23 Dekabr 2024, Bazar ertəsi

Oçerk

Məktəbin qapısına çatanda qarşısına çıxan şagirdlərinin salamı Yunis müəllimi düşüncələrdən ayırdı. Adəti üzrə onların əhvalını soruşdu. Cavablarından üzünə təbəssüm qondu. Özünün şagird olduğu illəri, oxuduğu məktəb binasını xatırladı, ucqar dağ kəndində o vaxt yaşamağın, oxumağın çətinliklərini gözləri qarşısına gətirməyə çalışdı. Yadına anasının bez parçasından tikdiyi məktəb çantası, təhsil aldığı məktəb binasının miskin görkəmi, yöndəmsiz darısqal sinif otaqları düşdü. Dəfələrlə bu barədə şagirdlərinə danışsa da, həmişə görmüşdü ki, onların buna inanmaqları gəlmir. Elə onda da düşünmüşdü ki, bugünkü uşaqlarda nə günah? Gözlərini açıb müasir məktəb görüblər. Görüblər ki, təhsil aldıqları məktəbdə elektron lövhələr var, kompüterlər var, böyük idman zalı, dünya şöhrətli klassik və müasir Azərbaycan ədəbiyyatının korifeyləri ilə yanaşı, xarici ölkə ədəbiyyatı nümayəndələrinin bir-birindən maraqlı əsərləri ilə zəngin olan kitabxana var. Dərslikləri şagirdlərə pulsuz verirlər. Hələ sinifdə oturub Naxçıvan şəhərindəki muzeylərlə əlaqə saxlamaq... Distant təhsilin tətbiqi... Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə kompüterlərin, Prezident təqaüdünün verilməsi... Vallah, adama nağıl kimi görünür. İllər öncə bunları yuxuda belə, görməzdin...

Bu fikirlərlə müəllimlər otağının qapısına çatdığını gördü. İçəri keçdi. Dərslərin başlanmasını bildirən zəng vurulana qədər müəllimlərin müxtəlif mövzularda söhbəti ənənə şəklini almışdı. Ölkəmizdə, muxtar respublikada görülən işlər, müstəqilliyin xalqımıza verdiyi bəhrələr bu söhbətlərin başlıca mövzusu idi. O və onun kimi yaşlı müəllimlər isə bu günü dünənlə müqayisə etməyə üstünlük verirdilər. Bu gün də söhbət bu istiqamətdə idi... Elə bu anda onu da düşündü ki, dünənə qədərki söhbət işıqdan, qazdan, çörək qıtlığından gedirdisə, şükür Allaha, bu söhbətlər daha yoxdur, çünki həmin problemlər öz həllini yüksək səviyyədə tapıb.
...Yunis Quliyev 1954-cü ildə Şahbuz rayonunun Kükü kəndində doğulub. Bu yaşayış məntəqəsində orta təhsil alıb. Orta məktəbi gümüş medalla başa vurub. 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu kimya ixtisası üzrə bitirib. İlk əmək fəaliyyətinə də Kükü kənd tam orta məktəbində başlayıb. 41 ildir ki, kükülü uşaqlara kimya fənninin sirlərini öyrədir. O, muxtar respublikamızda “Baş müəllim” adını alan ilk gənc müəllim, 2013-cü ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Orta məktəbdə dərs dediyi şagirdlərdən 2 nəfəri bu gün kimya üzrə fəlsəfə doktoru, 1 nəfəri elmlər doktorudur. Kimya elminin sirlərini Yunis müəllimdən öyrənən Ələddin Məmmədov və Sahibə Seyidova da “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləridir. Dərs dediyi şagirdlərdən 100-dən çoxu bu gün ölkəmizin müxtəlif tədris ocaqlarında müəllim kimi fəaliyyət göstərir.
Sadaladıqlarımız bir müəllim ömrünə yazılan səhifələrdir. Bu səhifələrdə yuxusuz gecələr, öyrənmək və öyrətmək həvəsi, məktəbdənkənar və sinifdənxaric tədbirlər, olimpiadalar, viktorinalar özünə yer alıb.
