23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində tədris işinin təşkili ilə bağlı zona müşavirəsi keçirilib.
Naxçıvan şəhər, Babək və Şahbuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilən müşavirəni Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açıb.
Bildirilib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Mədəniyyət və Turizm Nazirliyinin qarşısında muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin fəaliyyətinin gücləndirilməsi, ixtisaslı kadrların seçilməsi və düzgün yerləşdirilməsi, milli dəyərlərimizin təbliği, turizm sektorunun inkişafı istiqamətində səylərin artırılması kimi vəzifələr qoyulub. Bu gün həmin vəzifələrin tələb olunan səviyyədə yerinə yetirilməsi üçün hərtərəfli şərait yaradıldığını diqqətə çatdıran Natəvan Qədimova deyib ki, muxtar respublikada aparılan tikinti-quruculuq işləri məktəblərdən də yan keçməyib, uşaq musiqi məktəblərinin əksəriyyəti üçün yeni binalar tikilib, yaxud mövcud binalar yenidən qurulub. Həmin məktəblərdə 7200-dən çox şagird təhsil alır.

Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsi, məktəblərin maddi-texniki vəziyyətlərinin yaxşılaşdırılması, tədrisin mərkəzləşdirilməsi, məktəblərin tədris vəsaitləri ilə təmin edilməsi, istedadlı uşaq və gənc­lərin aşkara çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi sahəsində bir sıra işlər görülüb. Belə ki, 2015-2016-cı tədris ilində məktəblərə 3460 ədəd fərdi və qrup fənləri üzrə dərsə davamiyyət və müvəffəqiyyət jurnalı, fərdi vərəqə, akademik dinləyişlərin qeydiyyatı kitabı və ümumməktəb qiymət jurnalı verilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göndərilən uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün nümunəvi əsasnamə, tədris planları və başqa əyani vəsaitlər məktəblər nəzərə alınaraq bölüşdürülüb və yerlərə göndərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən verilən çap məhsulları da aidiyyəti üzrə məktəblərə paylanılıb.
Natəvan Qədimova məktəblərdə kargüzarlıq işlərinin mövcud təlimatlara uyğunlaşdırılması, bu sahədəki nöqsan və çatışmazlıqların aradan qaldırılması sahəsində görülən işlərdən danışaraq bildirib ki, 2015-ci ilin iyun ayında nazirlik tərəfindən məktəblərdə yoxlamalar aparılıb. Yoxlamaların nəticələri ümumiləşdirilib və nazirliyin kollegiya iclasında müzakirə olunub. Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, məktəb direktorlarının bu sahədə məlumatlarının artırılması məqsədilə seminarlar təşkil edilib. Bundan əlavə, məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsi, şagirdlərə tədris olunan fənlərin mənimsədilməsi, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün “Vahid tədris pro­qramları” adlı vəsait hazırlanaraq məktəblərə paylanılıb və işin bu əsasda qurulması təmin edilib. Lakin bütün bunlarla yanaşı, muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində aparılan yoxlamalar zamanı aşkar edilib ki, bəzi hallarda bir çox məktəblərdə kadrların yerləşdirilməsi işinə diqqət yetirilməyib, müəllimlərin bəzilərinə ixtisasına uyğun olmayan dərslər verilib. Xüsusən də kəndlərdə yerləşən məktəblərə kadr çatışmazlığı səbəbindən orta təhsilli müəllimlər yerləşdirilib ki, bu da həmin məktəblərdəki tədrisin səviyyəsinə mənfi mənada öz təsirini göstərir. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə məktəblərə kadrların yerləşdirilməsi nazirliyin nəzarətinə götürülüb və 2015-2016-cı tədris ilində kadrların yerləşdirilməsi məsələsi mərkəzləşdirilib, digər məqsədyönlü tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının aparıcı məsləhətçisi Leyla Əlimərdanova çıxışında bildirib ki, hazır­da Naxçıvan Şəhər, Babək və Şahbuz Rayon Mədəniyyət və Turizm şöbələrinin tabeliyində 14 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Bu gün əksər məktəblərdə ixtisasyönümlü fənlərin tədrisinə daha çox diqqət yetirilsə də, musiqi nəzəriyyəsi və musiqi ədəbiyyatı fənlərinin tədrisi arxa planda qalır. Daha mükəmməl kadrların yetişməsi üçün nəzəri fənlərin tədrisinin səviyyəsinin yüksəldilməsinə nail olunmalıdır.
Vurğulanıb ki, musiqi məktəblərində çalışan konsertmeysterlər ayrı-ayrı alətlərin, solist, xor və orkestr siniflərinin səciyyəvi xüsusiyyətlərini bilməli və şagirdlə məşğul olmaq üçün müəyyən metodiki biliyə malik olmalıdırlar. Bundan əlavə, milli dəyərlərimiz olan muğamların tədrisinə hər bir musiqi məktəbində ciddi diqqət yetirilməlidir.
Sonra Naxçıvan Şəhər, Babək və Şahbuz Rayon Mədəniyyət və Turizm şöbələrinin müdirləri İmamqulu Əhmədovun, Ceyhun Fərəc­ovun, Sabiq İmanovun çıxışları olub.
Müşavirəyə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR