23 Dekabr 2024, Bazar ertəsi

Ordubad Rayon Mədəniyyət Evində keçirilən tədbirin aparıcısı qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın tarixində çox mühüm və əhəmiyyətli hadisədir. Naxçıvan çox mürəkkəb, çətin və şərəfli tarixi inkişaf yolu keçmişdir. 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında tarixi dekret qəbul etmişdir. Düzdür, 1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çoxsaylı müzakirələr getmişdir. Bu müzakirə və danışıqlar bölgənin statusunun müəyyənləşməsində əhəmiyyətli rol oynamış, böyük çətinliklər nəticəsində buna nail olunmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanın muxtariyyəti məsələsinə öz münasibətini dəfələrlə bildirmiş və bu hadisənin əhəmiyyətini qeyd edərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə “Rast dəstgahı” muğam konserti olmuşdur. Azərbaycan Respublikasının Xalq artistləri Qurban Qasımov, Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyev, Xatirə Səfərova, Zülfüqar Mahmudov, müğənnilər Qəribə Həsənova və Nərmin Hüseynlinin ifasında “Rast” muğamının şöbə və guşələrindən muğamlar ifa edilmişdir.
Xanəndə və müğənniləri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev (tarda), Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Aqib Seyidov (kamançada), Qasım Bağırov (balabanda), Məmmədəli Babayev (nağarada), həmçinin Sevinc Babayeva (qanunda), Sərxan Abdullayev (udda), Nihad Quliyev (balabanda) müşayiət etmişlər.
“Rast dəstgahı” muğam konserti rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR