Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində ustad dərslərinin keçilməsi davam etdirilir.
Dünən Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan Culfa Şəhər və Bənəniyar Kənd Uşaq Musiqi məktəblərinin şagird və müəllimləri üçün ustad dərsləri təşkil olunub.
Ustad dərsləri başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının aparıcı məsləhətçisi Leyla Əlimərdanova çıxış edərək bildirib ki, belə dərslərin keçilməsində məqsəd bu sahədə tədrisin səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.
Sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova (fortepiano ixtisası üzrə), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov (tar ixtisası üzrə), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əbülfət Babayev (kamança ixtisası üzrə) ustad dərsləri keçiblər. Ustad dərslərinin gedişində müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi