Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlamışdır. Belə ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram tətili günlərində məktəblilər üçün Naxçıvan Dövlət Film Fondu tərəfindən Naxçıvan şəhərində və rayon mərkəzlərində 6 Azərbaycan filmi nümayiş etdirilmişdir. Bu dövrdə Naxçıvan Dövlət Kukla və Uşaq teatrlarında da bayram şənlikləri təşkil edilmiş, balacalar üçün xalq oyunları və maraqlı tamaşalar təqdim olunmuşdur. Yanvarın 28-də isə Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə “Rast dəstgahı” muğam məclisi keçirilmişdir. Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində tar, kamança, qarmon və qanun ixtisasları üzrə ustad dərslər keçilmiş, ustad dərslərə 35 müəllim və 40 şagird cəlb olunmuşdur.
Xalq teatrlarının uğurlu fəaliyyəti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Ay ərzində Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrında Cəlil Məmmədquluzadənin “Kamança” əsəri, Babək Rayon Xalq Teatrında isə Hüseynbala Mirələmovun “Xəcalət” əsəri əsasında hazırlanmış eyniadlı tamaşalar teatrsevərlərə təqdim edilmişdir. Bu dövrdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında isə dramaturq Əli Əmirlinin “Varlı qadın” tamaşasına ictimai baxış olmuşdur.
Muzey işçilərinin peşə biliklərinin artırılması sahəsində məqsədyönlü işlər görülür. Ötən ay Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində 18 muzey işçisinin iştirakı ilə seminar-treninq keçirilmişdir. Bu dövrdə kitabxanalarda da bir sıra tədbirlər təşkil edilmiş, Azərbaycan Respublikasının tarixinə həsr olunmuş kitab və foto sərgilər nümayiş etdirilmişdir. Ötən ay ərzində muxtar respublika kitabxanalarına 4525 oxucu müraciət etmişdir ki, onlardan 1137 nəfəri yeni oxuculardır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron kitabxanasından istifadə edənlərin sayı isə 20 min nəfəri ötmüşdür.
Ötən ay uşaq kitabxanaları tərəfindən “Nağıl günləri”nin keçirilməsinə başlanılmışdır. Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərindəki 7 və 10 nömrəli uşaq bağçalarında, Naxçıvan şəhər, Şərur, Ordubad, Sədərək və Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin uşaq şöbələri tərəfindən isə rayonlarda olan uşaq bağçalarında və ümumtəhsil məktəblərinin ibtidai siniflərində ay ərzində 16 dəfə “Nağıl günü” keçirilmişdir. Bu dövrdə istedadlı gənclərin məlumat bazasının yaradılmasına da başlanılmışdır. Bu günədək 44 istedadlı gənc haqqında müvafiq məlumatlar bazaya əlavə edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Yanvar ayında Turizm İnformasiya Mərkəzinin saytının yenilənməsi və yeni reklam informasiya materiallarının hazırlanması işləri də davam etdirilmiş, muxtar respublikada olan turist xidməti obyektlərində xidmətin səviyyəsinin yüksəldilməsinə diqqət artırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti