Naxçıvan Müəllimlər İnstitutunda 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dili milli varlığımızın əsas göstəricisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri institutun tədris işləri üzrə prorektoru, professor Akif İmanlı açaraq bu günün qeyd edilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan dilinin inkişafı sahəsində atılan ən mühüm addım ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci ildə ölkənin Əsas Qanununda Azərbaycan dilinin dövlət dili kimi təsbiti idi. Xalqımızın əsas milli dəyərlərindən biri olan ana dilinin sonrakı dövrlərdə də qorunması və inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb, qanunvericilik bazası möhkəmləndirilib.
Tədbirdə ali məktəbin tərbiyə işləri üzrə prorektoru, professor Sədaqət Həsənova “Dilimiz mənəvi kimliyimizdir” mövzusunda çıxış edib. Qeyd olunub ki, Azərbaycan dili türk dilləri ailəsində ən möhtəşəmidir. Dilimiz dünyanın ən musiqili dili adlandırılır. Bu isə təsadüfi deyil. Çünki bu dildə sait səslərin çoxluğu onun ahəngdarlığını daha da artırır. Azərbaycan dili həm də lüğət tərkibinə və sintaktik quruluşuna görə zəngin bir dildir. Ümumiyyətlə, Azərbaycan dili statuslu, minillik yaddaş tariximizin bütün incəliklərini ifadə etmək iqtidarında olan, həyatın bütün sahələrinin modullarını özündə əks etdirən, bütün təqiblərə, təzyiqlərə müqavimətli, dünya dilləri sırasında bərabərhüquqlu mövqeyə malik zəngin yazılı və şifahi ədəbiyyatı olan dildir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət dil siyasətindən də danışılıb. Bildirilib ki, Naxçıvan şəhərində “Ana dili” abidəsinin ucaldılması, Azərbaycanda latın qrafikasına keçiddən sonra muxtar respublikanın kitabxanalarına 2 milyondan artıq kitab verilməsi ana dilimizə olan dərin ehtiramın ifadəsidir. Son illər muxtar respublikada dərc olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan tarixi” və xeyli sayda digər nəşrlər tariximiz, mədəniyyətimizlə yanaşı, dilimizin də inkişafına mühüm töhfədir.
Çıxışlarda o da vurğulanıb ki, bu gün hamımızdan Azərbaycan dilinə münasibətdə, dilimizin saflığının qorunmasında vətəndaşlıq mövqeyi tələb olunur. Dilimizi qorumaq isə bir nəfərin, yaxud bir kollektivin işi yox, ümumxalq işi olmalıdır.
Xəbərlər şöbəsi