23 Dekabr 2024, Bazar ertəsi

“...İnsan arxayın olur ki, “informasiya əsrində” yaşayır, guya hər gün yeni bir şey öyrənir, əslində isə savadlı adamların sayı getdikcə azalır. Az vaxtda Vikipediyada qısa arayış əldə etmək bizi intellektual etmir. Və heç kim Facebookda 40 min saat vaxt keçirməklə başqa adam olmayacaq. Amma rus klassiklərinin 20 cildliyini və ya fransız ədəbiyyatının 20 cildliyini oxuyan adam dəyişəcək. Tamam başqa adam olacaq... Siz uşaq olanda nəsə bir şey oxumusunuz, amma sizin uşağınız heç nə oxumur. Sizin uşağınız sizdən savadsız olacaq, nəvəniz isə uşağınızdan da savadsız olacaq. Beləcə, bütöv xalqlar öz ərazilərini, hətta dillərini itirirlər... Dil təkcə on minlərlə söz ehtiyatı deyil, milli mifin, poeziyanın, mədəniyyətin məkanıdır.

Çünki oxumağı unudan millət, öz mifologiyasını, Yeseninin misralarını unudan millət kütləyə çevrilir... Deyə bilərsiniz ki, XV əsrdə əhalinin heç 98 faizi oxumurdu. Bəli. Amma onda hər 100 nəfərdən 99-u əzbərə 100 mahnı, 100 atalar sözü, 100 nağıl bilirdi. Onlar mifoloji məkanda yaşayırdılar, internetdə yox. Ana laylasını, qocaların söhbətlərini eşidərək bir anda ona bağlanırdılar... Kimdən istəyirsən soruş ki, niyə oxumursan? Deyəcək, vaxtım yoxdur. ...Amma 172 seriyalıq seriala və futbol matçına baxmağa vaxtları var. Kimsə məndən soruşsa ki, niyə dəbdə olan ən son amerikan serialına baxmamışam, yalandan deməyəcəm ki, vaxtım yoxdur. İstəsəydim vaxt tapardım. Deyəcəm ki, vaxtıma heyfim gəlir. Başqalarının da mütaliəyə vaxt ayırmağa heyfi gəlir. Qoy onda öz məşğuliyyətləri barədə yalan danışmasınlar...” 

Çağdaş rus ədəbiyyatının tanınmış nümayəndələrindən olan yazıçı Zaxar Prilepinin, təxminən, iki il bundan əvvəl yerli elektron media vasitələrindən birində gedən müsahibəsindən götürdüyüm bu fikirləri təsadüfən xatırlamadım. Müsahibə ilə o zamandan tanış idim. Bu tanışlığım həm də onunla nəticələnmişdi ki, ortayaşlı tanınmış rus yazıçısının sonradan bir neçə kitabını oxumuşdum. Ancaq bu yazıda Prilepini xatırlamağım onunla bağlıdır ki, həmin müsahibədə yazıçı mütaliə mədəniyyətinin faydaları haqqında xeyli dəyərli fikirlər səsləndirir. Onun bu fikirləri öz xalqının müasir mənzərəsinə aid olsa da, təəssüf ki, bizim üçün də aktualdır. Maraqlı, həm də təəccüb olunası fakt odur ki, indi hər kəs – yaşlı da, gənc də kitab oxumağın faydalı olduğunu, inkişaf etməyin yeganə yolunun oxumaqla, bilik əldə etməklə mümkünlüyünü etiraf edir, ancaq bunu praktik olaraq icra etmir. Bəs onda problem nədədir? Niyə biz mütaliə mədəniyyətimizi inkişaf etdirə bilmirik? Təbii ki, bu suala birmənalı cavab vermək mümkün olmayacaq. Amma məsələ burasındadır ki, kitab oxumaq, hər şeydən əvvəl, bir vərdişdir və bu vərdiş uşaq yaşlarından yaranır. Digər tərəfdən isə bu vərdişə yiyələnməkdə mühit böyük rol oynayır. Çünki insan elə bir şüurlu varlıqdır ki, düşdüyü vəziyyət ona bu və ya digər dərəcədə təsir göstərir, daha doğrusu, onun real vəziyyətə adaptasiya olunmasına şərait yaradır. Nəzərə alaq ki, yaşadığımız müasir dövr