23 Dekabr 2024, Bazar ertəsi

Qoca Şərqin qapısı sayılan Naxçıvanın tarixi keçmişi və zəngin mədəniyyəti hər zaman diqqət mərkəzində olub. Bu qədim diyar ulu tarixin müxtəlif dövrlərinə şahidlik edib, bəzən isə bu tarixin iştirakçısına çevrilərək onu yenidən yazmağı öz üzərinə götürüb. Bu baxımdan Naxçıvanın dünəni ilə tanışlıq kimliyindən, peşəsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər kəs üçün maraq kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı isə muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Sərəncama uyğun olaraq “Muzey günləri”nin davam etdirilməsi məqsədilə muxtar respublikada müxtəlif dövlət orqanlarında çalışan kollektivlər yanvarın 30-da yenidən muzeylərimizi ziyarət etdilər. 

Biz də həmin muzeylərin bir neçəsində olduq və ziyarətçilərdən təəssüratlarını bizimlə bölüşmələrini xahiş etdik. İlk müsahiblərimiz şəhərimizdəki Xatirə Muzeyini ziyarətə gəlmiş Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları oldu. Nazirliyin əməkdaşı Ramin Məmmədov bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məlum sərəncamına uyğun olaraq təşkil edilən “Muzey günləri” şəhərimizdəki muzeylərlə tanışlıq üçün əla fürsətdir. Artıq bir ildən çoxdur ki, davamlı olaraq müxtəlif muzeylərdə oluruq və qeyd edim ki, bu cür ziyarətlər zamanı xeyli məlumatlar əldə edirik. Bu gün isə Xatirə Muzeyində olduq. Hamımıza məlumdur ki, burada Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsi əbədiləşdirilib. Muzeydə şəhidlərimizə aid müxtəlif fotoşəkillər, sənədlər, döyüşçülərin şəxsi əşyaları qorunur, eyni zamanda nümayiş etdirilir. Müxtəlif dövrlərdə xalqımıza qarşı soyqırımı həyata keçirilib. Unutmayaq ki, Sovetlər Birliyi dönəmində milli tariximizi saxtalaşdıranlar əsl həqiqəti öyrənməyimizə mane olublar. Ona görə də tarixdə baş verən hadisələrdən uzun illər xəbərimiz olmayıb. Yalnız müstəqilliyimizi əldə etdikdən sonra bu faktlarla bağlı araşdırmalar aparılıb, müxtəlif kitablar nəşr olunub. Xatirə Muzeyi xalqımızın qəhrəmanlıq səhifələri haqqında bizə kifayət qədər məlumatlar verir.

Həmin gün Naxçıvan Dövlət Tarix Muzeyi də öz ziyarətçilərini qəbul edirdi. Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin kollektivi muzeyi ziyarət etdikdən sonra idarənin bir neçə əməkdaşı ilə həmsöhbət olduq. Tapdıq Əliyev dedi: “Tariximizi öyrənmək hər birimizin ən azından vətəndaşlıq borcudur. Etiraf edək ki, əvvəllər muzeylərə o qədər də çox maraq göstərməmişik, ən azından “vaxtımız yoxdur”, – deyib, yaxamızı kənara çəkmişik. Ancaq şəhərimizdə yerləşən muzeyləri ziyarət etdikdən sonra görürük ki, bu mədəniyyət obyektlərimiz, həqiqətən də, insanları məlumatlandırmaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu gün ziyarət etdiyimiz Naxçıvan Dövlət Tarix Muzeyi də zəngin eksponatları ilə hər birimizin marağına səbəb oldu. Muzeydə qədim dövrlərdən tutmuş müasir dövrədək ardıcıllıqla düzülmüş eksponatlar necə zəngin tarixə, mədəniyyətə malik olduğumuzu göstərir. Təbii ki, hər bir vətəndaşın da öz tarixini, mədəniyyətini bilməsi vacibdir və keçmişi bilmədən gələcəyin yolunu müəyyən edə bilmərik. Buna görə də muzeylərə kollektiv gedişləri təqdir edirəm”.
Növbəti ünvanımız Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi oldu. Buraya ilk gələnlər Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları idi. Muzeyin bələdçiləri tərəfindən onlara muzey haqda ətraflı məlumat verildi. Xidmətin əməkdaşları muzeyi ziyarətdən sonra təəssüratlarını bizimlə bölüşdülər. Əməkdaşlardan Zakir Məmmədov, Orxan Hüseynov, Şahin Nəbiyev bildirdilər ki, çox­əsrlik qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər materiallarla tanışlıq onlara Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı dəyərli məlumat əldə etməyə imkan verib. Ekspozisiyada Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələrə xidmətin əməkdaşları tərəfindən xüsusi maraq göstərilib. Onlar burada Naxçıvanda yaşayıb-yaratmış şair və yazıçıların yaradıcılıqları ilə də tanış ola biliblər. Bundan başqa, teatrımızın tarixinə aid sənədlər, görkəmli sənətkarların yaradıcılığını əks etdirən fotoşəkillər xidmət əməkdaşlarında muxtar respublikamızda teatr mədəniyyətinin formalaşması haqda dolğun təəssürat yaradıb. Bütün bunlara görə muzey ziyarətlərinin təşkilatçılarına minnətdardırlar.
Naxçıvan şəhərindəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin nahardan sonrakı ilk ziyarətçiləri Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları idi. Kompleksi ziyarət onlarda böyük təəssürat yaratdı. Əməkdaşlardan Aftandil Vəliyev, Elnur Əsgərov, Məlahət Novruz­ova ilə söhbət zamanı dedilər ki, burada onlara muzey kompleksi haqda ətraflı məlumat verilib. Bu məlumatlar vasitəsilə öyrəniblər ki, “Xan Sarayı” muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılıb. Xan sarayının binası yenidən qurulub, bu mədəniyyət müəssisəsinin fəaliyyəti üçün lazımi arxiv materialları və digər sənədlər toplanaraq muzeyə verilib. 2010-cu il dekabrın 17-də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin açılışı olub. Muzeyin yaradılmasında əsas məqsəd Azərbaycanın milli dövlətçilik tarixində xüsusi yer tutan Naxçıvan xanlığının tarixinin öyrənilməsi və təbliğidir.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin qonaqları olan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları da kompleksi ziyarətdən sonra onlarda yaranan təəssüratı bizimlə bölüşməyi unutmadılar. Firudin Zaman­ov dedi ki, burada olarkən bələdçi tərəfindən məlumat verilib ki, 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kollektivləri Cəlil Məmmədquluzadənin ev-muzeyini, Ədliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyini, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Vergilər Nazirliyinin əməkdaşları Xatirə Muzeyini, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat nazirliklərinin kollektivləri Bəhruz Kəngərli Muzeyini, Kənd Təsərrüfatı, Rabitə və Yeni Texnologiyalar, Səhiyyə nazirliklərinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev-muzeyini ziyarət ediblər. Gənc­lər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Ekologiya və Təbii Sərvətlər Nazir­liyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Naxçıvan Dövlət Xalça Muzeyində, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin kollektivləri Ədəbiyyat Muzeyində, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Seçki Komissiyasının əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyində, Dini Qurumlarla İş üzrə İdarənin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Arxiv İdarəsinin kollektivləri isə Dövlət Bayrağı Muzeyində olublar.

Bəli, apardığımız müşahidələrdən də bir daha məlum oldu ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən təşkil olunan “Muzey günləri”nin keçirilməsi tarixi irsimizin öyrənilməsi baxımından əhəmiyyətli və əlamətdar hadisədir.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR