Hər il fevral ayının 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.
Azərbaycan dili xalqımızın milli varlığının, Azərbaycançılıq məfkurəsinin əsasını təşkil edir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçmiş, zaman-zaman ən müxtəlif təqib və təzyiqlərə məruz qalmış, lakin öz varlığını qoruyub saxlamışdır. Türk dilləri ailəsinə aid olan Azərbaycan dilində bu gün 50 milyondan artıq insan danışır. Böyük rus şairi Mixail Yuryeviç Lermontov Azərbaycan dilinin incəliklərini, zənginliyini, şirinliyini və tutduğu ərazidəki mövqeyini nəzərə alaraq yazırdı: “Azərbaycan dilini öyrənməyə başlamışam. Fransız dili Avropada zəruri olduğu kimi, bu dil də burada, ümumiyyətlə, Asiyada zəruridir”.
Dil və xalq ayrılmaz məfhumlardır. Xalqın tarixi taleyini onun dili də yaşayır. Azərbaycan tarix boyu yadelli işğalçıların təsirinə məruz qalmış, nəticədə, doğma dilimiz də çətin sınaqlarla üzləşmişdir. Lakin milli dəyərlərini heç zaman unutmayan xalqımız dilimizin məhv olmasına, yad dillərin təsirinə düşməsinə yol verməmiş, onu qoruyub saxlamış, saflığını, şirinliyini bu günədək gətirib çıxartmışdır. 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dilimizi dövlət dili kimi təsdiqləyib. 1936-cı ildən sonra isə Azərbaycan dili rəsmən dövlət dili sayılsa da bu, formal xarakter daşımış və dövlət idarələrində məhdud çərçivədə işlənmişdir.
Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə ulu öndərimizin Azərbaycana rəhbər seçilməsindən sonra ana dilimizə münasibət də dəyişmişdir. “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan ana dilini hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”, – deyən ümummilli lider hakimiyyətdə olduğu illərdə dil siyasətinə mühüm əhəmiyyət vermişdir. Bunun nəticəsidir ki, 1970-ci ildən Azərbaycan dili elmi şəkildə öyrənilmiş, müasir Azərbaycan dilinin problemləri ilə bağlı çoxsaylı elmi-nəzəri əsərlər yaradılmışdır. Ali məktəblər üçün yazılmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi 1974-cü ildə məhz ulu öndərin təşəbbüsü ilə respublikanın dövlət mükafatına layiq görülmüşdü. Sovet imperiyası dövründə ümummilli liderimiz böyük cəsarət göstərərək Azərbaycan ədəbi dilinin qorunması və inkişafına xüsusi diqqət yetirirdi. Dahi rəhbər ana dilimizin 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olmuşdur.
Azərbaycan Respublikası müstəqillik qazanandan sonra, bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsinə zərurət yarandı. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ana dilimizin nüfuzunun artırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparmağa başladı. Ana dilimizin qorunması, inkişaf etdirilməsi, respublikanın bütün idarə və təşkilatlarında dövlət dili kimi tətbiq edilməsi istiqamətində daha qətiyyətli addımlar atıldı. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyul və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanları dilimizin və dilçiliyimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Həmçinin ümummilli liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev dilimizin daha geniş təbliğinə hərtərəfli imkanlar yaradıb. Bu gün inkişaf etmiş bir çox dünya dövlətlərində Azərbaycan dilində təlim verən məktəblər açılıb, həmin məktəblər doğma dilimizdə olan dərsliklərlə, metodiki və bədii ədəbiyyatlarla təmin edilib. Artıq dilimiz dünyanın mötəbər kürsülərindən eşidilir.
Ölkə Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamlarına əsasən, latın qrafikalı Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyatlar çap olunaraq ölkə kitabxanalarına paylanılıb. Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Dövlət Proqramında Azərbaycan dili və dilçiliyi ilə yanaşı, həm də tərcümə fəaliyyəti, terminologiyanın inkişafı, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələləri öz əksini tapmış, televiziya və radiolarda Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuralar yaradılmışdır.
Bu gün muxtar respublikamızda da dövlət dil siyasəti uğurla həyata keçirilir. İstər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunması, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə reallaşdırılan tədbirlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizə ehtiramın ən böyük ifadəsidir.
Milli dəyərlərin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı öz ana dilini qorumalı, onun mənəvi-siyasi nüfuzunu təkcə ölkə daxilində deyil, bütün dünyada yüksəltməyə çalışmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Millətin milliliyini saxlayan onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.
“Şərq qapısı”