* * *
Bəs onu bir müəllim kimi fərqləndirən keyfiyyətlər hansılardır? Bu suala cavab tapmaq üçün üz tuturam Kükü kənd tam orta məktəbinə. Məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Araz Məmməd­ovla görüşürəm. Gəlişimin məramını ona bildirirəm. Yunis müəllimi hələ özüm də orta məktəbdə müəllim işlədiyim vaxtlardan tanıdığımı diqqətinə çatdırıram. Bu tanışlıq söhbəti ortaya körpü salır:
– Yunis müəllim ölkə səviyyəsində tanınan müəllimlərdən biridir. Mənə də orta məktəbdə dərs deyib. Yadıma direktorluq fəaliyyətinə başladığım ilk vaxtlardakı bir məqam düşür. İlk dəfə Yunis müəllimin dərsini dinləməyə, düzünü deyim ki, bir az çəkinirdim. Düşünürdüm ki, adı respublika müəllimlərinin ön sıralarında çəkilən, təcrübəsi respublika daxilində yayılan, yetirmələrinin səsi elm, təhsil ocaqlarından, yüksək vəzifə postlarından gələn, ilk dəfə əlimə jurnal alıb sinfə girəndə və elə ondan sonra da öz məsləhətlərini verən bir müəllimin dərsində oturmaqla onun xətrinə dəymərəmmi? Düşündüklərimi yaşlı müəllimlərdən birinə söylədim. Gülümsünərək dedi ki, onun dərsində oturarkən nə isə öyrənəcəksən, bütün yorğunluğun çıxacaq, 45 dəqiqənin necə başa çatdığını hiss etməyəcəksən. Belə də oldu. Bu gün də onun dərslərini dinləyərkən görürəm ki, Yunis müəllimin heç bir dərsi əvvəlkini təkrarlamır. Bu isə o deməkdir ki, Yunis müəllim öz üzərində daim çalışır, pedaqoji və metodiki yenilikləri izləyir, yeni təlim üsullarını öz dərslərinə tətbiq edir, elektron lövhədən istifadəyə üstünlük verir.
* * *
Yunis müəllimə bir sual ünvanlayıram:
– Siz müəllimi necə görürsünüz? Bu sənət sahibini necə xarakterizə edərdiniz?
– Bəziləri düşünür ki, müəllim zabitəli olarsa, onun şagirdləri də yüksək bilik qazana bilərlər. Belə düşünənlər kökündən yanılırlar. Unudurlar ki, zabitəli olmaq tələbkar olmaq demək deyil. Bir də onu unudurlar ki, parta arxasında oturan şagirdin sabah kim olacağını heç kim deyə bilməz. Yəni bu gün əlifbanı öyrənən şagirdə şəxsiyyət kimi yanaşmaq lazımdır. Üzeyir Hacıbəyov, Səməd Vurğun, Bəhruz Kəngərli məktəbdə oxuyanda hansı müəllim deyə bilərdi ki, sabah onlar Azərbaycanı dünyada tanıdacaq sənətkar­lar olacaqlar?
İkinci bir tərəfdən, məsələ onda da deyil ki, bu günün şagirdi mütləq sabahın hansısa bir sahə üzrə tanınmış nümayəndəsi kimi yetişməlidir. Ancaq nədənsə, bəzi müəllimlərimiz dərs dedikləri şagirdlərinin ali məktəblərə qəbul olunmasını özlərinin müvəffəqiyyəti hesab edirlər. Heç orta ixtisas təhsili də onları qane etmir. Bəs onda son illərdə muxtar respublikamızda peşə təhsilinə niyə belə ciddi yanaşılır, onun inkişafına qayğı göstərilir? Vətənpərvərlik hissi varsa, onda alim də, müəllim də, hüquq işçisi də, çəkməçi və saatsaz da öz xalqı ilə birlikdə olacaq.
* * *
Söhbətimizi evində, çay süfrəsi arxasında davam etdirməyi məsləhət görən Yunis müəllimin sözünü yerə salmırıq.
Evdə gözümə sayını təxminən müəyyən etmək mümkün olmayan kitab şkafı sataşır. İlk anda düşünürəm ki, yəqin, Yunis müəllimin ixtisası ilə bağlı kitablardır. Ancaq burada dünya və Azərbaycan ədəbiyyatının nümunələrini, xüsusilə klassiklərimizin əsərlərini görəndə təəccübümü saxlaya bilmirəm. Yunis müəllim bunu hiss edir:
– Düzünü deyəcəm: mütaliə etmədiyim günü ömrümdən saymıram. Mütaliə insanın formalaşması üçün ən gözəl vasitədir. Kimlərinsə mənimlə razılaşmayacağına şübhə etmirəm. Deyəcəklər ki, indi kompüter əsridir. Düzdür, kompüter əsridir, yeni texnologiyaların tətbiqi zamanın tələbidir. Ancaq hər şeyin öz yeri var...
Stola çay gəlir, müxtəlif şirniyyatlar düzülür. Sadə kənd müəlliminin süfrəsində nələr yoxdur? Həyətindəki təndirdə bişirilən çörək, özünün saxladığı arı ailələrinin təmiz məhsulu olan bal, bağçasında yetişdirdiyi cürbəcür meyvələr.
– Yunis müəllim, vaxtınızı necə bölüşdürürsünüz? Məktəb, dərslərə hazırlıq, mütaliə, təsərrüfat işləri... Yenə sifətinə təbəssüm qonur:
– Məşğul olduğun işi sevməlisən, onda vaxtın azlığı gözünə görünməyəcək.
Stolun üstündəki çörəyə baxıram. Elə bu müqəddəs nemət söhbətimizin mövzusunu genişləndirir.
– Yunis müəllim, sirr deyil ki, bu gün kəndlərimizdə çox az həyətlərdə təndir çörəkləri bişirilir. Siz isə xalqımızın bu adətini yaşadırsınız...
– Təndirin hər bir kənd evində müqəddəs sayılmasını hələ uşaq vaxtı anamdan eşitmişdim. Sonra bunu özüm də gördüm. Müqəddəs olana ehtiramla yanaşılmalıdır. Çörək isə nemətlərin müqəddəsidir. Təndirdə bişirilən bu müqəddəslik bir az da böyük önəm kəsb edir. Təndirdə bişirilən çörəyin ətri az qala kəndin o başına çatır...
– Bəs digər adət-ənənələrimiz, məsələn, mağarda keçirilən kənd toyları, qara zurna, gəşti tutmaq, yallı getmək...
Burada Yunis müəllimin sifəti tutqunlaşır, bir qədər düşünür, sonra dillənir:
– Bir neçə yaxın qohumumun Şahbuz və Naxçıvan şəhərlərində restoran toylarına hazırlaşdıqlarını eşidəndə əsəbiləşdim, onları qınadım. Elə əsassız bəhanələr gətirdilər ki... Qəti razı deyiləm... Adətlərimiz qorunmalıdır, gələcək nəslə ötürülməlidir. Onlar ata-babalarımızın bizə miras qoyduqları ən qiymətli sərvətlərdir. Onlara arxa çevirmək olmaz. Bu baxımdan müəllimlərin də üzərinə mühüm vəzifələr düşür. Bayaq da dedim axı, şərt təkcə savadlı gənclik yetişdirmək deyil, həm də vətənpərvər gənclik yetişdirməkdir... Görkəmli rus şairi Nekrasov deyirdi ki, şair olmaya bilərsən, vətəndaş olmağa borclusan. Bunun üçün hansı təbəqənin nümayəndəsi olmaq şərt deyil.
... Ayrılmaq vaxtıdır. Kənd yeridir, kənd ailəsinin qayğıları çoxdur. Yunis müəllim və onun ailəsini belə qayğılarla üz-üzə qoyub sağollaşırıq. Yolboyu gözlərim önündən şərəfli bir müəllim ömrü keçir. Xalq üçün, Vətən üçün düşünən, onun sabahına cavabdehlik hissi daşıyan, vətənpərvərliyi həyat kredosu sayan bir ömür. Belə yaşamağı ən gözəl həyat tərzi sayan Yunis Quliyevin keçdiyi həyat yolu barədə düşünəndə fikirləşirsən ki, belə ömür yaşamağa dəyər.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR