Dünən Culfa Rayon Mədəniyyət Evində Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə “Rast dəstgahı” muğam məclisi olub.
Tədbirin aparıcısı bildirib ki, muğam sənəti musiqi mədəniyyətimizin tükənməz xəzinəsidir. Muğam hər bir azərbaycanlının mənəvi aləmini zənginləşdirir, estetik zövqümüzün formalaşmasında mühüm rol oynayır.
“Rast dəstgahı” muğam məclisində xanəndə və müğənnilərdən Azərbaycan Respublikasının Əməkdar artistləri Qurban Qasımov, Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyev, Xatirə Səfərova, Zülfüqar Mahmudov, müğənnilərdən Qəribə Həsənova, Nərmin Hüseynova “Rast”ın şöbə və guşələrindən ibarət dəstgah ifa ediblər.
Muğam ifaçılarını Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev (tarda), Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Aqib Seyidov (kamançada), Qasım Bağırov (balabanda), Məmmədəli Babayev (nağarada), həmçinin Sevinc Babayeva (qanunda), Sərxan Abdullayev (udda), Nihad Quliyev (balabanda) müşayiət ediblər.
“Rast dəstgahı” rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Əli RZAYEV