Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinematoqrafçılarının çəkdiyi “Nabat” filmi nümayiş etdirilmişdir.
Filmin nümayişindən əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev çıxış edərək bildirmişdir ki, nazirliyin təşkilatçılığı ilə hər həftənin cümə günü “Azərbaycan kinosu günü” kimi Azərbaycan filmləri göstəriləcəkdir. Nazirliyin həyata keçirdiyi bu layihə əsasında kinosevərlər həm uzun illər bundan əvvəl, həm də son illərdə çəkilmiş filmlərlə tanış ola biləcəklər. Bu gün göstərilən “Nabat” filmi son illərdə çəkilmişdir. Film dünyanın onlarla ölkəsində nümayiş etdirilmiş, 22 festivalda göstərilmişdir.
“Nabat” filmi İtaliyanın mötəbər Venesiya festivalının (2014) mükafatını qazanmışdır.
Film xalqımızın ən ağrılı problemi olan Qarabağ mövzusundadır. Filmin yaradıcıları Elçin Musaoğlu, Əbdülrəhim Bəşərat, Elxan Nəbiyev və başqaları təsirli ekran əsəri yaratmağa nail olmuşlar.
Sonra “Nabat” filmi nümayiş etdirilmişdir.
Əli RZAYEV