23 Dekabr 2024, Bazar ertəsi

Gəlin öyrənməkdən özümüzü məhrum etməyək

Kitabxanalar gənc nəslin estetik zövqünün formalaşmasında, nitq qabiliyyətinin zənginləşdirilməsində, onların dünyagörüşünün artmasında mühüm rol oynayan mədəniyyət müəssisələridir. Çünki bilik mənbəyi olan kitab qiymətli sərvət olaraq mütaliəsevərlərin həyata baxışlarının düzgün istiqamətləndirilməsinə müsbət təsir göstərir, onların söz ehtiyatını artırır. 

Oxuduğumuz hər kitab bir həyatdır, əslində. İlk səhifələrində fikrimizdə qaranlıq qalan məsələlər vərəqlər bir-birini əvəzlədikcə öz-özlüyündə aydınlığa çıxır. Hər kitabdan biz mütləq nəsə öyrənirik. Oxuduqlarımızı digərlərinin də oxuması üçün seçilən ədəbiyyat nümunələrindən ətrafımızdakılara da məsləhət görür, onları da kitab oxumağa həvəsləndirməyə çalışırıq. Muxtar respublikamızda fəaliyyət göstərən kitabxanalarda istənilən yaş təbəqəsindən olan insanların müxtəlif sahədə maariflənməsi üçün kifayət qədər kitablar vardır. Belə mədəniyyət müəssisələri oxuculara yüksək səviyyədə xidmət etməyə hazırdırlar. Təki insanlar maariflənməyi, nəsə öyrənməyi qarşılarına məqsəd qoyub, müəyyən qədər vaxt ayırıb buraya üz tutsunlar. Son zamanlar gənclərin kitabxanalara axını bir qədər sürətlənsə də, onlar, adətən, ədəbiyyat nümunələri üçün deyil, dərs materialları əldə etmək üçün buraya müraciət edirlər.

