Zəngin tarixə və qədim mədəniyyətə malik olan Naxçıvan torpağından həm də tarixin müxtəlif dövrlərində görkəmli ziyalılar, mütəfəkkir və yazıçılar çıxmışdır. Xalqımızın maariflənməsi, ədəbiyyatımızın, mədəniyyətimizin, elmimizin inkişafında yorulmadan fəaliyyət göstərən bu görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin öyrənilməsi, bugünkü və gələcək nəsillərə çatdırılması vacib məsələdir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Tariximizin qədim dövrlərini cəmiyyətə, dünyaya daha geniş çatdırmaq istəyərkən, birinci növbədə, mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, tarixi-memarlıq abidələrimizə və böyük şairlərimizin, mütəfəkkirlərimizin yaradıcılığına istinad etməliyik”. Məhz bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm də ədəbiyyatımızın, mədəniyyətimizin, ümumilikdə, ictimai fikir tariximizin öyrənilməsinə xidmət edən mühüm dövlət sənədidir.
Görkəmli yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun çoxşaxəli fəaliyyəti Azərbaycan ictimai fikir tarixində mühüm mərhələ təşkil edir. 1866-cı il mayın 5-də Naxçıvan şəhərində anadan olan Eynəli bəy Sultanov ilk təhsilini Naxçıvan qəza məktəbində almışdır. 1880-1886-cı illərdə “İrəvan kişi gimnaziyası”nda təhsilini davam etdirən gənc Eynəli öz bilik səviyyəsini xeyli zənginləşdirmiş, Avropa ədəbiyyatını və Qərb maarifçiliyini dərindən mənimsəmişdir. 1886-cı ildə gimnaziyanın yeddinci sinfindən çıxdıqdan sonra yüksək hazırlığı, mənəvi yetkinliyi, ədəbi istedadı nəzərə alınaraq Pedaqoji şuranın qərarı ilə ona şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilmişdir.
Eynəli bəy Naxçıvanda mədəni-maarif tədbirlərinin təşkilatçısı, tərəqqisevər ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi olmuşdur. Görkəmli ziyalı gimnaziyada oxuyarkən Naxçıvanda maarifçi mühitin formalaşmasında yaxından iştirak etmiş, 1882-1883-cü illərdə burada “Ziyalı məclisi”, “Müsəlman dram incəsənəti cəmiyyəti” kimi ədəbi-mədəni mərkəzlər yaratmışdır. Bu mərkəzlərdə dövrün ictimai-siyasi məsələləri tez-tez müzakirə edilir, fanatizmə qarşı mübarizənin yolları araşdırılır, məktəblər, kitabxanalar açmaq qərara alınır və digər mədəni tədbirlər həyata keçirilirdi.
Mədəniyyət tariximizə adını həm də teatr xadimi və tənqidçisi kimi həkk etdirən Eynəli bəy Sultanov Naxçıvanda teatr sənətinin təşəkkülündə mühüm xidmətlər göstərmişdir. O, qabaqcıl ziyalıları öz ətrafında toplayaraq Naxçıvan teatrının yaranmasında yaxından iştirak etmiş, bəzi tamaşalara rejissorluq, hətta aktyorluq etmişdir. O dövrdə Naxçıvanda fəaliyyət göstərən “Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti”nin nümayəndələri Eynəli bəy Sultanovun rəhbərliyi ilə Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” əsərini tamaşaya hazırlamışdılar. Tamaşa ilk dəfə 1883-cü ildə göstərilmiş və bununla da Naxçıvan teatrının əsası qoyulmuşdur. Bu dövrdə görkəmli maarifçi Naxçıvanda kitabxana da açdırmış və Əsəd bəy Kəngərlinski ilə birlikdə ilk mətbəəni yaratmışdır.
Eynəli bəy Sultanov ədəbi-mədəni sahədəki xidmətləri ilə yanaşı, həm də dövlət strukturlarında səmərəli fəaliyyət göstərmişdir. 1886-1891-ci illərdə qısa fasilələrlə Naxçıvanda yaşayan Eynəli bəy Sultanov əsasən Qars Şəhər Şurasında mühüm işlər üzrə məmur vəzifəsində çalışmışdır. 1892-ci ildən isə Azərbaycanın İrəvan şəhərində fəaliyyətini davam etdirmiş, İrəvan quberniya idarəsində birinci dərəcəli dəftərxana xidmətçisi, 1893-cü ildən İrəvan Dairə Məhkəməsində tərcüməçi, 1894-cü ildən məhkəmə katibinin köməkçisi vəzifələrində işləmiş, hətta Dairə Məhkəməsində mülki işlər üzrə üçüncü stolun rəisi vəzifəsinə yüksəlmişdir. Daha sonra hüquq sahəsində təcrübə qazanan Eynəli bəy Sultanov prokurorluq orqanlarına işə keçirilmiş, 1897-1903-cü illərdə Dairə Məhkəməsi prokurorunun köməkçisi vəzifəsini daşımışdır. Rusdilli dövlət orqanlarında hüquq sahəsində çalışan Eynəli bəy Sultanov səlahiyyəti daxilində mənsub olduğu xalqın haqlarını müdafiə etməyə çalışmışdır. 1906-cı ildən etibarən İrəvan Dairə Məhkəməsi prokurorunun Naxçıvan üzrə köməkçisi vəzifəsini daşıyan Eynəli bəy Sultanov 1907-ci ildə İrəvan Dövlət Dumasına deputat seçilmiş, ictimai xadim kimi fəaliyyət göstərmişdir. Onun millət vəkili seçilməsində və deputat kimi fəaliyyətində hüquq sahəsində qazandığı təcrübənin mühüm rolu olmuşdur.
Hər bir xalqın ən böyük sərvəti onun malik olduğu vətənpərvər və ziyalı insanlarıdır. Eynəli bəy Sultanov da əsl ziyalı, humanist və mərhəmətli ürək sahibi idi. O, xalqının övladlarını həm savadlı, oxumuş, geniş dünyagörüşlü görmək istəyirdi, həm də onların həyat tərzinin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəmirdi. Belə ki, Eynəli bəy irsən ona çatan Göynük, Sürməlik və Sirab kəndlərindəki torpaqlarını kəndlilərə bağışlamışdır. Bu, XX əsrin əvvəllərində bəy nəslinə mənsub olan maarifçi ziyalının islahatçı düşüncəsini konkret əməli işlə həyata keçirməsi sahəsində atdığı ciddi addım idi.
Eynəli bəy Sultanovun Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olmuşdur. Onun dövrünün ictimai-siyasi hadisələrinə işıq tutan məqalələri bu gün də öz ictimai əhəmiyyətini qoruyub saxlayır. Azərbaycan gerçəkliyini rusdilli mətbuatda geniş oxucu kütləsinə çatdıran publisist xalqını azad insanlar, xoşbəxtlər içərisində, maarifçilər arasında görmək istəyirdi. 1891-ci ildən “Novoe obozrenie” qəzetində ardıcıl olaraq ədəbi-publisist yazıları dərc olunan Eynəli bəy Sultanov 1905-1908-ci illərdə “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri olmuşdur. Lakin o, harada yaşamasından və çalışmasından asılı olmayaraq, heç vaxt Naxçıvan mühiti ilə əlaqəni kəsməmiş, ədəbi-mədəni tədbirlərdə iştirak etməyə çalışmış, mətbuat səhifələrində “Naxçıvan xəbərləri”, “Naxçıvanda nə danışırlar”, “Naxçıvan əhli”, “Naxçıvan publikası” rubrikalı silsilə yazılarla çıxış etmişdir.
Unudulmaz qələm sahibi bədii yaradıcılıq sahəsində də öz istedadını sınamışdır. XIX əsrin 80-ci illərindən ədəbi fəaliyyətə başlayan ədibin “Azərbaycan qızı” (“Tatarka”) pyesi Naxçıvanda tamaşaya qoyulmuş, 1904-cü ildə İrəvanda kitab halında nəşr edilmişdir. Qadın azadlığı məsələsinə həsr edilən bu pyes dövrün ziddiyyətli məqamlarını, qadına olan ögey münasibəti və bu vəziyyətdən çıxış yolunu göstərən dəyərli əsərdir. Bununla yanaşı, Eynəli bəy Sultanov “Atalıq”, “Səhhət – verirsən, vermirsən” kimi pyeslər, hekayələr və şeirlər yazmış, əsərlərində köhnəliyin tənqidi, maarifçi ideyaların təbliği, folklor motivlərinin tərənnümü, milli dəyərlərimizin və qədim adət-ənənələrimizin təsviri öz əksini tapmışdır. Eynəli bəy Sultanov Naxçıvan folkloru materiallarını da toplamış, müasiri olduğu yazıçı və şairlərin əsərlərinə məqalə və resenziyalar yazmış, ədəbiyyatda realizmin və vətəndaş fəallığının müdafiəçisi kimi çıxış etmişdir.
Yazıçı-publisist müxtəlif vaxtlarda ədəbi tərcümə ilə məşğul olmuş, Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər” və “Hacı Qara” komediyalarını, Sədinin “Gülüstan” kitabından nümunələri və Baba Tahirin “Allah insan məhkəməsi qarşısında” adlı ictimai ruhlu məsnəvisini rus dilinə, Maksim Qorkinin “Həyatdan lövhələr”, Vladimir Mayakovskinin “Bakı” şeirini, Krılovun “Tülkü və üzüm” təmsilini Azərbaycan dilinə tərcümə etmişdir.
1908-ci ildən etibarən Eynəli bəy Sultanovun həyat və fəaliyyətinin Tiflis dövrü başlanır. Ömrünün sonunadək Tiflisdə yaşayan ədib bu illərdə ədəbi-ictimai mühitin müxtəlif istiqamətlərində, xüsusilə də teatrın və mətbuatın inkişafında yaxından iştirak etmiş, pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Belə ki, Eynəli bəy Sultanov 1909-cu ildə Tiflisdə “Zubalov adına xalq evi” yanında Azərbaycan dram şöbəsinin əsas təsisçilərindən biri olmuş, 1911-ci ildə Gürcü Əyanlar teatrında təşkil olunan Azərbaycan Teatr Cəmiyyətinin bürosuna üzv seçilmişdir. Onun müxtəlif tamaşalara yazdığı resenziyalar, ayrı-ayrı aktyorlar haqqında çap etdirdiyi məqalələr Tiflisdəki Azərbaycan teatrının təşəkkülünə müsbət təsir göstərmiş, eyni zamanda onun dövrünün görkəmli teatr tənqidçisi kimi tanınmasına səbəb olmuşdur.
Eynəli bəy Sultanov 1912-1916-cı illərdə Tiflis birinci qadın gimnaziyasında rus dili dərslərini, 1917-ci ildən isə ana dilini tədris etmiş, sinif nəzarətçisi olmuş, müəllimlik vəzifəsini şərəflə yerinə yetirmişdir. Həmçinin o, Tiflisdə çıxan “Zakavkazye” qəzetinin “Müsəlman həyatı” şöbəsinin müdiri olmuş, rusdilli mətbuat orqanları ilə əməkdaşlıq etmişdir. 1921-1923-cü illərdə “Kavkazskaya kommuna” qəzetinin redaktoru, 1924-1926-cı illərdə “İşıq yolu” qəzetinin məsul katibi vəzifələrində çalışmışdır. Azərbaycanda latın qrafikalı əlifbaya keçid sahəsində də iyirmi ilə yaxın ardıcıl fəaliyyət göstərən Eynəli bəy Sultanov 1924-cü ildə Yeni Əlifba Komitəsi Tiflis şöbəsinin katibi vəzifəsini həyata keçirmiş, 1930-cu ildə bu komitənin tərcüməçisi vəzifəsindən təqaüdə çıxmışdır.
Eynəli bəy Sultanov 1935-ci ildə Tiflis şəhərində vəfat etmişdir. Onun xalqımızın maariflənməsi və mədəni tərəqqisi yolunda göstərdiyi xidmətlər Azərbaycan ictimai fikir tarixinin şanlı səhifəsini təşkil edir. Ona görə də Eynəli bəy Sultanov kimi görkəmli mütəfəkkirlərin həyat və fəaliyyətini öyrənmək bu gün qarşıda duran əsas vəzifələrdəndir.
“Şərq qapısı”