əvvəlki dövrlərdən fərqli olaraq müxtəlif informasiya mənbələrinin çoxluğu ilə seçilir. Bu hal isə bəzilərində belə bir yanlış nəticənin qəbul edilməsinə gətirib çıxarır ki, əlimizdə olan müxtəlif informasiya resursları kitabları əvəz edir. Halbuki bugünkü elmi-texniki tərəqqinin, elektron vasitələrin əlçatan olmasında illərlə oxunmuş kitabların, aparılan elmi təcrübələrin böyük rolu olub. Və bunu heç zaman yaddan çıxarmayaq ki, bundan sonrakı elmi-texniki inkişafı da yenə oxunan kitablar müəyyənləşdirəcək. İngilis yazıçısı Nil Geyma­nın kitab oxumaq haqqında çox faydalı bir mühazirəsi var. Həmin mühazirədə yazıçı deyir ki, 2007-ci ildə mən Çində idim, partiya tərəfindən ilk dəfə bəyənilərək təşkil edilmiş elmi fantastika məclisində iştirak edirdim. Hansısa bir anda mən hakimiyyətin rəsmi nümayəndəsindən soruşdum: Niyə indi? Axı elmi fantastika uzun müddət bəyənilmirdi. Nə dəyişdi ki, bəyəndiniz? Hər şey çox sadədir, – o, mənə dedi. Çinlilər əgər onlara sxemlər gətirilirdisə, çox gözəl şeylər yaradırdılar. Amma heç nəyi yaxşılaşdırmır və özləri ixtira etmirdilər. Buna görə də onlar Apple, Microsoft, Google şirkətlərinə nümayəndə heyəti göndərdilər və gələcəyi müəyyənləşdirmiş bu şirkətlərin sahiblərindən nə isə öyrənməyə çalışdılar. Və aşkar etdilər ki, onlar uşaq olarkən elmi fantastika oxuyurdular...
Maraqlıdır, deyilmi? Bəs kitab oxumağın insan sağlamlığına hansı faydaları olduğunu bilirikmi? Alimlərin apardığı tədqiqatlara görə beyinin ən yaxşı dərmanı oxumaq sayılır. Çünki insan beyni digər orqanlara görə ən tənbəl orqandır. Onun sağlam işləməsi üçün yeniliklərə ehtiyacı var, bu ehtiyacı isə oxumaq ödəyir. Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı mütəxəssislər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır: “Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir”. Mütəxəssislərin araşdırmalarına görə, qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyüntüsü normallaşır. Bu sahədə aparılan tədqiqatlar göstərir ki, inkişaf etmiş ölkələrdə daha az televizor seyr edib, daha çox kitab oxuyurlar. Almaniyalı professor Fişer deyir: “İnsan düşündükcə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün zehni məşğələyə cəlb etmək lazımdır. İllərlə işləməyən beyinin nə hala düşdüyünü özünüz təsəvvür edin”.
Hörmətli oxucular, kitab oxumaq bütün dövrlərin ən faydalı məşğuliyyəti olub. Ancaq təəssüflər olsun ki, biz hələ də bunu özümüzün sevimli məşğuliyyətinə çevirə bilməmişik. Və bu fakt təkcə gənc nəslin deyil, ümumilikdə, cəmiyyətin problemidir. İndi artıq “Niyə kitab oxumuruq?”, “Gənclərimiz niyə kitabxanalardan lazımınca istifadə etmirlər?” kimi klassik müraciətlər də məsələni həll etmir. Bu, elə bir problemdir ki, bunun həlli inzibati yollarla tənzimlənmir. Ona görə də mütaliə mədəniyyətini formalaşdırmaq üçün hamılıqla nümunə ortaya qoymağı bacarmalıyıq. Əslində, kütləvi şəkildə heç kimin kitab oxumamasından şikayətlənmək də ədalətsiz olar. Hər halda bu günlərdə apardığımız kiçik müşahidə bunu bir daha təsdiq etdi.
Əvvəla, onu deyək ki, Naxçıvanda kitab oxumaq üçün lazımi şərait var. Belə ki, muxtar respublikamızdakı kitabxanalar müasir tələblərə cavab verir, belə mədəniyyət müəssisələrində klassik ədəbiyyatlardan tutmuş müasir dövrün yazıçılarının əsərlərinə qədər istənilən kitabı tapmaq mümkündür. Müşahidələrimiz zamanı şəhərimizdəki kitab satılan mağazalarda kifayət qədər müxtəlif ədəbiyyatların olduğunu gördük, eyni zamanda kitab alıcıları ilə rastlaşdıq. Görünən o idi ki, kitab bazarında əvvəlki dövrlərə nisbətən müəyyən qədər canlanma var. Ancaq bunu heç də kütləvi hal kimi qəbul etmək düzgün olmazdı. Bizim ən çox diqqətimizi cəlb edən isə Atatürk küçəsində fəaliyyət göstərən “Möminə xatın” kitab-kafesi idi.
Məlumatı olmayanlar üçün deyim ki, bu kitab-kafe 2014-cü ilin noyabr ayından fəaliyyətə başlayıb. Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevinc Abbasovanın təşəbbüsü ilə yaradılmış bu obyektin əsas məqsədi gənclərimizdə mütaliə mədəniyyətini formalaşdırmaqdır. Sevinc müəllimə bizimlə söhbətində bildirdi ki, burada kitab oxumaq istəyənlər üçün lazımi şərait yaradılıb. Gənclər üçün nəzərdə tutulsa da, hər kəs bura gəlib rəflərdəki kitablardan götürərək heç bir ödəmə olmadan istifadə edə bilər. Müsahibimiz qeyd etdi ki, hazırda burada həm tələbə və müəllimlər üçün dərslik vəsaitləri, həm də müxtəlif sahələrə aid ədəbiyyatlar mövcuddur. Bundan əlavə, oxucular istədikləri kitabı sifariş etmək hüququna da malikdirlər və çalışırıq ki, onların bu istəklərini vaxtında yerinə yetirək. Bəs oxucularınız daha çox hansı yaş qrupuna daxildirlər? – sualına isə belə bir cavab aldıq: “Bura tələbələr daha çox gəlirlər. Ancaq şəhər sakinlərindən də oxucularımız olur. Buranın çox sakit aurası var. Məsələn, oxucularımız bura gəlib kitab oxuyarkən onlara ucuz qiymətə müxtəlif içkilər – çay, su və yaxud kofe təklif olunur. Söhbət zamanı kafeyə gələn oxucuların sayının artması da nəzərimizdən qaçmır. Həmsöhbətimiz bunu hiss edib bildirir ki, hazırda təhsil müəssisələrində tətil olduğu üçün daimi oxucularımız bura tez-tez gəlirlər. Bəs mütaliə mədəniyyətinin təbliği üçün nə edirsiniz? – sualına cavab aldıq ki, “Oxumağı sevdirmək” layihəsi bizim ən böyük layihəmizdir. Bu istiqamətdə bir çox tədbirlərimiz olub və gələcəkdə də olacaqdır. Söhbət əsnasında Sevinc müəllimə ilə kitab oxumağa diqqəti cəlb etmək üçün şəhərdaxili avtobus nəqliyyatında “Möminə xatın” kitab-kafesinin daimi oxucuları ilə birlikdə kitab oxumağı qərarlaşdırdıq. Ertəsi gün bunu reallaşdırdıq. Məqsədimiz insanların diqqətini mütaliəyə cəlb etmək, kitab oxumaq mədəniyyətini təbliğ etmək, oxumağın hər zaman və hər yerdə faydalı olduğunu göstərmək idi...
Bir dəfə Albert Eynşteyndən soruşurlar ki, necə edək, uşaqlarımız ağıllı olsunlar. Onun cavabı sadə və müdrik olur: “Əgər siz istəyirsinizsə ki, uşaqlarınız ağıllı olsunlar, onlara nağıl oxuyun. Əgər siz istəyirsinizsə ki, onlar daha da ağıllı olsunlar, onlara daha çox nağıl oxuyun”.
Məncə, əlavə şərhə ehtiyac yoxdur. Gələcək inkişafımız onunla bağlı olacaq ki, kitab oxumağı hər birimiz həyat tərzinə çevirək.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR