Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşının Naxçıvan Dövlət Universitetində müvafiq ixtisasların müəllim və tələbələri ilə görüşü keçirilib. Görüşü universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək Naxçıvanda mədəniyyətin inkişafına, mədəni irsimizin qorunmasına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan danışıb. Qeyd olunub ki, bu gün muxtar respublikada 3 dövlət, 5 xalq teatrı, 1 dövlət filarmoniyası, 1 dövlət uşaq filarmoniyası, 28 muzey və 1 rəsm qalereyası, 234 kitabxana, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, 226 klub və mədəniyyət evi fəaliyyət göstərir. Çoxsaylı özfəaliyyət və folklor kollektivləri milli mədəniyyətin, incənətin təbliğinə, dünyada tanıdılmasına öz töhfələrini verməkdədir.
Nazir xalq yaradıcılığı günlərinin ənənəyə çevrilməsi, muxtar respublikada keçiriləcək muğam müsabiqəsinə hazırlıq işləri, kitabxana işinin müasir standartlara uyğun təşkili, muzey quruculuğu, tarixi-mədəni abidələrin qorunması və bərpası, teatr sahəsindəki uğurlar, yeni musiqi kollektivlərinin yaradılması barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi muxtar respublikanın nüfuzunun, bu qədim diyara göstərilən etimadın ifadəsidir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi ümumilikdə 23 ixtisası hamiliyə götürüb, bu məqsədlə kollektiv görüşlər, kitab müzakirələri, aktyorluq sənəti ixtisası üzrə ustad dərsləri, muzey işi və kitabxanaçılıq ixtisasları üzrə açıq dərslər, mühazirə, kurs və konfranslar keçirilib, mədəniyyət və turizm obyektlərinə ekskursiyalar, təcrübələr təşkil olunub.
Görüşün sonunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2007-ci ildə “Salnamə” kinostudiyası tərəfindən çəkilən “Heydər Əliyev: Azərbaycan mədəniyyətinin hamisi” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.
Mehriban SULTAN