Kifayət qədər vaxtımız var ikən kitab oxumamağımıza səbəb nədir? Kitablarmı zövqümüzə görə deyil, yoxsa yaşadığımız dövrdə zövqümüzcə yazan yazıçılar yoxdur?
Suallarımıza cavabı Naxçıvan şəhərində fəaliyyət göstərən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında tapmaq qərarına gəldik. Bu kitabxananın 4 ildir ki, üzvü olduğumdan burada oxuculara göstərilən xidmət barədə məlumatlı idim. Amma hər halda buradakı oxucu və kitabxana əməkdaşlarının fikirlərinin oxucularımız üçün maraqlı olacağını düşünürdüm. İçəri keçib birbaşa oxu zalına qalxdım. Burada özümə lazım olan ədəbiyyatı alıb yerimə əyləşdim. Zalda mənimlə bərabər bir neçə gənc də kitab oxuyurdu. Yarım saat sonra işimi qurtarıb suallarımı cavablandırmaq üçün kitabxana işçilərinə yaxınlaşdım. Oxucular diqqətlə kitab oxumaqla məşğul olduqlarından kitabxana işçiləri ilə söhbət edə bilərdim.
Oxu zalının müdiri Mehriban Mahmudova bildirdi ki, buraya müxtəlif yaş təbəqəsindən müxtəlif peşə sahibləri müraciət edirlər. Onların müraciətləri, əsasən, ixtisasları ilə bağlı materiallarla əlaqəli olur. Oxuculara hər cür şərait yaradılıb, kitablardan istifadə üçün vaxt məhdudiyyəti qoyulmayıb. Mehriban Mahmudova onu da qeyd etdi ki, burada bir çox ədəbiyyat nümunəsi olmasına baxmayaraq, insanlar daha çox elmi əsərlər oxumaq üçün müraciət edirlər. Doğrudan da, orada olduğum bir saat ərzində özüm də bunu gördüm. Oxucuların ancaq dərs üçün istifadə edəcəyi ədəbiyyat, bəzilərinin ixtisasına uyğun ensiklo­pediyalar aldıqlarının şahidi oldum. Etiraf edim ki, mən özümü də belə insanların sırasında tapıram...
Oxu zalında əyləşən oxuculardan biri söhbət əsnasında bildirdi ki, kitabxanada onlara yaxından köməklik göstərilir. Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin tələbəsi Taliyə Mahmudova bədii ədəbiyyata marağı olsa da, buraya daha çox mühazirələrdə istifadə olunan ədəbiyyatları əldə etmək üçün müraciət etdiyini dedi. “Bəs niyə bədii ədəbiyyatla maraqlanmırsınız?” sualıma “Çox vaxtım olmur, amma bacardıqca bədii ədəbiyyatla da maraqlanıram” cavabını aldım.
Gənclərin Abonement şöbəsinə axını da diqqətimdən yayınmadı. Bu şöbədə çalışan Azadə Qədimova ilə söhbətdə onun oxucu sıxlığından razı qaldığını hiss etdim. Gün ərzində müraciət edənlərin sayı dəyişkən olsa da, o, buraya müxtəlif ədəbiyyatları əldə etmək üçün kifayət qədər oxucunun müraciət etdiyini bildirdi. Qeyd etdi ki, gənc­lər H.Cavid, M.Araz, M.F.Axundov, B.Vahabzadə və digər görkəmli şair və yazıçılarımızın əsərlərini sevə-sevə, həvəslə oxuyurlar. Onlar V.Hüqo, F.Dostoyevski, Mark Tven, İ.Stoun, Cek Londonun əsərlərinə də maraq göstərirlər.
Oxucular buradakı xidmətdən razı olduqlarını, kitab seçimində qərarsız qaldıqları zaman kitabxana işçilərinin öz köməklərini onlardan əsirgəmədiklərini dilə gətirdilər.
Yaxınlaşdığım oxuculardan biri – Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbəsi Ülviyyə Əhmədova asudə vaxtında tez-tez buraya üz tutduğunu bildirdi. Etdiyimiz söhbətdən məlum oldu ki, onun ilk oxuduğu kitab V.Hüqonun “Səfillər” əsəridir. Zamanın və şəraitin sınaqları ilə üzləşən, çətinlik çəkən insanların talelərini özündə əks etdirən əsərlərə xüsusi marağı olduğunu bildirən Ülviyyə bu baxımdan V.Hüqo və İ.Stoun yaradıcı­lığının vurğunu olduğunu dilə gətirdi. Digər oxucu Zəhra Qasımova isə nəzmlə yazılan əsərlərə daha çox üstünlük verdiyini və bu baxımdan H.Cavidin çox sevdiyi “İblis” əsərinin ədəbiyyatımızın təkrarsız bir nümunəsi olduğunu bildirdi.
İnci Məmmədzadə isə fikirlərini belə ifadə etdi: “Kitab yaxşı dostdur” fikrini tez-tez səsləndirirlər. Kitab oxumağı sevən insanlar oxuduqları hər kitabın son vərəqlərində bu bir cümləlik fikrin doğruluğuna bir daha əmin olurlar. Bəzən vaxt məhdudiyyəti səbəbi ilə bir kitabı bitirməyimiz aylar çəkir, lakin buna baxmayaraq, ilk səhifələrindən məzmununu tamamilə mənimsəmədiyimiz kitabı tam şəkildə qavramaq üçün onu tez zamanda yekunlaşdırmağa tələsərik. Bəzi əsərlər bizə o qədər təsir edir ki, onu oxuduqca həmin vərəqlərin içində sanki özümüzü tapırıq. Hətta bəzən orda yer alan bir obraz bizim həyatımızı da qısaca əks etdirə bilər. Belə hallarda həmin personajın aqibəti ilə maraqlanır, əsəri sona kimi həyəcanla oxuyuruq”.
Kitabxanada olarkən öyrəndik ki, 24916 üzvü olan bu mədəniyyət müəssisəsi 2015-ci ildə 775 yeni üzv qazanıb. Bu ilin yanvar ayı üçün isə bu göstərici 42 nəfərdir. Deməli, ay ərzində 42 nəfər ma­ariflənməyi qarşısına məqsəd qoyub, bu məqsədə doğru ilk addımlarını atıb. Bəs digərləri?
Burada Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əmanət Musayeva ilə görüşdüm. Müsahibim vaxtın azlığından şikayət edən bəzilərinə öz fikirlərini bildirdi: “İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində bir çox dəyişik­liklərlə qarşılaşa bilərik, lakin Günəşin çıxması ilə batması arasındakı məsafə elə bu gün də dəyişməz qalaraq eyni zaman çərçivəsini əhatə edir. 24 saat bütün gün üçün xidmətimizdədir və biz bu zamandan bütün məşğuliyyətlərimizə pay veririk, lakin növbə kitab oxumağa gələndə vaxtımızın olmamağından gileylənirik. Bəs niyə biz bir çox ehtiyaclarımızı təmin etməyə vaxt tapırıq, amma özümüzü kamilləşdirməyə vaxt tapmırıq? Kitabları sevmək, onlara vaxt ayırmaq heç də çətin deyil. Bunun üçün onların nə dərəcədə əhəmiyyətli olduqlarının fərqinə varmalıyıq. Kitab dostdur, həyatdır, dərsdir və ən əsası kitab insanların xilaskarıdır. Kitabların kölgəsində böyüdə bilmədiyimiz bir nəsli silahların kölgəsindən qurtara bilmərik”.
Kitab oxuyan şəxs minlərlə həyatı, oxumayan şəxs isə bir həyatı kəşf edər. Hər kitab bizə mütləq nələri isə öyrədər. Gəlin öyrənməkdən özümüzü məhrum etməyək!

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR