Azərbaycan tədqiqatçıları Əlincəqalanı Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biri hesab etmişlər. Son illər aparılan araşdırmalar zamanı Əlincəqalanın tarixinə aid yeni faktlar aşkar edilmişdir. Bu faktların bir qismi Əlincəqaladan tapılan VII əsrə aid mis və gümüş sikkələrlə bağlıdırsa, digər faktlar Əlincəqalanın memarlıq üslubu ilə bağlıdır.
Hörmətli oxucular, Əlincəqaladan tapılan bir gümüş sikkə haqqında sizə məlumat vermişdik. Əlbəttə, bu sikkə Əlincəqalada deyil, Daşkənddə kəsilmişdi. Bununla belə, bu tapıntı Əlincəqalanın VII əsrdə Mərkəzi Asiya ölkələri ilə əlaqəsi olan qala-şəhər olduğunu təsdiq etməkdədir. Bu sikkə Bakı Dövlət Universitetinin dosenti Qənirə Pirquliyeva tərəfindən oxunmuşdur. Tədqiqatçının fikrinə görə, həmin sikkənin üzərində soqd əlifbası ilə “Çaç” sözü və hökmdarın adı yazılmışdır. Təəssüf ki, hökmdarın adı hələlik mütəxəssislər tərəfindən müəyyən edilməmişdir. Çaç Daşkəndin qədim adı olmuşdur. Sikkənin VII əsrdə kəsilməsi, şübhəsiz ki, qalanın Sasanilər dövründə yerli hökmdarların əsas iqamətgahlarından biri olduğunu göstərir.
Əlincə qalasından tapılan digər mis sikkə rus şərqşünası A.K.Markov tərəfindən 1897-ci ildə nəşr edilmişdir. Nədənsə bu sikkə uzun müddət tədqiqatçıların nəzərindən kənarda qalmış və tədqiqata cəlb olunmamışdır. Nəticədə, Azərbaycan numizmatikasına dair yazılan əsərlərdə Əlincəqalanın adı Azərbaycanın əsas zərbxanaları içərisində çəkilsə də, bu zərbxanada kəsilən sikkələr haqqında ətraflı məlumata rast gəlmirik. Bəzi numizmat tədqiqatçılar Əlincə zərbxanasını XIII-XIV əsrlərə aid etmişlər. Lakin bəzi tədqiqatçılar haqlı olaraq Eldənizlər dövründə Əlincəqalanın mühüm əhəmiyyətini və iqamətgaha çevrilməsini nəzərə alaraq XII-XIII əsrdə zərb edilən mis sikkələrin bir qisminin Əlincəqalada kəsildiyini ehtimal etmişlər. Cəlairilər dövründə də sikkə zərbinin olduğunu söyləyənlər olmuşdur. Təəssüf ki, sikkələr haqqında dəqiq məlumat verilmədiyindən bu fikirlər ehtimal olaraq qalmışdır. A.K.Markov tərəfindən nəşr olunan sikkədə isə olduqca maraqlı məlumat vardır. Numizmat alimlərimizə gərəkli olsun deyə, mis sikkənin üzərindəki epiqrafı olduğu kimi təqdim edirik. Sikkənin avers, yəni üz hissəsində ...zərb ...qale... Alince; revers, yəni tərs üzündə v (vav hərfi) ...rəsul... Əbu Bəkr... sözləri yazılmışdır. Yazılar altıüzlü həndəsi fiqurun içərisindədir. Sikkənin zərb tarixi yoxdur. Lakin şərqşünas A.K.Markov epiqrafda xatırlanan Əbu Bəkr adının birinci ərəb xəlifəsinə aid olduğunu göstərir. Qeyd edək ki, ümumiyyətlə, sünni təriqətinə məxsus hökmdar sikkələrinin üzərində dörd ərəb xəlifəsinin adı yazılırdı. Burada isə yalnız Əbu Bəkrin adı xatırlanmışdır. İkonoqrafik baxımdan bu sikkə Hülakülər dövrünün sikkələrinə bənzəyir. Qeyd edək ki, Əlincəqaladan aşkar olunan sikkələr üzərində tədqiqat davam etdirilir. Ola bilsin ki, gələcəkdə daha dəqiq məlumat əldə edəcəyik. Belə nəticəyə gəlmək olar ki, Əlincəqala həm Sasanilər, həm də sonrakı dövrlərdə mühüm zərbxana və siyasi-mədəni mərkəz olmuşdur. Faktlar onu göstərir ki, Əlincəqala müxtəlif dövrlərdə müxtəlif təriqətə məxsus hökmdarların iqamətgahı olmuşdur. Şübhəsiz ki, bu, qalanın əlçatmaz mövqedə yerləşməsi ilə bağlı idi. Əlincəqalanın tarixi ilə bağlı maraqlı məlumat verən sikkələrin “Şahtaxtı” adlanan Narınqaladan tapılması da bununla bağlıdır.
Naxçıvandan aşkar olunan bir çox sikkələrin üzərində il və şəhər adı olmadığından onların zərb yerini müəyyənləşdirmək xeyli çətindir. Bu daha çox Eldənizlərin dövrünün sikkələrinə aiddir. Ehtimal ki, Eldəniz sikkələrinin bir qismi Əlincəqalada kəsilmiş, lakin təhlükəsizlik məqsədilə onların zərb yeri gizli saxlanmışdır.
Əlincəqalanın əfsanələşmiş qala divarları da onun qədim tarixindən xəbər verir, çox mətləblərin üstünü açır. Əlincəqala, məlum olduğu kimi, ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanında xatırlanmış, IX əsrdən başlayaraq bir çox orta əsr mənbələrində qala yaxınlığında baş verən döyüşlər haqqında məlumat verilmiş, Eldənizlərin əsas iqamətgahlarından biri hesab olunmuşdur. Əlincəqalanı daha çox məşhurlaşdıran isə qala sakinlərinin Əmir Teymura qarşı 14 il müqavimət göstərməsidir. Elə buna görə də Əlincəqalanın tarixi daha çox inkişaf etmiş orta əsrlər dövrü ilə bağlanmışdır. Əslində isə Əlincəqalanın memarlıq üslubu onun daha qədim dövrlərə aid olmasından xəbər verir. Məlum olduğu kimi, Əlincəqalanın memarlığında düz divarlar, düzbucaqlı çıxıntılar, yonulmuş kvadrat formalı daşlardan üzləmələr üstünlük təşkil edir. Bu memarlıq üslubu Sasanilər dövründə çox geniş yayılmışdır.
Əlincəqalada düzbucaqlı bürclər və düzbucaqlı çıxıntıları olan divarlar, həmçinin yonulmuş daşlardan istifadə üstünlük təşkil edir. Bu tip tikintilər Naxçıvanda qədim dövrdən məlum olmaqla, Qazançıqala, Vayxırqala və Oğlanqalada geniş tətbiq edilmişdir. Bu memarlıq üslubu, həmçinin erkən orta əsrlərə aid Dərbənd və Bayburt qalalarının da tikintisində müşahidə olunur. Orta əsr Azərbaycan şəhəri Dərbənd mənbələrdə I əsrdən xatırlansa da, müdafiə divarlarının tikilmə tarixi hələlik VI əsrə aid edilir. Əlincəqalanın memarlığında isə Sasani dövrünün ənənələri aydınca hiss edilir. Bu xüsusiyyətlər xüsusilə Xanəgah kəndi istiqamətində inşa olunan divarlarda görünməkdədir.
Son tədqiqatlar zamanı Əlincəqaladan VII əsrdə zərb edilən sikkələrin və Sasanilər dövrünə aid arxitektura qalıqlarının tapılması onun qədim tarixini bir daha sübut edir. Əgər VII əsrdə Əlincəqalanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri olmuşdursa, deməli, onun tikilmə tarixi daha da qədim dövrə aiddir. Heç şübhə etmirik ki, gələcək araşdırmalar Əlincəqalanın tarixinə aid yeni faktların aşkar olunması ilə nəticələnəcək, Azərbaycan xalqının qəhrəmanlıq tarixinin səhifələrini öz sinəsində qoruyan Əlincəqala ilə bağlı daha geniş məlumatlar əldə ediləcəkdir.
Vəli BAXŞƏLİYEV AMEA-nın müxbir üzvü