Dünən Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrı Babək Rayon Mədəniyyət Evində böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin birpərdəli “Kamança” pyesini yeni quruluşda tamaşaçılara təqdim edib.
Tamaşadan əvvəl çıxış edən Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyev bildirib ki, bu gün nümayiş etdiriləcək “Kamança” tamaşasındakı hadisələr yüz il bundan əvvəl Qarabağ torpağında baş versə də, bu günümüzlə səsləşir.
Sonra teatrsevərlər “Kamança” pyesi əsasında hazırlanmış tamaşaya baxıblar. Tamaşanın əsas surətlərindən olan Qəhrəman yüzbaşı (Oruc Əliyev) ətrafına qorxmaz gəncləri toplayaraq öz həmvətənlərini ermənilərdən müdafiə edir. Oruc Əliyev Qəhrəman yüzbaşı surətini təbii, öz torpağına bağlı bir insan kimi təqdim edə bilir. Nadir Məhərrəmovun oynadığı erməni kamançaçalan Baxşı da tamaşanın dinamik və maraqlı tipi kimi yadda qalır. Cəlil Məmmədquluzadənin xalqımızın dərin humanizmini göstərən və sənətkarlığı ilə seçilən bu kiçikhəcmli pyesində dövrün incə mətləblərini anlatmaq üslubu hər an hiss olunur.
Tamaşadakı Qaraş (Emin Yusifli), Əziz (Rəcəb Quliyev), Həsənli (Xəyal Bayramov), Novruz (Arzu Quliyev), Zeynəb (Günəş Ağayeva) kimi surətlər də dövrün mənzərəsini canlandırırlar.
“Kamança” tamaşasının sonluğu – final hissəsi bu günümüzlə əlaqələndirilib. Öz elini, həmvətənlərini, torpağını qoruyan azərbaycanlıların həlak olması, Dədə Qorqudun (Həsən Məmmədov) səhnəyə gələrək xalqı ayıq olmağa səsləməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, başqa bədii təsvir vasitələri mövzunun bu gün də aktual olduğunu göstərir.
“Kamança” tamaşasının rejissoru Günəş Ağayeva, musiqi tərtibatçısı Qurban Rəhimov, tərtibatçı rəssamı Hikmət Əliyevdir.
Tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Əli RZAYEV