Hazırda türbədə son tamamlama işləri aparılır
Son illər muxtar respublika ərazisindəki dini-mədəni abidələr və ziyarətgahlar bərpa olunur, milli-mənəvi dəyərlərimizin yaşadılmasına və təbliğinə diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, Şərur rayonunun Xanlıqlar kəndi ərazisindəki qədim “İmamzadə” türbəsi də bərpa olunaraq əvvəlki görkəminə qaytarılıb. “İmamzadə”nin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanılıb.
Xatırladaq ki, qədim “İmamzadə” türbəsi giriş və salondan ibarətdir. Aşağıdan kvadrat şəklində inşa edilən bu abidənin yuxarı hissəsi tağvari günbəzlə örtülüb. Tədqiqatçıların fikrincə, “İmamzadə” türbəsi XVI-XVII əsrlərə aiddir. Əvvəllər binanın daxilində bir məzar və daş kitabə olub. 1928-ci ildə tədqiqatçılar kompleksdə olarkən qəbrin üzərində ərəb əlifbası ilə “İbrahim ibn Musa” yazıldığını müəyyənləşdiriblər. 1988-ci ildə nəşr olunmuş “Xanlıqlar İmamzadəsi” adlı məlumat kitabçasında da bu məzarın yeddinci imam Museyi-Kazımın oğlu İbrahimə məxsus olduğu yazılıb. Naxçıvan şəhərində yaradılmış ilk Diyarşünaslıq Muzeyindəki əlyazmalarda və elmi-tarixi məqalələrdə, həmçinin Bakıda nəşr olunmuş “Azərbaycanı öyrənmə yolu” adlı məcmuədə, Hüseyn Cavidin əmisi oğlu Məhəmməd Rəsizadənin “Şərur dairəsinə səyahət haqqında qeydlər” sərlövhəli məqaləsində də yuxarıdakı faktlar təsdiqlənir.
Xəbərlər şöbəsi