23 Dekabr 2024, Bazar ertəsi

XIX əsrin sonları, XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mədəni fikir tarixində özünəməxsus çəkiyə malik olan simaların yetişməsi ilə yaddaqalan bir dövr olmuşdur. Cəlil Məmmədquluzadə, Sabir, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli və onlarla belə ədiblərin içərisində bir imza da var idi: Eynəli bəy Sultanov. O Eynəli bəy Sultanov ki Cəlil Məmmədquluzadə “Xatirələr”ində onun haqqında belə deyirdi: “O qədər məni özünə qulaq asdırdın ki, axırda doğrudan da məni maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım”. Təbii ki, böyük sənətkarın təvazökarlıqla dediyi bu sözlərdə bir həqiqət payı da olmamış deyil... May ayının 5-də Eynəli bəy Sultanovun anadan olmasının 150 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı ilə görkəmli yazıçının yubileyi muxtar respublikada geniş qeyd olunacaqdır.

Eynəli bəy Sultanovun yaradıcılığı ilk dəfə mərhum filologiya elmləri namizədi İzzət Maqsudov tərəfindən elmi tədqiqata cəlb edilmişdir. O, 1963-cü ildə öz namizədlik dissertasiyasını E.Sultanova həsr etmişdir. Həmin tədqiqatda göstərilir ki, Eynəli Çölü oğlu Sultanov 1862-ci il 7 yanvarda Naxçıvan şəhərində, yoxsullaşmış mülkədar ailəsində anadan olmuşdur.

Aidə Feyzullayeva “Maarif carçıları” monoqrafiyasında ədibin doğum tarixi kimi 1863-cü ili, ölüm tarixi olaraq İ.Maqsudov kimi 1935-ci ili göstərir . Eyni ömür xronologiyasını “Eynəli bəy Sultanovun yaradıcılıq yolu” adlı dissertasiyasında İradə Əsədova da qeyd edir.
Görkəmli yazıçının doğum və ölüm tarixləri haqqında yeni və belə demək mümkünsə, fakta dayanan səhih məlumat akademik İsa Həbibbəyli tərəfindən ortaya qoyulmuşdur. Doktorluq dissertasiyası (“Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”) üzərində işləyərkən apardığı tədqiqatlar zamanı İsa Həbibbəyli əldə etdiyi arxiv sənədlərinə istinad edərək onun 1866-1935-ci illərdə yaşadığını irəli sürür: “Bu fədakar şəxsiyyət nə vaxt, harada, hansı səviyyədə təhsil almışdır? Aydınlaşdırılmasına ehtiyac hiss edilən həmin sualların cavabına yazıçının təvəllüd tarixinin dəqiq müəyyənləşdirilməsindən başlamaq lazım gəlir. Çünki istənilən tədris müəssisələrində oxumaq hüququ qazanmaq həmişə müəyyən yaş tələbi ilə əlaqədar olmuşdur. Hazır­da Eynəli Sultanovun tərcümeyi-halından bəhs edən tədqiqatlarda ədibin anadan olması barədə iki tarix (1862 və 1863-cü illər) qeyd olunmaqdadır. Bu fikir müxtəlifliyi onun doğum haqqında şəhadətnaməsinin, yaxud təvəllüd tarixini əks etdirən digər etibarlı bir sənədin tapılıb üzə çıxarılmamasından irəli gəlmişdir”.
Akademik məqaləsinin növbəti abzasında özünün qeyd etdiyi etibarlı mənbə məsələsinə toxunaraq yazır: “Cari ildə (1987-ci ildə – E.M.) Cəlil Məmmədquluzadə və müasirləri ilə bağlı axtarış apararkən əldə etdiyimiz “İrəvan Dairə Məhkəməsi prokurorunun katibi E.Sultanovun şəxsi işi” adlanan qovluqda toplanan sənədlər həmin sahədə aşkar olunan ilk etibarlı mənbə sayıla bilər. 17 vərəqdən ibarət olan bu sənədlərdə yazıçının həyatının 1898-ci ilə qədərki dövrü öz əksini tapmışdır. E.Sultanova məxsus qovluqdakı formulyar siyahı (xidmət kitabçası – İ.H.) kimi rəsmi sənəddə onun 5 may 1866-cı il tarixdə Çölü bəy Qullarağasıyev-Sultanovun ailəsində dünyaya gəldiyi qeyd olunmuşdur. Bundan başqa, həmin sənəddə xidmət kitabçasının qeyd edildiyi 16 dekabr 1896-cı ildə E.Sultan­ovun 30 yaşında olduğu göstərilmişdir ki, bu da yeni təvəllüd tarixini bir daha təsdiqləyir”. Akademik İsa Həbibbəylinin arxiv sənədləri əsasında ortaya qoyduğu 1866-cı il tarixi həmin ildən – 1987-ci ildən etibarən ən tutarlı fakt kimi ədəbiyyatşünaslıq elmində Eynəli bəy Sultanovun təvəllüdü olaraq qeyd edilir.
