Babək Rayon Xalq Teatrı yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” tamaşası ilə şərurluların qonağı olmuşdur. Şərur şəhərindəki Mədəniyyət Sarayında nümayiş etdirilən tamaşa rayon ictimaiyyəti tərəfindən alqışlarla qarşılanmışdır.
Qeyd edək ki, Babək Rayon Xalq Teatrı 2009-cu ildə yaradılmışdır. Teatrın bu illərdə hazırladığı “Yollara iz düşür”, “Ezop”, “Solğun çiçəklər”, “Şeyx Rəhmətullah”, “Məhəbbət nişanəsi”, “Ana”, “İkinci səs”, “Yağışdan çıxdıq, yağmura düşdük” və başqa tamaşalar maraqla qarşılanmışdır. Teatr keçən il muxtar respublikamızda keçirilən xalq teatrlarının festivalında “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşası ilə festivalın qalibi olmuşdur.
Babək Rayon Xalq Teatrının hazırladığı son əsərlərdən olan “Xəcalət” tamaşası Qarabağ hadisələri ilə bağlı olduğu üçün bu günümüzlə səsləşir və maraq doğurur. Tamaşada uşaqlıqları bir yerdə keçmiş Murad və Vətənin Qarabağ müharibəsində iştirakından sonra tale yollarının ayrılmasından bəhs edilir. Atəşkəs müqaviləsi imzalandıqdan sonra onların düşüncə tərzi tamaşaçı üçün maraq doğurur. Vətən (İsmayıl Qurbanov) yenə də işğal olunmuş torpaqlarımızın həsrətini çəkir.
Muradı (Akif Əsədov) Qarabağ müharibəsindən qayıtdıqdan sonra əldə etdiyi var-dövlət dəyişdirib. İndi onu öz sərmayəsini artırmaq düşündürür.
Tamaşada Vətən və Muradın simasında iki fərqli dünyagörüşə malik insanın xarakterik və psixoloji anları ön plana çəkilmişdir.
“Xəcalət” tamaşasındakı Fərqanə (Svetlana Babayeva), Gültac (Səbinə Corayeva), Kürən (Firdovsi Səfərov), Kərim (Kənan Feyzullayev) müxtəlif taleli xarakterik insan obraz və personajlarını canlandırırlar.
“Xəcalət” tamaşasının quruluşçu rejissoru Yusif Əliyev, tərtibatçı rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərli, musiqi tərtibatçısı Cabir Məmmədovdur.
Əli RZAYEV