Hələ 45-50 il bundan əvvəl evimizdə rəhmətlik nənəmin toxuduğu xalça indi də durur. Çeşniləri ilə gözoxşayan, keyfiyyətini zərrə qədər də itirməyən həmin xalça heç bir təhsil görməyən bir Azərbaycan qadınının təfəkkürünün məhsuludur. Və düşüncəmdə özümü haqlı sayıram ki, belə təfəkkür hər bir Azərbaycan qadınında olub. Xanım-xatın nənələrimiz, ana və bacılarımız öz istedad və bacarıqlarını bu milli sənətin inkişafında yüksək səviyyədə göstəriblər. Onların toxuduqları xalçalar tarixən dünyanın müxtəlif ölkələrində təşkil olunan sərgilərdə nümayiş etdirilib, xalqımıza böyük şöhrət gətirib. İstərdim ki, qədim diyarımızda xalçaçılığın tarixinə qısa səyahət edək.
Aparılan arxeoloji tədqiqatlar nəticəsində xalça toxunuşunda istifadə olunan ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları kimi materialların əldə edilməsi Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirir. Orta əsr ərəb müəllifləri də Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər.
Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirən Naxçıvan xalçaları bu gün də öz dəyərini saxlamaqdadır. Qeyd edək ki, xalça sənətinin Naxçıvanda geniş yayılmasına xalqımızın məişət və estetik tələbatı rəvac verib. Bu ərazidə istehsal edilən iriölçülü, qalın toxunuşa malik xovlu və keçə, palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalardan evlərdə döşəmələrin örtülməsində, otaqların isidilməsində və bəzədilməsində istifadə edilib.
Naxçıvan xalçaçılıq məktəbi özünəməxsus inkişaf mərhələsi keçib. Bu günümüzə qədər qorunub saxlanılan xalça nümunələri belə deməyə əsas verir ki, bu qədim diyarda xalça toxunuşunda daha çox butalardan, rəmzi çeşnilərdən istifadə edilib. Şaquli istiqamətli zolaqlarla bəzədilmiş xovsuz xalçaların əsas istehsal mərkəzi tarixən Ordubad olub. Əsasən, ipək liflərdən toxunan bu xalçalar ağ, yaşıl, qırmızı, sarı, mavi və sair rəngli zolaqların növbələşməsi ilə bəzədilib, zəriflik baxımından qumaş təsəvvürü yaradıb. Muxtar respublikada toxunan xalça nümunələri həm də mürəkkəb dolama texnikasına, rənginə, bədii xüsusiyyətlərinə görə digər xalçaçılıq məktəblərinin məhsullarından seçilib. Bu barədə düşünərkən qürur hissi keçirməmək mümkün deyil. Belə qiymətli sərvətlərimiz həm də milli dəyərlərimizdir.
Bir məsələni də xüsusi vurğulamağa ehtiyac duyuram. Yaşlı adamlardan eşitdiyimə görə, Naxçıvanda tarixən xalça toxunuşunda kollektiv əməyindən istifadə edilib. Kollektiv isə, adətən, bir tayfanın üzvlərindən ibarət olub. Danışırlar ki, hər tayfanın özünəməxsus rəmzlərindən bəzi xalçalarda istifadə edilib. Ancaq həmin xalçalar nə satışa çıxarılıb, nə də evdə ayaq altına salınıb. Belə xalçalar yalnız divarlardan asılıb. Fikrimizcə, geniş izahata ehtiyac yoxdur. Böyük dövlətçilik məktəbi yaratmış Naxçıvanda rəmzlərə belə qiymət vermək təbiidir.
Xalçaçılıq sənətinin inkişaf etdirilməsi istiqamətində muxtar respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, Naxçıvan xalçaçılıq məktəbinin bərpa edilməsi, tədqiqi və təbliği üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılıb. Xalçaçılığın elmi əsaslarla inkişafını diqqətdə saxlayan, evlərdə olan xalça nümunələrinin muzeyə təhvil verilməsi istiqamətində xeyli iş görən muzeyin iş şəraitinin yaxşılaşdırılması məqsədilə 2010-cu ildə bu mədəniyyət müəssisəsi yeni bina ilə təmin olunub.
2013-cü ildə Naxçıvan Dövlət Xalça Muzeyi yenidən qurulub, “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin www.xalca.nakhchivan.az saytının təqdimat mərasimi keçirilib. Bu, milli dəyərlərimizin daşıyıcısı olan xalçaçılığın gələcəyinə ümidləri daha da artırıb.
Həmin il dekabr ayının 18-də qəbul edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda əmək bazarının tələbinə müvafiq olaraq, işaxtaranların peşə hazırlığının təşkili üzrə həyata keçirilməsi nəzərdə tutulan işlər sırasında milli və xalq tətbiqi sənət növlərinin öyrənilməsi, milli ənənələrimizin yaşadılması istiqamətində tədbirlər də var idi. 2014-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli haqqıödənilən ictimai işin təşkil edilməsində məqsəd odur ki, muxtar respublikada xalça istehsalı sahəsi ilə məşğul olan sahibkarlar yetişsin, xalçaçılıq davam etdirilsin. Bu tədbir eyni zamanda işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi, onların maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan növbəti addım kimi dəyərləndirilir. Nazirlik tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli tədbiri həyata keçirmək üçün muxtar respublikanın müxtəlif bölgələrində xalçaçılığa maraq göstərən ailələrə 14 hana verilib. Bu günədək 36 xalça toxunub.
Həmin sosial əhəmiyyətli layihə 2016-cı ildə də davam etdirilir. Bu günlərdə xalçaçılıqla məşğul olanların bir neçəsi ilə iş başında görüşdük. Şərur rayonunun Düdəngə kəndində yaşayan Dilbər Baxşəliyeva Naxçıvan Regional Peşə Tədris Mərkəzini bitirib. Hazırda Şərur Texniki-Peşə və Sürücülük Məktəbində xalçaçılıq qrupunun müəllimidir.
O, söhbət zamanı bildirdi ki, illər əvvəl işlədilən hanalar primitiv üsullarla düzəldilirdi. Çox ağır olurdu. Son vaxtlar xalçaçılığa marağın azalmasının bir səbəbi də bununla bağlı idi. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara verilən hananı asanlıqla bir evdən digərinə aparmaq, qısa bir vaxtda söküb yenidən yığmaq mümkündür. Dilbər xanım onu da bildirdi ki, hana ilə yanaşı, həm də hər xalçanın toxunması üçün onlara 1 kiloqram əriş, yarım kiloqram arğac, 2 kiloqram yun ip verilib. Digər avadanlıqlarla da təchiz olunublar. Hazırda toxuduğu xalçanın eni 80, uzunluğu isə 120 santimetrdir. O, bu günədək 2 xalça toxuyub təhvil verib. Hər xalçaya görə 200 manat əməkhaqqı alıb. Toxuduğu xalçanı Novruz bayramınadək təhvil verməyi düşünür.
Düdəngə kəndində yaşayan Xəyalə Əliyarova da muxtar respublikada xalçaçılıq sənətinin inkişafına, insanların məşğulluğuna göstərilən qayğıya görə minnətdarlığını bildirdi. Dedi ki, iki ilə yaxındır, xalçaçılıqla məşğul olur. Xalça toxumaq üçün ona qayçı, kirkir, bıçaq, əriş, arğac, yun iplər, hətta istifadə etmək üçün çeşnilər də verilib.
Rayonun Tənənəm kəndində yaşayan Güllər Salmanova da “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial əhəmiyyətli haqqıödənilən ictimai işin təşkilindən razılıqla danışdı. Bildirdi ki, bu, onların ailəsinin maddi vəziyyətinə xeyli təsir edib.
Şahbuz rayonunun Ağbulaq, Kolanı və Aşağı Qışlaq kəndlərində tarixən xalça toxunuşu ilə məşğul olublar. Yenidən bu sahəyə dövlət səviyyəsində qayıdış rayon sakinlərinin ürəyincədir. Kolanı kəndində yaşayan Bəsti Əhmədova bu sənəti anası Süsənbər xanımdan, bacısı Laləzardan öyrənib. Deyir ki, bir il ərzində 4 xalça toxuyub təhvil vermişəm. Xalça toxunuşunda qoçbuynuzu, şahmat, qaynaq ilmələrindən istifadə edirəm.
– Ailənizdə bu sənəti davam etdirənlər yetişirmi? – sualımıza təbəssümlə cavab verir:
– Qızlarımı öyrətmişəm. Hazırda yaxın qohumum, ikinci sinif şagirdi Gülgəzə də bu sənətin sirlərini öyrədirəm.
Rayonun Aşağı Qışlaq kəndində yaşayan Natəvan Zeyniyeva evlərində yerə döşənmiş, divardan asılmış xalça və kilimlərin bir neçəsinin anası və bacısı tərəfindən toxunduğunu dilə gətirir. Bu gün bu sənəti o da davam etdirir. Bacısı Gülsümdən xalçaçılığın sirlərini öyrəndiyini deyən Natəvan indiyə kimi “Möminə xatın”, “Naxçıvan”, “Haçadağ” adında xalça toxuyub təhvil verib. O həm də heybə, kilim toxumağı bacarır. Natəvan da dövlətimizin onlara yaratdığı bu şəraitdən razılığını bildirdi.
Hörmətli oxucular, məlumat üçün bildirək ki, regionumuzun digər bölgələrində də xalçaçılığa maraq göstərənlərə bu sahə ilə məşğul olmaq üçün şərait yaradılıb. Növbəti nömrələrimizdə onlar haqqında da sizə məlumat verəcəyik.
Muxtar Məmmədov