23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvandakı Erkən Dəmir dövrünə aid arxeoloji abidələr İsa Məsihdən əvvəl və sonrakı dövrün tarixi inkişaf proseslərinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Naxçıvanın arxeoloji abidələri Avropa və Asiyanın arxeoloji abidələrini, qədim memarlıq incilərini tədqiq edən mütəxəssis və alimlərin diqqətindən kənarda qalmamalıdır. Belə ki, bu ərazidəki İlikliqaya, İrinçöy və İydəli piri unikal arxeoloji abidələrdəndir.
İlikliqaya nekropolu Ordubad rayonunun Tivi kəndinin cənub-şərqində yerləşir. Nekropol təsərrüfat işləri zamanı dağıdılmışdır. Yerli alimlər həmin ərazidən Son Tunc-Erkən Dəmir dövrünə aid maddi-mədəniyyət nümunələri aşkar etmişlər. Aşkar olunan keramika nümunələri İlikliqaya yaşayış yerində qədim ticarət və təsərrüfat sahələrinin inkişaf etdiyini sübuta yetirir. Ərazidən tapılan küpə, kasa, təsərrüfat alətləri, at karvanlarının qalıqları və vaza tipli qabların parçalarından ibarət boz rəngli keramika nümunələri yaxşı bişirilmişdir. Aşkar olunmuş arxeoloji materiallara əsasən yaşayış yerini eramızdan əvvəl II minilliyin sonu və I min­illiyin əvvəllərinə aid etmək olar.

Digər qədim arxeoloji abidə isə Şərur rayonunun Şahbulaq kəndinin cənub-şərqində yerləşən İrinçöy abidəsidir. Abidə 1500 kvadratmetr ərazini əhatə edir. Burada aşkar olunmuş arxeoloji materiallar sübut edir ki, Şərur rayonunun ərazisi beynəlxalq səviyyəli tədqiqat yeridir. Yerli alimlər tərəfindən aparılan tədqiqatlar nəticəsində ərazidəki xarabalıqlardan tapılan unikal keramika məmulatları çəhrayı rəngdə bişirilmiş, forma verilməyən qab parçalarından ibarətdir. Bu keramika nümunələri orta əsrlər dövrü üçün xarakterikdir. Bu qədim yaşayış yerində iri daşlardan hörülmüş divar qalıqlarına da rastlanmışdır. Yerli mənbələrdə verilən məlumatlara görə, yaşayış yerinin bünövrəsi böyük daşlardan ibarətdir və fərqli memarlıq quruluşuna malikdir.
Babək rayonunun ərazisi də dünya alimlərinin cavabsız qalan suallarına cavab tapa biləcəyi tarixi yerlərdəndir. Rayonun Cəhri kəndinin şimal-şərqində 46 min kvadratmetr ərazini əhatə edən və orta əsrlər dövrünə aid İşıqlar abidəsi yerləşir. Yaşayış yerinin mərkəzində “Xərtənli bulaq” adlanan çeşmə vardır. Vaxtilə Cəhri kəndindəki Canıçaydan çəkilən arxın qalıqları indi də qalmaqdadır. Bu arxın suyundan son vaxtlara qədər əkinçilikdə istifadə edilmişdir. Təbii aşınma nəticəsində yaşayış yerində əmələ gəlmiş yarğanlarda mədəni təbəqənin qalınlığı aydın görünür və bura Avroasiyanın torpaq xüsusiyyətlərini tədqiq edən alimlər üçün diqqət çəkən ərazi ola bilər. Bəzi yerlərdə mədəni təbəqənin qalınlığı 3-5 metrdir. Abidənin digər hissəsində dördkünc formalı çalalara və divar qalıqlarına rast gəlinir. Yaşayış yerinin böyük bir hissəsi (təqribən 16 min kvadratmetrlik sahə) kül yığınları ilə örtülmüşdür. Kül yığınları içərisində gil məmulatların qalıqlarına təsadüf olunur. Belə kül yığınları orta əsrlərə aid Nəhəcir yaşayış yerində də qeydə alınmışdır. Müşahidələrə əsasən demək olar ki, bu kül yığınları dulus kürələrinin fəaliyyəti ilə bağlı olmuşdur. Aşkar olunmuş arxeoloji materiallara əsasən İşıqlar yaşayış yerini III-XVII əsrlərə aid etmək olar. Ərazidə aşkar edilmiş materialları iki dövrə aid etmək olar. Birinci dövrə aid olan tapıntılar boz, qara, çəhrayı rəngdə bişirilmiş qab qırıqlarıdır. Onlar ilk orta əsrə aid edilir. İkinci dövrə aid materiallar isə orta əsrlərin inkişaf etmiş mərhələsi üçün xarakterik olan maddi-mədəniyyət nümunələridir. Onlar, əsasən, çəhrayı rəngdə bişirilmiş, həndəsi və nəbati ornamentlərlə bəzədilən qablardır. Bu qabların üzərinə naxış vurulduqdan sonra şəffaf və rəngli şirlə örtülmüşdür. Adı qədim türk tayfası ilə bağlı olan bu yaşayış yerinin nekropolu ondan cənubda yerləşən kiçik təpənin üzərində yerləşir. Təbii aşınma nəticəsində buradakı müsəlman qəbirlərinin əksəriyyəti dağılmışdır.
İydəli piri isə Kəngərli rayonunun Şahtaxtı kəndində yerləşir. Pirin ətrafı orta əsrlər dövründə yaşayış məskəni kimi istifadə edilmişdir. Pir qayanın təbii oyuğunda yerləşir. Onun ətrafı qaya parçaları ilə dördkünc formada hörülmüşdür. Pirin ətrafında kəhriz və divar qalıqları mövcuddur. Divarın qalınlığı bəzi yerlərdə 50-60 santimetrə çatır. Bəzi yerlərdə iri qaya parçalarından hörülmüş divar qalıqları da aşkar olunmuşdur. İydəli piri Naxçıvanın dini tarixi ilə dərindən bağlı olan çox məşhur ziyarətgahlardandır. İnsanlar tez-tez bu piri ziyarət edirlər. Araşdırmalar zamanı pirin ətrafından qədim və orta əsrlərə aid keramika nümunələri də aşkar edilmişdir. Pir Azərbaycan xalqı arasında yayılan su və od inancı ilə bağlıdır və buradan tapılan maddi-mədəniyyət nümunələrini eramızdan əvvəl II-I minilliklərə aid etmək olar.
Naxçıvan dünya arxeologiyasının xəzinəsidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin doğulduğu Naxçıvan torpağı dini-mədəni abidələri və qədim arxeoloji zənginlikləri ilə dünyanın qədim və orta əsrlər tarixinə mühüm töhfələr verən bir ərazidir.

Peter Tase
13.01.2016
Amerika Birləşmiş Ştatlarının
"Foreign Policy News" və
“Eurasia review” qəzetləri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR