Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası dünya şöhrətli memar Əmirəddin Məsud Naxçıvaninin doğulduğu yerdir. Əmirəddin Məsud Naxçıvani Eldənizlər sarayında yaşamış XII əsrin nüfuzlu Azərbaycan memarlarındandır. Məsud Naxçıvani tərəfindən inşa edilən abidələr bir çox mədəniyyət və arxeoloji sahədə tədqiqat aparan beynəlxalq alimlərin istinad mənbəyi və araşdırma obyekti olmuşdur.
Şahbuz rayonunun Biçənək kəndinin şərqində, Batabat yaylağında Fərhad evi arxeoloji abidəsi yerləşir. Fərhad evi Zorbulaqdan təqribən 1 kilometr şərqdədir. Bu abidə liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Tavanlar tağ, döşəmələr oval formasındadır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılmış, səki düzəldilmişdir. Birinci otağın sağ küncündə quyu və ocaq yeri vardır. “Naxçıvan Abidələri Ensiklopediyası” kitabında qeyd olunur ki, abidənin giriş qapısının hündürlüyü 2,2, eni isə 1,3 metrdir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzunsaçlı kişi başı, solunda isə qadın rəsmi həkk olunmuşdur. Naxçıvan şəhərindən Fərhad evinə olan yol orta əsr ticarət marşrutunun əhəmiyyətli bir hissəsi olmuş, Avropanı Mərkəzi və Şərqi Asiya ilə birləşdirmişdir. Həmin dövrdə Batabat yaylağında mühüm tranzit keçid məntəqəsi tikilmiş və bu imkandan istifadə edərək çoxlu sayda beynəlxalq alimlər və qonaqlar Azərbaycan mədəniyyətinin mühüm aktivlərini və nadir arxeoloji abidələrini tədqiq etmək imkanına malik olmuşlar. Bu ərazi yerli əhali tərəfindən Şah Abbas karvansarası da adlandırılmışdır. Beynəlxalq ekspedisiyalar və yerli alimlər tərəfindən son dövrlərdə aparılan tədqiqatlar göstərir ki, Fərhad evi I minilliyin birinci yarısında inşa edilmişdir.
Digər bir unikal abidə Şahbuz rayonunun Külüs kəndi yaxınlığında, Külüsçayın sol sahilində eramızdan əvvəl II-I minilliyə aid olan Haqqıxlıq nekropoludur. Hündür təpənin üzərində yerləşən nekropol şimal-şərq və cənub-şərq tərəfdən uca dağlarla əhatə olunmuşdur. Həmin nekropol daş qutu qəbirlərdən ibarətdir. Haqqıxlıq nekropolundan əldə olunmuş maddi-mədəniyyət nümunələrinə əsasən ərazinin bəşəriyyətin mədəni varlığı üçün mühüm xəzinə olması təsdiqini tapmışdır. “Naxçıvan Abidələri Ensiklopediyası” kitabına əsasən Haqqıxlıq nekropolundan insan skeleti qalıqları, ətrafından isə heyvan və quş fiqurları, çəhrayı və boz rəngli gil qab qalıqları aşkar olunmuş, tunc xəncər, nizə ucu, xeyli miqdarda əqiq muncuqlar, bilərzik, sırğa, tuncdan üzük, pilək asmalar, küpə, kasa, qədəh və parç formalı gil qablar tapılmışdır.
Naxçıvan dünya şöhrətli arxeoloji və mədəni abidələrlə zəngin olan bir yerdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Naxçıvan ərazisində olan tarixi-mədəni abidələr dünya əhəmiyyətli abidələrdir. Bu abidələrin hər biri Azərbaycan xalqının tarixi, mədəniyyəti və adət-ənənələrini özündə əks etdirir. Tarixin canlı şahidi kimi Naxçıvanın hər bir daşı və qayasının Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus xüsusi yeri vardır”.
Peter Tase
28.01.2016
Amerika Birləşmiş Ştatlarının “Foreign
Policy News” və “Eurasia review” qəzetləri,
Avropanın mədəniyyət, incəsənət, elm və təhsil nəşri olan “Diogen Pro” jurnalı