Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan bəşər sivilizasiyasının ilkin məskənlərindən biridir. Bu ulu məmləkət zaman-zaman yaradıcı ziyalılara tükənməz ilham vermiş, şairlər, rəssamlar, musiqiçilər bənzərsiz diyarımızı məhəbbətlə vəsf etmişlər. Bu yaxınlarda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunmuş “Xoş baharlı Naxçıvanım” adlı almanaxda toplanmış şeirlər və poemalar da məhz qədim və həmişəcavan yurdumuza poetik ehtiramın təcəssümü kimi diqqəti çəkir. Əlbəttə, Naxçıvana həsr edilmiş çoxsaylı bədii əsərlər vardır və bu gün də söz sənətkarları digər sahələrlə yanaşı, həmin mövzuda da uğurlu yaradıcılıq axtarışları aparırlar. 192 səhifəlik “Xoş baharlı Naxçıvanım” almanaxında muxtar respublikamıza həsr edilmiş şeir və poemalardan seçmə nümunələr verilmişdir. Daha dəqiqi, bu kitabda oxucular müxtəlif müəlliflərin qələminə məxsus qırx şeir və üç poema ilə tanışlıq imkanı qazanırlar.
Kitabda təkcə müasirimiz olan şairlərin deyil, nisbətən əvvəlki mərhələnin yazarlarının da bir sıra əsərləri toplanılmışdır. Bu isə almanaxın əhatəsinin genişliyini göstərməklə yanaşı, həm də ədəbi irsə və ənənəyə ehtiram baxımından da təqdirəlayiqdir. Belə müəlliflərin Naxçıvan haqqında qələmə alınmış diqqətəlayiq əsərləri sırasında Məmməd Arazın “Bura Naxçıvandı”, İslam Səfərlinin “Xoş baharlı Naxçıvanım”, Adil Babayevin “Tarımın sarı simi”, Hüseyn Razinin “Hədiyyə”, Əliyar Yusiflinin “Asta sür qatarı”, Müzəffər Nəsirlinin “Bahar nəfəsli diyar”, Hüseyn Əzimin “Dübəndi çayı” şeirlərini göstərmək olar. M.Arazın şeirində yurdumuzun müxtəlif tarixi dönəmlərdə üzləşdiyi bəlalar yada salınır və heç zaman düşmənə baş əyməyən, yumruq kimi bir olan yenilməz Naxçıvan vəsf olunur, şair həm də hər bir yurddaşımızı daima ayıq-sayıq olmağa səsləyir:
Kirpiyini ayıq saxla,
Hənirtini ayıq saxla,
Nəfəsini ayıq saxla.
Biz – biri min,
Biz – mini bir!..
Yolumuzun yolu burdan,
Göyümüzün yolu burdan,
Burdan keçir, oğul!
Sərilməz, əyilməz qalamız
Naxçıvan,
Bura Naxçıvandı, oğul!
İ.Səfərlinin məşhur şeirində “gülzarlı, axar-baxarlı, düz ilqarlı, xoş baharlı Naxçıvanım” ifadələri ilə vəsf olunan muxtar respublikamız M.Nəsirlinin poetik təqdimatında ədəbiyyatımıza və mədəniyyətimizə Memar Əcəmi, Heyran xanım, Qönçəbəyim, Mirzə Cəlil, Hüseyn Cavid kimi böyük simalar vermiş bahar nəfəsli diyar kimi tərənnüm edilmişdir. H.Razinin “Hədiyyə”sində yurdumuzun övladlarının özünəməxsus mənəvi ucalığı, Ə.Yusiflinin “Asta sür qatarı” şeirində isə diyarımızın qürur, yenilməzlik dolu keçmişi bədii şəkildə ümumiləşdirilmişdir. A.Babayevin şeirində “hər ulu dağında bir hünər izi” olan Naxçıvana bəslənilən məhəbbət duyğuları “mərdlik meydanı, sərvət sərgisi”, “ulduzlu göylərdə kəhkəşan” kimi obrazlı ifadələrlə poetikləşdirilmişdir.
Qədim tarixə malik ulu Naxçıvanımızın taleyinin ən şərəfli səhifələri ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı illərin əvvəllərində ağır blokada şəraitində, hər an düşmən tapdağına düşmək təhlükəsində yaşayan Naxçıvanı məhz ulu öndər Heydər Əliyev qorumuş, xilas etmiş, hərtərəfli inkişaf yoluna çıxarmışdır.1993-cü ildə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gələn görkəmli siyasi xadim Heydər Əliyev bütövlükdə müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirmişdir. “Xoş baharlı Naxçıvanım” almanaxında verilmiş şeirlərin bir qismində də məhz dahi rəhbərin möhtəşəm xilaskarlıq və quruculuq fəaliyyətinə ümumxalq minnətdarlığı özünün dolğun poetik təcəssümünü tapmışdır. Asim Yadigarın “Gəldi, ulu Heydərin İlham dühası gəldi!” şeiri bu baxımdan səciyyəvidir:
Tufanlar, qasırğalar tüğyan edən zamanda
Gəldi, ulu öndərim Simurqun qanadında,
Sönmüş, donmuş çöhrələr gül açdı Naxçıvanda.
Gözümüzün işığı, nuru, ziyası gəldi,
Anam Azərbaycanın Heydər dühası gəldi!..
Bu gün ölkəmizdə ulu öndər Heydər Əliyev yolunun bütün sahələrdə uğurla davam etdirilməsi də şeirdə poetik şəkildə ifadə olunmuşdur:
Naxçıvan hər sınaqdan çıxıb üzüağ, mətin,
Düşmən görüb bu yurdun cəsarətin, qeyrətin.
Bu məğrur, zəhmətsevər, əyilməyən millətin
İmzaların içində adı, imzası gəldi,
Gəldi, ulu Heydərin İlham dühası gəldi!
Şairin “Vətən oğlu” şeirində isə qısa müddət ərzində qərinələrə bərabər inkişaf yolu keçmiş doğma Naxçıvanımızın belə heyrətamiz yüksəlişinin əsas səbəbi kimi ümummilli liderin ideyalarının muxtar respublikamızda hərtərəfli şəkildə və yüksək səviyyədə həyata keçirilməsi vurğulanmışdır:
Yurdumun hər qarışına can vermisən, can,
Canımız tək əziz olub bizə Naxçıvan.
Bu torpağa ulduz-ulduz naxış vurursan,
Hünərinə alqış deyir el, Vətən oğlu!..
Xoş məramın, amalın var – hünər yoludur,
Yurda sonsuz məhəbbətlə qəlbin doludur,
Arzun qurmaq, yaratmaqdır – Heydər yoludur,
Budur sənin seçdiyin düz yol, Vətən oğlu!
Əziz Kərimoğlunun “Vətənimin gözəllikdə yox tayı”, Əziz Azərin “Tanımadım Naxçıvanı”, Elman Həbibin “Naxçıvan”, Budaq Təhməzin “Bir gün Naxçıvanda sən qonaq olsan”, Fərəc Fərəcovun “Naxçıvanım var”, Elxan Yurdoğlunun “Sən sevgilim, sən anamsan”, Sürəyya Nəsibin “Naxçıvan”, Ramiz Babayevin “Çiçəklənən Naxçıvan”, Rahilə Dövranın “Yüksəlişə, sürətə bax”, Qurban Məhərrəmoğlunun “Artır şan-şöhrəti Naxçıvanımın”, Yaqub Şirinoğlunun “Naxçıvanım” və sair şeirlər də muxtar respublikamızın möhtəşəm yüksəlişinin oyatdığı xoş duyğuları rəngarəng bədii təsvir və ifadə vasitələrinin köməyi ilə əks etdirir. Quruculuq salnaməsinə hər gün yeni-yeni səhifələr yazılan, qısa müddət ərzində əsl intibaha qovuşan ulu diyarımızın hər bir bölgəsi, qurub-yaradan adamları bu şeirlərdə möhtəşəm əzəməti və heyrətamiz tərəqqisi ilə təsvir olunmuşdur:
Rəngbərəngdir sağın, solun,
Nəqşi-cahan – gül şəhərim.
Ruhumda xoş avaz olan,
Şeirimdə könül şəhərim.
Qocadır, hey cavanlaşır,
Dəyişir hər il şəhərim.
Yer üzündən göy üzünə
Günəş kimi işıq saçan, Naxçıvan!
