23 Dekabr 2024, Bazar ertəsi

Xəbər verdiyimiz kimi, martın 3-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində görkəmli sərkərdə, tam süvari qoşunları generalı Hüseyn xan Naxçıvanski haqqında çəkilmiş tammetrajlı sənədli filmin təqdimatı olub. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” Sənədli Filmlər Studiyası və “Lennauçfilm” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanan “Hüseyn xan Naxçıvanski. Qayıdış” filminin təqdimat mərasimindən sonra  “Lennauçfilm” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anton Smirnov film haqqında fikirlərini, eləcə də Naxçıvan barədə təəssüratlarını bizimlə bölüşdü.

– Anton Vladimiroviç, sizi yenidən Naxçıvanda xoş gördük.
– Çox sağ olun.
– Günün sonuna doğru görüşməyimizin səbəbi o oldu ki, bizimlə bölüşmək üçün təəssüratlarınız geniş olsun.
– Əlbəttə ki, təəssüratlar çoxdur. Əvvəlcə film haqqında bir neçə söz demək istərdim. Bildiyiniz kimi, Naxçıvanın görkəmli şəxsiyyətlərindən olan Hüseyn xan Naxçıvanski haqqında çəkilmiş film Azərbaycan və rus xalqları arasındakı mədəni və tarixi bağların keçmişi və bu günü baxımından çox əhəmiyyətlidir. Hüseyn xan Naxçıvanski kimi tarixi bir şəxsiyyət öz bacarığı, igidliyi, dəyanəti ilə həm də rus xalqının dostudur. Bu böyük şəxsiyyət Çar II Nikolaya olan sədaqəti, özünün yüksək hərbçilik məharəti ilə eyni zamanda rus hərb tarixinə adını qızıl hərflərlə yazdırmış generallardandır.

Qəhrəmanımız öz şücaətinə görə o zaman Rusiyanın ən yüksək orden və medallarına layiq görülmüşdür. Bu cür hərbçilər, bəlkə də, yüz ildə bir dəfə yetişir. Buna görə də belə bir insan haqqında film çəkmək, bunu tamaşaçılara çatdırmaq bizim üçün qürurvericidir. Hüseyn xan Naxçıvanskinin keçdiyi ömür yolu, xarakteri bu gün uşaqlarımız, gənclərimiz üçün əsl örnəkdir. Fərqi yoxdur, kimisi müəllim, kimisi həkim və ya mühəndis ola bilər. Əsas olan odur ki, əqidəli, öz sözünün üstündə duran, qorxmaz, sədaqətli olasan. Çünki bu kimi xarakterləri özündə formalaşdıran insan vətəninə, xalqına lazımlı ola bilər, ona istənilən sahədə təmənnasız xidmət edə bilər. Hesab edirəm ki, bu baxımdan filmin tərbiyəvi əhəmiyyəti böyükdür.
– Bilirik ki, Naxçıvanda bundan əvvəl də olmusunuz. Görkəmli sərkərdənin vətəni sizdə hansı təəssüratları yaradıb?
– Doğrudur, bundan əvvəl də film çəkilişləri ilə bağlı Naxçıvanda olmuşam. Buranı gəzdikcə fikirləşirdim ki, Naxçıvan kiçik yer olsa da, böyük şəxsiyyətlər yetişdirib və o şəxsiyyətlərin xidməti təkcə bura və ya Azərbaycanla məhdudlaşmayıb. Həqiqətən, buranın ecazkar təbiəti var. Hava çox təmizdir. Mən özümü burada çox sərbəst və sakit hiss edirəm. Məsələn, bu gün səhər gəlmişik, yorğun olsam da, bu, mənə o qədər də təsir etmir. Sanki burada daha da yüngülləşmişəm. Biz Naxçıvanda bir neçə yerdə olmuşuq. Bir zamanlar Naxçıvanı idarə edən xanların yaşadığı sarayda olduq. Burada gördüyümüz hər bir eksponat insanı keçmişə aparır. Naxçıvanqala ilə də tanışlıq bizdə xoş təəssürat yaratdı. Qalanın möhtəşəm divarları var. Bu tikili keçmişdə Naxçıvanın yaxşı qorunduğundan xəbər verir. Dedilər ki, qala divarları bərpa olunub. Duzdağ sanatoriyasında olduq, çox xoşuma gəldi. Eşitdiyimə görə, ora xarici ölkələrdən çoxlu turistlər gəlir. Naxçıvan eyni zamanda sakit bir şəhərdir. Böyük meqapolislərdən fərqli olaraq burada həyat daha sakit davam edir. Hər kəs öz işi ilə məşğuldur. Naxçıvan Azərbaycanın ən gözəl və qədim tarixə malik şəhərləri sırasında öndə gəlir.
– Müsahibə üçün sağ olun.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR