Naxçıvan şəhərindəki Atatürk küçəsində musiqi çağlayan bir ünvan var. O ünvan ki möhtəşəm görünüşü ilə seçilən 2 nömrəli Uşaq Musiqi Məktəbidir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il dekabr ayının 1-də Naxçıvana səfəri çərçivəsində məktəbin açılışında iştirak edib.
Məktəbin yeni binadakı fəaliyyəti ilə oxucularımızı yaxından tanış etmək üçün həmin ünvana üz tutduq. Qeyd edim ki, köhnə binada yerləşdiyi vaxtlarda dəfələrlə bu musiqi ocağının fəaliyyəti haqqında qəzetimiz üçün yazılar hazırlamışıq. Hər dəfə də burada darısqallıqdan, şəraitsizlikdən həm müəllimlər, həm də valideynlər narazılıq edirdilər.
1987-ci ildə yaradılan bu məktəb üçün ötən il 4 mərtəbəli yaraşıqlı bina ucaldılıb. Burada 300 şagird müxtəlif musiqi alətlərində ifaçılıq sənətinə, həmçinin milli və klassik musiqinin sirlərinə yiyələnir. Qeyd edək ki, 4 şöbədə 7 ixtisas üzrə tədris aparılır. Təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün zəruri tədbirlər görülüb. 39 fərdi sinif otağı, tədris otaqları və müxtəlif tədbirlərin keçirilməsi üçün zal ən müasir avadanlıqlarla təchiz edilib.
Məktəbin sinif otaqlarını gəzirik. Hər ixtisas üçün ayrı-ayrı sinif otaqları var. Otaqların birindən gələn tar səsi görkəmli şairimiz Mikayıl Müşfiqin qələmindən süzülən “Oxu tar, oxu tar, səni kim unudar?” sətirlərini yada salır. Gənc müəllim elə böyük həvəslə şagirdinə tarın incəliklərini öyrədir ki, ayaq saxlayıb onları seyr etməmək mümkün deyil. Tarın ətrafa yayılan səsi insanın daxili aləminə güclü təsir göstərir. Müəllimin dərsinə mane olmuruq. Məktəbin direktorundan müəllim haqqında öyrənirik. Deyir ki, Rəhman Quliyev Naxçıvan Musiqi Kollecinin məzunudur. 2011-ci ildən məktəbdə tar müəllimi kimi fəaliyyət göstərir.
Sevindirici haldır ki, məktəbin müəllimlərinin əksəriyyəti Naxçıvan Musiqi Kollecinin məzunlarıdır. Həmin məzunlardan Vüsalə İsmayılovanın dərsində də iştirak etdik. Musiqi nəzəriyyəsini tədris edən Vüsalə müəllimə notlar haqqında şagirdlərə məlumat verirdi.
Dərslərə mane olmayıb bəzi siniflərdə tədris prosesini izləyib, fotoşəkillərini çəkdik. Sonra məktəbin müəllimləri ilə həmsöhbət olduq. Şəhla Pənahlı onlara göstərilən qayğını yüksək dəyərləndirdi:
– Uzun illərdir, bu məktəbdə müəllim işləyirəm. Köhnə məktəbimizdə çətin şəraitdə dərs keçilirdi. Musiqi alətlərimiz yox idi. Siniflər az olduğundan növbə ilə dərs keçirdik. Şəhərin mərkəzində yeni tikilmiş 4 mərtəbəli musiqi məktəbi istifadəmizə verildi. Burada uşaqların yaxşı təhsil alması üçün tam şərait yaradılıb. İşıqlı sinif otaqları, yeni musiqi alətləri vardır, istilik sistemi də yerində. Hər bir şöbə üçün sinif otaqları, konsertlərin keçirilməsi üçün böyük zal istifadəmizdədir. Bu gün uşağının bu məktəbdə oxumasını istəyən valideynlərin də sayı artıb.
Şəhla müəllimə onu da bildirdi ki, məktəbdə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin və Naxçıvan Musiqi Kollecinin məzunları olan 50 nəfərlik müəllim heyəti çalışır.
Otaqların birindən gələn səs istər-istəməz bizi o tərəfə yönəltdi. O səs nağara səsi idi. Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Qurban Qurbanov hər zamankı kimi həvəslə şagirdlərinə nağaranın sirlərini öyrədirdi. O dedi:
– Naxçıvanda bir sıra qədim musiqi alətlərimiz bərpa olunur, onlar təbliğ edilərək yaşadılır. Bunlar sırasında nağara da var. Muxtar respublikada bu alətdə ifadə etmək istəyən yeniyetmə və gənclərin sayı getdikcə artır. Əvvəllər bina yararsız halda olduğu üçün bu ixtisasa uşaq qəbulu məhdud sayda aparılırdı. İndi yeni məktəb binamızda hər cür imkan var. Bundan sonra yolumuz uzundur. Məqsədimiz bizim üçün yaradılan yüksək şəraitdən səmərəli istifadə edərək uşaqlarda milli musiqi alətlərinə və musiqi təhsilinə marağı artırmaq, milli dəyərləri yaşadaraq gələcək nəsillərə ötürməkdir.
Məktəbin birinci mərtəbəsində valideynlərlə də həmsöhbət olduq. Səkinə Cəbrayılovanın dediklərindən:
– Son illərdə muxtar respublikada uşaqların hərtərəfli inkişafı, istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlər biz valideynləri də ürəkdən sevindirir. Bu, gələcəyimizə qayğının ən böyük ifadəsidir. Ölkə başçısının bu məktəbin açılışında iştirakı da bunu sübut edir. Sevinirik ki, yeni məktəbdə yaradılan şərait uşaqlarımızın yaxşı musiqi təhsili almasına imkan verir. Bunun üçün dövlətimizə minnətdarıq.
Bu bizim musiqi məktəbinin yeni binasına ilk gəlişimiz idi. Bura gəlməkdə məqsədimiz yeni məktəb binasının məktəb kollektivinə yaşatdığı sevincin təəssüratlarını burada çalışanlarla bölüşmək idi. Yaradılan şərait gələcəkdə, heç şübhə yoxdur ki, bu məktəbin şagirdlərinin müxtəlif müsabiqələrdə qazandığı uğurların sayını artıracaq, biz də məktəbin əldə etdiyi nailiyyətləri oxucularımıza çatdıracağıq. Elə bu ümidlə də şəhərimizin simasına daha bir gözəllik qatan məktəbdən ayrılırıq.