23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilim zəngin xəzinəmdir” mövzusunda V muxtar respublika şeir müsabiqəsi keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sahir Rüstəmov, Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Yurd­oğlu çıxış edərək bu günün qeyd edilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycan dilinin inkişafı sahəsində atılan ən mühüm addım ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci ildə ölkənin Əsas Qanununda Azərbaycan dilinin dövlət dili kimi təsbiti idi. Xalqımızın əsas milli dəyərlərindən biri olan ana dilinin sonrakı dövrlərdə də qorunması və inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb, qanunvericilik bazası möhkəmləndirilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Vurğulanıb ki, muxtar respublikamızda da ən ali milli dəyərimiz olan Azərbaycan dilinin saflığının qorunması, dilimizin imkanlarının təbliği istiqamətində məqsədyönlü tədbirlər görülür. Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması doğma Azərbaycan dilimizə hörmət və ehtiramın ən ali yanaşmasıdır. Hər bir yeniyetmə və gənc bu abidənin yanından keçəndə, sözsüz ki, ayaq saxlayıb ana dilimizin ucalığını, müqəddəsliyini düşünür və onu qorumağı özünə mənəvi borc bilir.
“Dilim zəngin xəzinəmdir” mövzusunda V muxtar respublika şeir müsabiqəsində 11 şagird və kursant şeir qiraət edib. Müsabiqədə Şərur rayon Püsyan kənd tam orta məktəbinin şagirdi Əli Sadiqov I yerin qalibi olub. Heydər Əliyev adına Hərbi Liseyin kursantı Murad Hacıyev və Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdi Əhməd Əhmədli II yerə, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Qızbəsti Quliyeva, Naxçıvan Qızlar Liseyinin şagirdi Gülay Novruzova və Culfa rayon Dizə kənd tam orta məktəbinin şagirdi Nərminə Həsənova III yerə layiq görülüblər.
Sonda qaliblər və həvəsləndirici yerlərə layiq görülənlər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR