Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Culfa şəhərində tədris işinin təşkili ilə bağlı zona müşavirəsi keçirilib. Ordubad və Culfa rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilən müşavirəni Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açıb.
Bildirilib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qarşısında muxtar respublikadakı uşaq musiqi məktəblərinin fəaliyyətinin gücləndirilməsi, ixtisaslı kadrların seçilməsi və düzgün yerləşdirilməsinin təmin olunması, folklorumuzun, bütövlükdə, milli dəyərlərimizin təbliği, turizm sektorunun inkişafı istiqamətində səylərin artırılması kimi vəzifələr qoyulub.
Qeyd olunub ki, nazirliyin tabeliyində 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. 2014-2015-ci tədris ilində muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini müxtəlif ixtisaslar üzrə 1136 nəfər şagird bitirib. 2015-2016-cı tədris ilinə isə 16 ixtisas üzrə 1285 şagird qəbul edilib və hazırda bu məktəblərdə 7200-dən çox şagird təhsil alır.
Vurğulanıb ki, yeni təhsil müəssisələrinin inşası, onların texniki və kadr təminatının yaxşılaşdırılması, məktəblərin müasir informasiya texnologiyaları və pulsuz dərsliklərlə təmin edilməsi bu sahəyə göstərilən dövlət qayğısının ifadəsidir. Təkcə 2015-ci ildə iki uşaq musiqi məktəbi üçün – Sədərək Rayon Uşaq Musiqi Məktəbi və Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin yeni binalarının açılışı olub.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə həyata keçirilən tədbirlərin onların cəmiyyətə inteqrasiyası və təhsili üçün əlverişli mühit yaratdığını deyən nazir bildirib ki, 2015-2016-cı tədris ilində bir neçə bu kateqoriyadan olan uşaq musiqi məktəblərinə cəlb edilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsi, tədrisin mərkəzləşdirilməsi, məktəblərin tədris vəsaitləri ilə təmin edilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi sahəsində bir sıra işlər görülüb. Belə ki, nazirlik tərəfindən muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün “Vahid tədris proqramları” adlı vəsait hazırlanıb. Mütəxəssislər tərəfindən hazırlanmış tədris proqramları məktəblərə paylanılıb və işin bu əsasda qurulması təmin olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən ustad dərslər, müsabiqə və intellektual oyunlar məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bundan əlavə, məktəblərdə kadrların düzgün seçilib yerləşdirilməsi məsələsi də ən vacib və aktual məsələlərdən biridir. Bu sahə üzrə kadrların yetişdirilməsi üçün Naxçıvan şəhərində həm orta ixtisas, həm də ali təhsil müəssisəsi vardır. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində bu sahə üzrə 9 ixtisas, Naxçıvan Musiqi Kollecində isə 10 ixtisas üzrə kadr yetişdirilir.
Vurğulanıb ki, məktəblərə bəzən bilik, bacarıq və qabiliyyəti nəzərə alınmadan müəllimlər qəbul edilib. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə məktəblərdə kadrların yerləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin nəzarətinə götürülüb, 2015-2016-cı tədris ilinin başlanması ilə kadrların yerləşdirilməsi məsələsi mərkəzləşdirilib. Belə ki, nazirlik tərəfindən imtahan komissiyası yaradılıb və həmin komissiya tərəfindən sentyabr ayında hazırlıqlar aparılıb, müsbət rəy alanlar nazirliyin əmri ilə müvafiq məktəblərə yerləşdirilib. Hazırda kadrların məktəblərə yerləşdirilməsi bu qayda ilə davam etdirilir.
Natəvan Qədimova məktəblərdəki şagird kontingentinin komplektləşdirilməsinin düzgün aparılmaması, bəzi məktəblərdə ixtisas dərslərinin zəif keçilməsi, qrup dərslərində vəziyyətin qənaətbəxş olmamasından da danışıb. Nazir sadalanan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Mədəniyyət və Turizm şöbələri müdirlərinin və məktəb direktorlarının əməli fəaliyyət göstərməli olduqlarını bildirib, verilən tapşırıqlara ciddi əməl etmələrinin vacibliyini vurğulayıb.
Sonra məruzə ətrafında Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Füzuli Hüseynlinin, Ordubad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyevin, Culfa Şəhər Uşaq Musiqi Məktəbinin direktor əvəzi Elşad Rzayevin və Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin direktoru Azər Məmmədovun çıxışları olub, müzakirələr aparılıb.
Müşavirəyə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova yekun vurub.
Səbuhi Həsənov