Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bəhruz Kəngərli adına Şərur Şəhər Uşaq İncəsənət Məktəbində tədris işinin təşkili ilə bağlı zona müşavirəsi keçirib. Şərur, Kəngərli və Sədərək rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilən müşavirəni Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açıb.
Bildirilib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Mədəniyyət və Turizm Nazirliyinin qarşısında muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin fəaliyyətinin gücləndirilməsi, ixtisaslı kadrların seçilməsi və düzgün yerləşdirilməsinin təmin olunması, milli dəyərlərimizin təbliği, turizm sektorunun inkişafı istiqamətində səylərin artırılması kimi vəzifələr qoyulub.
Qeyd olunub ki, nazirliyin tabeliyində hazırda 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Bu məktəblərdən 6-sı Şərur, 2-si Kəngərli, 1-i isə Sədərək Rayon Mədəniyyət və Turizm şöbələrinin tabeliyindədir. Həmin məktəblər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. 2015-ci ildə Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün yeni binanın istifadəyə verilməsi bu qayğının ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsi, məktəblərin maddi-texniki vəziyyətlərinin yaxşılaşdırılması, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsindən danışan Natəvan Qədimova qeyd edib ki, nazirlik tərəfindən muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün “Vahid tədris proqramları” adlı vəsait hazırlanıb. Həmin tədris proqramları məktəblərə paylanılıb və işin bu əsasda qurulması təmin edilib.
Bildirilib ki, məktəblərdəki şagird kontingentinin komplektləşdirilməsinin düzgün aparılmaması, bəzi məktəblərdə ixtisas dərslərinin zəif keçilməsi, qrup dərslərində vəziyyətin qənaətbəxş olmaması tədrisin səviyyəsinə də təsirsiz ötüşmür. Buna görə də rayon Mədəniyyət və Turizm şöbələrinin müdirləri və məktəb direktorları əməli fəaliyyət göstərməli, verilən tapşırıqlara ciddi əməl etməli, tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində fəal iş aparmalıdırlar. Bundan əlavə, məktəblərdə vahid tədris proqramına əməl edilməli, unudulmaqda olan milli musiqi alətlərimizin tədrisinə diqqət artırılmalı, ixtisaslı kadrlar məktəblərə cəlb olunmalı, pedaqoji kollektivlərin potensialı artırılmalıdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova Şərur, Kəngərli və Sədərək rayonlarındakı uşaq musiqi və incəsənət məktəblərində tədrisin səviyyəsi və təhsildəki nöqsanların aradan qaldırılması yolları haqqında danışıb.
Sonra Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əli Qənbərovun, Kəngərli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məhərrəm Əliyevin və Sədərək Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad İsmayılovun çıxışları olub.
Xəbərlər şöbəsi