Eynəli bəy Sultanovun təhsil aldığı yerlərlə bağlı da müxtəlif fikirlər mövcuddur. Belə ki, İ.Maqsudov onun 1872-1877-ci illərdə rus-tatar məktəbində, İ.Həbibbəyli isə 1872-1880-ci illərdə Naxçıvan qəza məktəbində ilk təhsil aldığını qeyd edir. İ.Maqsudova görə, “Atası Çölü 1877-ci ildə Eynəlini Tiflis şəhərinə aparıb klassik gimnaziyaya qoyur”. Akademik İsa Həbib­bəyli isə 1880-1886-cı illərdə İrəvan kişi gimnaziyasında oxuduğunu bildirir. Göründüyü kimi, E.Sultanovun gimnaziya təhsili barədə də fikirlər haçalanır. Buna baxmayaraq, akademik İsa Həbibbəyli bu sahədə də tutarlı istinadlar ortaya qoyur. O, məqalələrinin birində yazır: “E.Sultanovun nə vaxt və harada təhsil alması barədə bir neçə fikir mövcuddur: gimnaziya (yeri, adı qeyd olunmadan) və Tiflis klassik gimnaziyası. Ünvanlar kimi təhsil illərinə dair tarixlər də müxtəlifdir. 1872-1882; 1877-1883; 1877-1885-ci illər. Son illərdə dərc olunmuş bir məqalədəki (İ.Həbibbəyli M.Atayevin “Ədəbiyyat və incəsənət” qəzetinin 10 iyun 1983-cü il (№23) tarixdə dərc olunan “Hansı fakta inanmalı?” məqaləsinə işarə edir – E.M.) aşağıdakı mülahizələri yazıçının gimnaziya təhsilini konkretləşdirmək üçün yeni axtarışlara maraq oyatdı. Müəllif yazır: “Tbilisi Dövlət Arxivində axtarışlarımız zamanı 1882, 1883, 1884-cü tədris ilində Tiflis Klassik Gimnaziyasını bitirmək üçün dövlət imtahanlarına buraxılan və kamal attestatı alan şəxslər içərisində E.Sultanovun adına rast gəlmədik”. Onu da qeyd edək ki, biz hələ 1980-ci ildə Gürcüstan SSR Mərkəzi Dövlət Arxivində araşdırma ilə məşğul olarkən E.Sultanovun adı ilə 1880-1886-cı illərdə İrəvan gimnaziyasının Qafqaz Təhsil İdarəsinə göndərdiyi hesabatlarda qarşılaşmış, bu barədə C.Məmmədquluzadənin təhsilinə dair dərc etdirdiyimiz məqalədə məlumat vermişdik. Əldə etdiyimiz materiallar həmin məsələni daha geniş işıqlandırmağa kömək edir. Arxivdəki “İrəvan kişi gimnaziyası” adlanan fondda mühafizə olunan sənədlərdən məlum olur ki, E.Sultanov 1880-ci ildən bu gimnaziyada oxumağa başlamışdır”.
Alimin fakta dayanan bu tapıntısını da Eynəli bəy Sultanovun hansı illərdə və hansı gimnaziyada təhsil alması barədə dəqiq məlumat kimi qəbul etməliyik. 1880-ci ildən 1886-cı ilədək İrəvan kişi gimnaziyasında təhsil alan və dövrünün maarifçi ziyalıları Firidun bəy Köçərli, Mirzə Elxanov və başqalarından dərs alan Eynəli bəy Sultanov 5 iyun 1886-cı ildə gimnaziyanın yeddinci sinfindən çıxmış, həmin il gimnaziyanın pedaqoji şurasının qərarı ilə ona şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilmişdir.
Hələ gimnaziyanın şagirdi ikən – 1883-cü ildə – 17 yaşındaykən Naxçıvanda “Ziyalı məclisi”, “Müsəlman Şiə Dram İncəsənəti Cəmiyyəti” kimi ədəbi-mədəni mərkəzlər yaratmaqla həmyerlilərinin maariflənməsinə çalışmışdır. Hətta bir müddət sonra həmin mərkəzlərdə birgə fəaliyyət göstərdiyi ziyalı dostları Cəlil Məmmədquluzadə, Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Mirzə Cəlil Mirzəyev(Şürbi), Əsəd ağa Kəngərli, Qurbanəli Şərifzadə və başqaları ilə birlikdə Naxçıvanda “üsuli-cədid” məktəbi və kitabxana açdırmağa nail olmuşdur. 1883-cü ildən teatr tamaşaları təşkil etmişdir. 1892-ci ildə Naxçıvanda yaxın dostu Əsəd ağa Kəngərli ilə birlikdə gizli mətbəə təşkil edərək burada müxtəlif məzmunlu bəyannamələr çap etdirmişdir. Lakin bundan xəbər tutan iri torpaq sahibləri, ruhanilər onu ən qorxulu şəxs elan edir, bu cür dardüşüncəli insanların şikayətlərindən sonra qəza rəisinin göstərişi ilə təqib olunmağa başlanır. Təqiblərdən ehtiyatlanan və çətin vəziyyətdə qalan ədib Qars şəhərinə gedib özü üçün iş axtarmalı olur. Bir neçə ay Qars şəhər upravasında rütbəsiz məmur işinə düzəlir. Bu iş onu təmin etmədiyi üçün dörd ay burada işlədikdən sonra Qarsı tərk edərək İrəvan şəhərinə gedir.
Yazıçının İrəvandakı fəaliyyəti haqqında akademik İsa Həbibbəylinin əldə etdiyi “İrəvan quberniyası Dairə Məhkəməsi prokurorunun katibi Eynəli Sultanovun şəxsi işi”ndəki tərcümeyi-halında ətraflı məlumat verilir.
XIX əsrin səksəninci illərindən E.Sultanov bir çox qəzet, jurnal və məcmuələrdə müxtəlif mövzulu yazılarla çıxış edir və ictimaiyyət arasında publisist kimi tanınır. Məhz qələminin kəsərli olmasının nəticəsi idi ki, 1905-1908-ci illərdə “Kaspi” qəzetinin İrəvan və Naxçıvandakı xüsusi müxbiri vəzifəsi ona həvalə edilmişdi. İrəvanda olarkən 10 il müddətinə hüquq sistemində müxtəlif vəzifələr daşıması artıq E.Sultanovun bir hüquqşünas kimi də yetişməsinə səbəb olmuşdur. Buna görə də 1906-cı ildən etibarən İrəvan Dairə Məhkəməsi prokurorunun Naxçıvan mahalı üzrə köməkçisi vəzifəsini də daşımışdır. Hətta 1907-ci ildə Dövlət Dumasına deputat seçilmişdir.
Görkəmli ədib bu dövrdə artıq Tiflisdə çıxan “Zakavkazye” qəzetində dərc olunan “Naxçıvan məktubları”, “İfşaedici vərəqələr” silsilə məqalələrinə görə təqib olunmağa başlanmışdı. Qəza rəisi və din xadimlərinin ciddi müqavimətinə rast gələn E.Sultanov Tiflis şəhərinə gedib ömrünün sonuna qədər orada yaşamışdır. O, Səttarxan inqilabına kömək məqsədi ilə yaradılan “Mücahid” inqilabı təşkilatına daxil olmuşdu. Tiflisdə yaşadığı ilk illərdə, konkret olaraq 1909-cu ildə E.Sultanov burada Zubalov adına xalq evi yanında Azərbaycan dram şöbəsinin təsis edilməsinə çalışan və buna nail olan maarifçilərdən biri olmuş, hətta 1911-ci ildə Gürcü Əyanlar Teatrında təşkil olunan Azərbaycan Teatr Cəmiyyətinin bürosuna üzv seçilmişdir. O, Tiflisdə yaşayarkən pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
Xalqının maarifini, mədəniyyətini, ədəbiyyatını sevən, onu öyrənən və təbliğ edən E.Sultanov 1923-cü ildə Tiflisdə “Azərbaycan ədəbiyyatı həvəskarları” dərnəyi yaradır və burada Nizami, Füzuli, Vaqif, Nəbati, M.F.Axundov və digər Azərbaycan şair və yazıçıları haqqında məruzələr oxuyur.
1924-cü ildə o dövrün mətbuatında da ciddi müzakirə mövzusu olan latın əlifbasına keçmək uğrunda mübarizəyə qoşulan E.Sultanov bunun nəticəsində də Yeni Əlifba Komitəsi Tiflis şöbəsinin katibi seçilmiş, “Yeni fikir” qəzetinə əlavə kimi nəşr edilən “İşıq yol” qəzetinin məsul katibi vəzifəsini daşımışdır. Hətta bu illərdə “Yeni əlifbanın ən yaxşı təbliğatçısı” adını almışdır. Daha sonra Yeni Türk Əlifba Komitəsində tərcüməçi vəzifəsində çalışan yazıçı 1930-cu ildə elə həmin komitədən də təqaüdə çıxmışdır. E.Sultanov 1935-ci ilin iyun ayında Tiflis şəhərində vəfat etmiş və Tiflisdəki müsəlman qəbiristanlığında dəfn olunmuşdur.
Görkəmli ədib folklor toplayıcısı kimi də fəaliyyət göstərmiş, 1886-1890-cı illərdə İrəvan quberniyasını və Naxçıvanı dolaşaraq 3 mindən çox atalar sözü, bir neçə aşığın yaradıcılığından nümunələr toplamışdır. Topladığı folklor materiallarının bir çoxunu 20 məktub vasitəsilə F.Köçərliyə göndərmişdir. Çox təəssüf ki, həmin məktubların heç biri bu günədək əldə edilməmişdir.
Bədii yaradıcılıqla məşğul olan ədib 46 hekayə, 3 dram əsəri, bir sıra şeir və tərcümənin müəllifidir. Onun sağlığında “Tatarka” adlı ikipərdəli dram əsəri 1904-cü ildə İrəvanda, “Seyidlər” hekayəsi (Rzaqulu Nəcəfovun müqəddiməsi ilə) isə 1926-cı ildə Tiflisdə kitab halında nəşr olunmuşdur. “Tatarka” 1883-cü ildən bəri indiyədək bir çox teatrlarda tamaşaya qoyulmuşdur.
İlk qələm təcrübələrini gənclik illərində “Tərcüman”da çap etdirən, onun mühərririni (İsmayıl Qaspıralı – E.M.) özünün ilk publisist müəllimi adlandıran Eynəli bəy Sultanov sonralar “Həyat”, “İrşad”, “İqbal”, “Molla Nəsrəddin”, “Yeni fikir”, “Dan ulduzu”, “Şərqi-rus”, “Yeni yol”, “Qızıl şəfəq” (1932-ci ildən sonra “Yeni qüvvə” adı ilə çıxanda belə), “Qığılcım”, “Kəndli”, “Gələcək” kimi qəzet, jurnal və məcmuələrdə mütəmadi olaraq bədii, publisist, tənqidi yazılarla çıxış etmişdir. Hətta “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Zakavkazye” qəzetinin Müsəlman həyatı şöbəsinin müdiri, “Kavkazskaya kommuna” qəzetinin redaktoru (1921-1923), “Yeni fikir” qəzetinə əlavə kimi nəşr olunan “İşıq yol” qəzetinin məsul katibi (1924-1926) işləmişdir.
...Ədibin əsərlərini sonradan, 1937-ci ildə oğlu Çölü qaydaya salmış, Azərnəşrə təqdim etmiş, lakin məlum olmayan səbəblərə görə XX əsr Azərbaycan ədəbiyyatında müəyyən mövqe qazanan yazıçının əsərləri nəşr edilib oxuculara çatdırılmamışdır. Bəlkə də, özü olmasa da, yazdıqları 37-ci ilin repressiyasının qurbanı olmuşdur. Ölümündən sonra, 1966-cı ildə İ.Maqsudovun tərtibi ilə E.Sultanovun “Seçilmiş hekayələr” kitabı nəşr olunmuşdur ki, burada da ədibin yaradıcılığının çox az bir qismi, cəmi 12 hekayəsi toplanmışdır. Bizim tərəfimizdən isə son illərin axtarışlarının nəticəsi olan 34 hekayəsinin toplandığı kitabın nəşri planlaşdırılmışdır.

“Mən səni sevirəm, xalqım! Bütün məramımla, bütün qəlbimlə, ruhumun bütün incə telləri ilə sevirəm! Səni bütün bəşəriyyəti sevdiyim qədər sevirəm! Səni bəşəriyyətin böyük ailəsinin üzvü kimi sevirəm! Bütün məziyyətlərin və qüsurlarınla birlikdə sevirəm! Səni sevərək həyatını müşahidə edir, sənin övladlarını öyrənir, dost-düşmənlərini ayırd edirəm...”, – deyən Eynəli bəy Sultanovu da öz xalqı bəşəriyyətin böyük ailəsinin üzvünün alovlu publisisti, fədakar maarifçisi, milli dəyərlərimizin tədqiqatçısı və təbliğatçısı kimi daim sevəcəkdir.

Elxan MƏMMƏDOV
AMEA Naxçıvan Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR