23 Dekabr 2024, Bazar ertəsi

Bu rubrikamızda orta əsrlər dövründən başlayaraq müasir dövrümüzədək Naxçıvan torpağının yetişdirdiyi dahilərdən, məşhur şəxsiyyətlərdən söhbət açırıq. Budəfəki yazımızı məşhur naxçıvanlı memarlar Əmirəddin Məsud Naxçıvani və Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaniyə  həsr etdik.  Bilirik ki, Azərbaycan memarlıq tarixinin önəmli bir dövrü Naxçıvan memarlıq məktəbinin adı ilə bağlıdır. Məlum olduğu kimi, Naxçıvan memarlıq məktəbinin banisi XI-XII əsrlərdə fəaliyyət göstərmiş, yaratdığı bir çox memarlıq əsərləri ilə dünya şöhrəti qazanmış Əcəmi Əbubəkr oğlu Naxçıvanidir. O, Azərbaycan intibahının çiçəklənmə dövrünün ən görkəmli şəxsiyyətlərindən biri hesab olunur.

Bildiyimiz kimi, Naxçıvan-Marağa memarlıq məktəbi dövrün ən mükəmməl inşaat quruluşlarının tətbiqi, tikililərin texniki quruluşu ilə onların bədii həllinin tektonikliyinə nail olunması baxımından ən yüksək səviyyəyə qalxmışdı.

XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvanda urbanistik mədəniyyət təşəkkül tapmışdı. Atabəylər dövlətinin hakimiyyəti dövründə Naxçıvan daha əzəmətli bir şəhər olmuş, ölkənin siyasi, iqtisadi, mədəni, sənətkarlıq mərkəzinə çevrilmişdi. Həmin dövrlərdə Naxçıvanda memarlıq sənəti inkişafının yüksək səviyyəsinə çatmış, bununla bağlı Azərbaycan memarlığının ayrıca üslubu yaranmışdır.
Təsadüfi deyil ki, bu üslub sonralar daha da inkişaf etdirilərək geniş yayılmış və “Naxçıvan memarlıq məktəbi” adı ilə tarixə düşmüşdür. Bu məktəb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani, Əmirəddin Məsud Naxçıvani, Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani kimi dahi memarlar bəxş etmişdir. Bəli, bu torpaq dünya şöhrətli memarların doğulduğu məkandır. Gəlin onları birlikdə tanıyaq.
Əmirəddin Məsud Naxçıvani XII əsr Naxçıvan memarlıq məktəbinin nümayəndələrindəndir. Naxçıvanda Eldənizlər sarayında yaşamışdır. Əcəmi memarlıq üslubunun davamçısı оlmuş, dini və xatirə memarlığı ilə yanaşı, ictimai binaların inşasında və bəzədilməsində də iştirak etmişdir. Müasiri Nizami Gəncəvi kimi, Əmirəddin Məsud Naxçıvani də ulduzların Yerdə baş verən hadisələrə müdaxiləsi barədə saray münəccimlərinin fikirlərini qəbul etməmiş, оnlar atabəyi guya 40 gəz (42 m) tоrpağı sоvurub aparacaq qasırğa qоpacağına inandırmağa cəhd göstərərkən buna etirazını bildirmişdir. Təkzibində haqlı оlan Əmirəddin bunu şeirlə də ifadə etmişdir. Bu barədə Zəkəriya Qəzvininin “Əcaib əl-buldan” (Ölkələrin maraqlı tərəfləri) əsərində bəhs оlunur. Alim və memar kimi Əmirəddin Məsud Naxçıvani Əcəmi memarlıq üslubunu təkmilləşdirərək Naxçıvanın dini-mədəni arxitekturasının inkişafında mühüm rol oynamışdır. Onun töhfələri Qafqaz regionuna mühüm təsir etmiş, 15-16-cı əsr memarları onun irsindən bəhrələnmişlər. Məsud tərəfindən inşa edilən abidələr bir çox digər beynəlxalq alimlər və arxeoloqlar tərəfindən əhəmiyyətli bir istinad kimi istifadə olunur.
Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani orta əsr Azərbaycan memarıdır. Naxçıvan memarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Əhməd Naxçıvaninin dövrümüzə iki əsəri gəlib çatmışdır. Onlardan biri “Nüşabə qalası” kimi də tanınan Bərdə türbəsi (1322), digəri isə Qudi xatunun şərəfinə inşa edilmiş Qarabağlar Türbə Kompleksidir (XIV əsrin 30-cu illəri). Qarabağlar türbəsinin şimal tərəfindəki baştağın tünd-bənövşəyi rəngli kaşı yerliyi üzərində nəsx xətti ilə memar öz adını yazmışdır. Binanın kompozisiya həlli, həndəsi və yarımhəndəsi quruluşu, çoxrəngli kaşı ornamentlərin tətbiqi, kitabələrdən bəzək vasitəsi kimi istifadə edilməsi Əhməd Naxçıvaninin yaradıcılıq üslubu üçün səciyyəvidir. Ümumi quruluşunun fərdi cəhətləri ilə fərqlənən Axsadan baba türbəsinin (Bərdə şəhəri) də memarının Əhməd Naxçıvani olduğu güman edilir.
Qeyd edək ki, L.Bretanitski və Ə.Salamzadənin “Orta əsr Azərbaycan memarları və memarlıqla əlaqədar sənətkarlar”, Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” kitablarında, bununla birlikdə bir çox mənbədə naxçıvanlı memarlar haqqında məlumatlara rast gəlinir.
Unutmayaq ki, Naxçıvan memarları ümumşərq memarlığında görkəmli yer tuta bilən üsullar yaratmış və tətbiq etmişlər. Bu gün o memarların yaşadıqları, nəfəs aldıqları, möhtəşəm sənət əsərləri yaratdıqları bir torpaqda yaşadığımız üçün qürur duyuruq.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR