Tarixin müxtəlif dövrlərində “İmamzadə”lər sosial-siyasi və ideoloji
mərkəzlər kimi fəaliyyət göstərib
Qədim və zəngin tarixi keçmişi ilə fərqlənən Naxçıvan çoxsaylı abidələr diyarı kimi tanınır. Bu mühüm maddi və eyni zamanda mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən “İmamzadə”lərin özünəməxsus əhəmiyyəti, xüsusi yeri vardır. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.
Naxçıvandakı “İmamzadə” komplekslərinin yaranma tarixindən danışmazdan əvvəl “İmamzadə” anlayışı haqda qısa da olsa məlumat vermək istərdik. “İmam” kəlməsi ərəb dilindən tərcümədə rəhbər, başçı, öndə duran mənalarını ifadə edir. İslam dünyasında Məhəmməd Peyğəmbərdən sonra dini rəhbər funksiyalarını yerinə yetirən və məhz bu müqəddəs şəxsiyyətin nəslindən olan şəxslər İmam adlandırılıblar. Tarixdən məlumdur ki, şiə imamları Abbasi xəlifələri tərəfindən daim təqib olunub, bu səbəbdən də onların övladları təqibdən yaxa qurtarmaq üçün müxtəlif ölkələrə, eləcə də Azərbaycana pənah gətiriblər. Azərbaycanda Səfəvi dövlətini yaradan Qızılbaş şeyxləri və onların davamçıları şiəlik məzhəbini daha da yaymaq və bu məzhəbin nüfuz dairəsini genişləndirmək üçün şiə imamları ilə bağlı olan ziyarətgahlara diqqətlə yanaşaraq bu qəbirlər üzərində türbələr inşa etdiriblər. Təsadüfi deyildir ki, Naxçıvan şəhərində, Babək rayonunun Nehrəm kəndində və Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki “İmamzadə”lər Səfəvilər dövründə inşa edilib.
Naxçıvan şəhəri ərazisindəki “İmamzadə” türbəsi özündə qədim və zəngin sənətkarlıq xüsusiyyətlərinə malik türk və müsəlman memarlığı ənənələrinin qarşılıqlı vəhdətini ehtiva edir. Belə ki, VIII-IX əsrlərin qovşağında Azərbaycan ərazisində xalq tərəfindən yeni qəbul edilmiş İslam dini və müsəlman mədəniyyəti elementləri insanların, xüsusilə də sənətkarların, memarların şüuruna kor-koranə surətdə hopmayıb. Qədim mədəni-mənəvi dəyərlərin bu yeni xüsusiyyətlərlə zənginləşməsi sayəsində əvvəlki abidələrdən daha fərqli, möhtəşəm və həmin dövr üçün yenilikçi xarakterli sənətkarlıq nümunələri meydana gəlib.
“Naxçıvan Abidələri Ensiklopediyası”nda Naxçıvan şəhərinin cənub-şərq hissəsində yerləşən “İmamzadə” Kompleksinə daxil olan “İmamzadə” türbəsi haqqında ətraflı məlumat verilir. Aşağıdan kvadrat şəkildə inşa edilən abidənin yuxarı hissəsində, silindrşəkilli gövdəsində memar çox ustalıqla qırmızı rəngli bişmiş kərpicləri üfüqi, tünd bənövşəyi kaşılı kərpicləri isə şaquli şəkildə simmetrik düzərək Bərdə türbəsində olduğu kimi, xalını xatırladan bəzək ünsürü və Kufi xətlə dəfələrlə təkrarlanan epiqrafik motiv: “Allah” sözü yaradıb. Türbənin içərisində əhali tərəfindən ziyarət edilən bir qəbir vardır. Qəbrin üzərində epitafiya, məzar kitabəsi olmadığı üçün onun kimə aid olduğu haqqında dəqiq fikir söyləmək mümkün deyil. Ancaq şəhərin yaşlı əhalisinin söylədiyinə görə, bu qəbirdə şiələrin səkkizinci İmamı olan İmam Rzanın oğlu dəfn edilib. Epiqraf alim İ.Əzimbəyovun keçən yüzilliyin iyirminci illərində yazdığına görə türbənin şimal-qərb tərəfində Nəsx xətti ilə ərəb dilində yazılmış kitabə olub. Kitabənin mətnindən məlum olur ki, bu imarətin bina edilməsini böyük sultan, xaqan, hörmətli əmir sultan Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında mərhum, günahları bağışlanmış, Hacı Fulad bəyin oğlu, zəmanənin xeyirxahı həzrət Rufai bəy əmr edib. Kitabədə tarix qeyd olunmasa da orada vurğulanan “Əbu Müzəffər şah Təhmasib Bahadır xanın hakimiyyəti zamanında” sözlərinə əsasən türbənin inşa tarixini müəyyənləşdirmək mümkündür. Belə ki, Əbu Müzəffər şah Təhmasib Bahadır xan Səfəvi hökmdarı şah Sultan Hüseynin oğludur. Tarixdə II şah Təhmasib adı ilə tanınan bu adam 1722-32- ci illərdə hakimiyyətdə olub. Deməli, türbə XVIII əsrin 20-ci illərində inşa etdirilib.
“İmamzadə” türbələrindən biri də Babək rayonunun Nehrəm kəndində yerləşir, XVIII əsrə aid memarlıq abidəsidir. Türbə bir çox dəyişikliklərdən, təmir və bərpa işlərindən sonra dövrümüzədək gəlib çatıb. Nehrəm “İmamzadə”si türbə, təkyə və yardımçı binalardan ibarət böyük kompleksdir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var. Qəbrin üstü sənduqə formasındadır. Qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Əhali arasında yayılan rəvayətə görə, qəbirdə şiələrin yeddinci İmamı Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub.
Fevralın 15-də Xanlıqlar kəndində muxtar respublika rəhbərinin iştirakı ilə istifadəyə verilən “Parçı İmamzadəsi” bərpadan sonra bənzərsiz sənət nümunəsi kimi diqqəti çəkir. Son illər muxtar respublika ərazisindəki dini-mədəni abidələr və ziyarətgahların bərpa olunması, milli-mənəvi dəyərlərimizin yaşadılmasına və təbliğinə diqqət yetirilməsi bu abidənin də yenidən həyata vəsiqə almasına şərait yaradıb. Onu da qeyd edək ki, “İmamzadə”nin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılıb. Qədim “İmamzadə” türbəsi giriş və salondan ibarətdir. Aşağıdan kvadrat şəklində inşa edilən bu abidənin yuxarı hissəsi tağvari günbəzlə örtülüb. Tədqiqatçıların fikrincə, “İmamzadə” türbəsi XVI əsrə aiddir. Əvvəllər binanın daxilində bir məzar və daş kitabə olub. 1928-ci ildə tədqiqatçılar kompleksdə olarkən qəbrin üzərində ərəb əlifbası ilə “İbrahim ibn Musa” yazıldığını müəyyənləşdiriblər. 1988-ci ildə nəşr olunmuş “Xanlıqlar İmamzadəsi” adlı məlumat kitabçasında da bu məzarın yeddinci İmam Musa Kazımın oğlu İbrahimə məxsus olduğu yazılıb. Naxçıvan şəhərində yaradılmış ilk Diyarşünaslıq Muzeyindəki əlyazmalarda və elmi-tarixi məqalələrdə, həmçinin Bakıda nəşr olunmuş “Azərbaycanı öyrənmə yolu” adlı məcmuədə, Hüseyn Cavidin əmisi oğlu Məhəmməd Rəsizadənin “Şərur dairəsinə səyahət haqqında qeydlər” sərlövhəli məqaləsində də yuxarıdakı faktlar təsdiqlənir.
Bu “İmamzadə” yüksək bədii sənətkarlıq, memarlıq xüsusiyyətlərinə malik bir abidə kimi bu bölgənin hələ çox qədim dövrlərdən etibarən mühüm mədəniyyət mərkəzi kimi inkişaf etdiyini, burada yerli memarlıq məktəbi ənənələrinin formalaşdığını sübüt edir. Çünki böyük bir tarixi dövr ərzində yüksək sosial, iqtisadi, siyasi və ən əsası isə mədəni tərəqqisi ilə seçilən Naxçıvanda məhz belə mükəmməl sənət nümunələrinin yaradılması təsadüfi xarakter daşımayıb. Xanlıqlar kəndindəki “İmamzadə” abidəsi xalqımızın etnomental dəyərləri, dini baxış və təsəvvürlərini, inanclarını, etnopsixoloji və əxlaqi münasibətlər sistemini, bir növ, özündə təcəssüm etdirən mühüm bir ziyarətgahdır.
Xanlıqlar kənd tam orta məktəbinin tarix müəllimi Adil Cabbarov deyir ki, bu abidə qədim, şanlı tarixi ilə seçilən doğma Naxçıvanımızın zəngin çoxəsrlik mənəvi mühitinin göstəricisi, həmçinin onun yaşadıcısıdır. Bundan sonra da bu ziyarətgah yerli əhalinin öz milli-mənəvi dəyərlərini, vətənə sədaqətlilik duyğularını, humanist, saf əxlaqi baxış və münasibətlər sistemini, qədim tarixinə, ulu əcdadlarına, dininə, imanına həqiqi ehtiram duyğularını yaşatmağa şərait yaradan müqəddəs, pak məkan olacaq. Bu abidənin bərpası muxtar respublikada dövlətimizin dünya mədəniyyətinə, bəşər sivilizasiyasına zaman-zaman əvəzsiz töhfələr verdiyinin sübutlarından biridir.
AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli ilə söhbət zamanı deyir ki, Xanlıqlar kəndindəki “İmamzadə”nin bərpası muxtar respublikada tarix və mədəniyyət abidələrinin bərpası, qorunması və tədqiqi istiqamətində həyata keçirilən mühüm tədbirlərin davamıdır. Muxtar respublika rəhbərinin xüsusi diqqəti nəticəsində Əlincəçay Xanəgahı, Naxçıvan “İmamzadə”si, Qarabağlar Memarlıq Kompleksi, Möminə xatın, Yusif Küseyiroğlu türbələri, Əshabi-Kəhf ziyarətgahı, Ordubad buzxanası və onlarla digər abidələr bərpa edilərək xalqımıza qaytarılıb. Hazırda isə Naxçıvanda iki mühüm tarixi abidə – Əlincəqala və Gülüstan türbələri bərpa olunur. Dini, tarixi memarlıq abidələrinin ümumi və oxşar xüsusiyyətlərinin mövcudluğuna baxmayaraq, onların kifayət qədər spesifik, fərqləndirici cəhətləri mövcuddur. Xanlıqlar kəndindəki “İmamzadə”nin unikallığını şərtləndirən mühüm göstəricilər sırasında ən önəmli keyfiyyətlərindən biri də onun yalnız türbə, “İmamzadə” kimi mövcudluğunu məhdudlaşdırmamasıdır. Daha dəqiq ifadə etsək, bu abidə bütöv bir dini-mədəni və tarixi memarlıq kompleksidir. “İmamzadə”nin bərpası zamanı abidənin orijinallığı qorunub saxlanılıb, ümumi memarlıq ansamblı xüsusi diqqətlə mühafizə edilib.
Bu tip abidələr haqda onu da qeyd etmək olar ki, belə məkanların vəqfləri də olub. Xeyriyyə məqsədilə fəaliyyət göstərən vəqflərin gəliri isə “təamiyyə”, “təvliyyət”, “qurban”, “türbədarlıq”, “cibayət”, “fərraşiyyə” şəklində təmənnasız surətdə insanların, ehtiyacı olanların tələbatlarının ödənilməsinə sərf edilib.
Məhz Naxçıvan şəhərində, Nehrəm kəndində və Xanlıqlar kəndindəki tarixi abidələrin möhtəşəmliyi müqəddəs dini məkanlarımızın – “İmamzadə”lərin yalnız ibadətgah və ziyarətgah kimi deyil, həm də onların böyük bir tarixi dövr ərzində dəyərli elm, təhsil, ürfan mərkəzləri olaraq fəaliyyət göstərməsini sübuta yetirir. Təsadüfi deyildir ki, hələ orta əsrlər dövründən etibarən bu cür müqəddəs məkanlarımız gənc nəslin təlim və tərbiyə olunması, onların dini elmlərlə yanaşı, fundamental dünyəvi elmləri də dərindən mənimsəmələrinə, geniş dünyagörüşlü şəxsiyyətlər kimi düzgün formalaşmalarına şərait yaradan mərkəzlər olub. Eyni zamanda “İmamzadə” kompleksləri o dövrdə məscid və digər ibadət yerləri kimi yüksək intellektual səviyyəyə, müfəssəl elmi-nəzəri biliklərə, həqiqi ali insani dəyərlərə sahib olan əsl ziyalı şəxsiyyətlərin, Naxçıvanın sayılıb-seçilən ağsaqqallarının, din-iman əhli olan insanlarının toplaşaraq fikir mübadiləsi, elmi müzakirələr apardıqları əvəzsiz mərkəzlər rolunu oynayıblar.
Naxçıvanda “İmamzadə” ziyarətgahları artıq böyük bir tarixi müddət ərzində İslam dininin müqəddəs məkanlardan biri hesab edilib və edilməkdədir. Bu mənada, “İmamzadə”ləri xalqımızın milli-mədəni, eləcə də mənəvi sərvəti kimi qoruyub gələcək nəsillərə ötürməliyik.
Səbuhi Hüseynov