(E.Yurdoğlu)
Naxçıvanın şanlı keçmişini, igidlik salnaməsini vərəqləyən şairlər bu qədim diyarın məşhur yetirmələrini, onların misilsiz xidmətlərini, fəaliyyətləri ilə məmləkətə şöhrət gətirdiklərini bədii təsvir və tərənnüm obyektinə çevirmişdir. Almanaxdakı şeirlərin bir qismində Naxçıvanın şanlı tarixinin müxtəlif səhifələrini, əbədiyyət sorağını günümüzə çatdıran ölməz yadigarlar bədii təqdimin əsas predmetidir. Bəşər sivilizasiyasının ilkin məskənlərindən olan Gəmiqaya, oradakı qədim qayaüstü rəsmlər, tarixin daş yaddaşı sayılan abidələr, ulu Dədə Qorqudun diyarımızdakı izləri barədə poetik düşüncələr, ümumiyyətlə, Naxçıvanın ulu tariximizin şanlı ünvanı kimi tərənnümü Elmira Qasımovanın “Naxçıvan”, Adil Qasımlının “Qoy tanısın dünya məni”, Vaqif Məmmədovun “Bura Naxçıvandır”, Muxtar Qasımzadənin “Qazan gölüm, Göygölüm”, Xanəli Kərimlinin “Muzeydə düşüncələr”, Vəli Qaraxanın “Naxçıvan”, Sona Rəhimlinin “Naxçıvanım” şeirlərində aparıcı əlamətdir. Almanaxdakı belə şeirlərdə həm də Naxçıvanın dünəni ilə yanaşı, bugünkü yüksəlişi də dolğun bədiiliklə təqdim olunur, yurd sevgisinin poetik tərənnümü bu nümunələrdə rəngarəng bədii boyalar sayəsində ədəbi müstəviyə gətirilir. Kəmalə Ağayevanın “Mənim Naxçıvanım”, İbrahim Yusifoğlunun “Şərurun”, Əbülfəz Muxtaroğlunun “Göygöl”, Zeyqəm Vüqarın “Naxçıvanımdı”, Əli Göydağlının “Naxçıvanım”, Maarif Təmkinin “Naxçıvan”, Qafar Alışarlının “Şərurun”, Dilbər Şahbuzun “Naxçıvanım”, Qanun Ümmanın “Gözəlliklər diyarısan, Naxçıvan” və sair şeirlərdə isə doğma diyarımızın təbii gözəllikləri, könüloxşayan mənzərələri ilhamla vəsf olunur.
Kitabın poemalar bölməsində üç əsər verilmişdir. Həsənəli Eyvazlının “Naxçıvan haqqında ballada”sında tarixiliklə müasirliyin vəhdəti fonunda muxtar respublikamızın möhtəşəm inkişafı bədii təqdimin əsas leytmotividir. Poemanın ilk bölmələrində Naxçıvan barədə yığcam poetik ümumiləşdirmələr verilir, onun tarixinə nəzər salınır, sonra isə diqqət ulu öndərin xilaskarlıq missiyasına yönəldilir. Poemada müasir Naxçıvanın gündən-günə artan yeni quruculuq ünvanları da ədəbi düşüncələrin axarında öz layiqli yerini tutmuşdur. Şairin fərəh dolu misraları da məhz bu yüksəlişin nuruna boyanmışdır:
Naxçıvanım dönübdür
Gülzarlıq məkanına.
Naxçıvanım dönübdür
Tikinti meydanına.
Yeni ünvan yazılır
Hər gününə, anına.
Bir dahinin adına
Layiq işlər görülür.
Qafar Qəribin “Qədim, yeni Naxçıvanım” poemasında Naxçıvanın yaxın keçmişi ilə bu günü müqayisəli şəkildə diqqət mərkəzinə çəkilmiş, iyirmi beş-otuz il bundan əvvəl acınacaqlı durumda olan diyarımızın hər bir yaşayış məntəqəsinin qısa müddət ərzində möhtəşəm və hərtərəfli tərəqqiyə qovuşması ulu öndər Heydər Əliyev siyasətinin parlaq təzahürü kimi vəsf olunmuşdur. Ucqar dağ kəndlərindən başlamış paytaxta qədər hər bir guşəsi gündən-günə gözəlləşən, inkişaf edən Naxçıvanın tərənnümü burada da əsas yeri tutur. Muxtar respublika rəhbərinin məqsədyönlü, möhtəşəm fəaliyyəti sayəsində qərinələrə bərabər inkişaf yolu keçən Naxçıvan, doğrudan da, əsl ilham mənbəyi, qürur qaynağıdır:
Kökündən dəyişildi
Hər kənd, hər şəhərimiz.
Gün-gündən gözəl gəldi,
Müjdələrlə açıldı
Hər yeni səhərimiz...
Zaur Vedilinin “Yeniləşən Naxçıvan” poemasında isə muxtar respublikamızın sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanması lirik düşüncələrin axarı boyunca özünün bədii təcəssümünü tapmışdır.
Nəhayət, hazırda özünün əsl intibah dövrünü yaşayan Naxçıvanın əsrlərin yadigarı olan tarixi-memarlıq abidələrini, əsrarəngiz, füsunkar təbiətini, çağdaş tərəqqisini, çoxşaxəli və möhtəşəm tikililərini, quruculuq və abadlıq ünvanlarını əks etdirən nəfis fotoların da kitaba daxil edilməsi ədəbi əsərlərdən alınan təəssüratın tamamlanmasına uğurla xidmət göstərir.
Bütövlükdə, “Xoş baharlı Naxçıvanım” (redaktoru Muxtar Qasımzadə) almanaxı ulu diyarımızın tarixi, bu günü, təbii gözəllikləri, qurub-yaradan insanları, çağdaş tərəqqisi barədə mükəmməl ədəbi topludur.
Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi