Xalq təqviminə görə, kiçik çillə fevral ayının 19-u öz ömrünü başa vurub yerini boz aya verir. Boz ay xalq arasında həm də “alaçalpov”, “çillə beçə”, “ağlar-gülər”, “cəmlələr” və sair adlarla tanınır. “Boz ay” kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə (martın 21-i) qədər olan dövrü əhatə edir. Ayın bu cür adlanması onun buludlu, yağışlı, küləkli, bəzən günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır.
Xalq arasında boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu, daha çox boz ayın sərtliyi və havaların bozarmasına işarədir. Kiçik çillə ilə Novruz arasındakı “boz ay” qışdan yaza keçid dövrünü əks etdirir. Xalq arasında boz aya “bayram ayı” da deyilir. Ordubad bölgəsində bu ay həm də “aftabovut” adlanır ki, mənası da Günəşin düşməsi, Günəş anlamına gəlir. Müxtəlif adlarla bilinən boz ayın dörd çərşənbəsi çillə çıxartmanı əhatə edir.
Boz ayın dörd çərşənbəsi müqəddəs sayılmış və təbiətin dəyişməsində dörd ünsür: su, od, torpaq və yel mühüm rol oynamışdır. Tədqiqatçılar dörd çərşənbənin ilk üçünün “doğru üskü”, sonuncusunun isə “ilin axır çərşənbəsi” olduğunu qeyd edirlər. Xalq arasında olan məlumatlara söykənərək demək olar ki, son dövrlərə qədər axır çərşənbə istisna olmaqla, digər çərşənbələr qeyd edilməmişdir. Sadəcə olaraq Ordubad bölgəsində od yandırardılar. Xalq boz ayın dörd çərşənbəsinin hər biri ilə bağlı müxtəlif ayin, etiqad, inanc və mərasimlər yaratmışdır. Boz ayın ilk müqəddəs çərşənbəsi xalq arasında “əzəl çərşənbə”, “gözəl çərşənbə”, “yalançı çərşənbə” kimi tanınan su çərşənbəsidir. Qarapapaq türklərində də bu çərşənbəyə “yalançı çərşənbə” deyilir. Xalq bu çərşənbədə baş verəcək dəyişikliklərə inanmamış, onun üçün də onu yalançı adlandırmışdır.
İnanca görə, yazın nəfəsi öncə suya toxunur. Xalq arasında deyilir ki, bu gündən sulara ixtiyar verilir. Buna görə də bu çərşənbə suyun təzələnməsi ilə əlaqədardır. Həmin çərşənbədə su oyanır, saflaşır, təzələnir. Elə ki cəmrə suya düşdü, sular coşmağa, qızmağa, dəyişməyə başlayır. İnanca görə, bundan sonra quyuların suyu çoxalmağa başlayır, suların donuşluğu aradan qalxır, quyruqdoğduda kəsərdən düşmüş, tərkibi dəyişilmiş mineral sular (şor sular) müalicəvi xüsusiyyətlərini bərpa edir.
Topladığımız etnoqrafik çöl materiallarına söykənərək demək olar ki, su çərşənbəsində su üstə gedərlər, ancaq su gətirməzlər. Su üstə gedib oradan su götürmək adətinə ilin axır çərşənbəsinin səhəri əməl edərlər. Xalq arasında olan inama görə, həmin gün sudan nə istəsən həyata keçər. Bununla əlaqəli bir deyim də vardır:
Su üstə, Novruz üstə,
Bəxtini sudan istə.
Su çərşənbəsi ərəfəsində su arxları təmizlənər, bulaqların, çeşmələrin gözü açılar, ovdanlar, hovuzlar təmizlənər, bərpa işləri aparılardı.
Bir məsələni də qeyd edək ki, xalqımız ta qədim zamanlardan suya kult kimi baxmış, ona inanmış, ona tapınmışdır. Xalqımızın ən qədim andlarının bəziləri su ilə bağlı olmuşdur. And içəndə belə deyiblər: “Su haqqı”, “Axar suya kor baxım”, “Bu su üstümdə tapılmasın”. Su kultu, su inamı olaraq boğazı gəlmiş uşağa çərşənbə suyu içirdərdilər.
Asəf ORUCOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı