qadınına göstərilən hörmət və ehtiramdan xəbər verir.
Sonra tədbir iştirakçıları sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar. Rəssamlardan Ülviyyə Həmzəyevanın, Həbibə Allahverdiyevanın, Əli Səfərlinin, Eldar Zeynalovun, Telman Abdinovun, Sabir Məmmədovun, Leyla Əzimbəyovanın və başqalarının əsərləri sərgiyə gələnlərdə böyük maraq oyadıb.
Muxtar respublikanın tanınmış rəssamları arzu edən iştirakçıların portretlərini çəkib, sənətsevərlərə rəssamlığın sirləri barədə məlumat veriblər.
Sərgi iki gün davam edib.
Xəbərlər şöbəsi