23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Rast dəstgahı” muğam məclisi olub. Muğam məclisindən əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığının və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir. Muğam xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir.

Qeyd olunub ki, Azərbaycan muğamının ən mükəmməl elmi əsasını XX əsrdə dahi bəstəkar Üzeyir Hacıbəyov qoyub. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Vaqif Mustafazadə, Vasif Adıgözəlov və başqaları muğam sənətinə əsaslanaraq qiymətli sənət nümunələri yaradıblar.

Ötən əsrin 70-ci illərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində muğam sənətimiz də yeni inkişaf mərhələsinə qədəm qoyub, muğam ifaçıları və bu sənəti yaşadanlar qayğı ilə əhatə olunub. 1971-ci ildə YUNESKO-nun 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” seriyasına “Azərbaycan musiqisi plastinkası” da daxil edilib, 1975-ci ildə Azərbaycan muğamları “Musiqi mənbələri” seriyasında buraxılıb. Müstəqillik illərində də Azərbaycan musiqisinin və muğamının inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. 2002-ci ilin noyabr ayında YUNESKO tərəfindən muğam sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahı­sı”na daxil edilib.
Vurğulanıb ki, muğam sənətinin qorunub saxlanması və tanıdılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi silsilə tədbirlər müstəsna rol oynayır. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilib, muğam müsabiqələri təşkil olunub, “Qarabağ xanəndələri” albomu buraxılıb, “Muğam” jurnalı, “Muğam ensiklo­pediyası” nəşr edilib. Azərbaycanda 2009-cu ildən başlayaraq iki ildən bir Beynəlxalq Muğam Festivalı və bu festival çərçivəsində beynəlxalq “Muğam aləmi” simpoziumu keçirilir.
Qeyd olunub ki, muxtar respublikamızda da muğam sənətinin yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən keçirilən xalq yaradıcılığı günlərində zəngin folklor nümunələri ilə yanaşı, muğamlarımız da gənc nəslə aşılanır. 2012-ci ildə keçirilən “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam müsabiqəsi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Sonra tədbirin bədii hissəsi başlayıb. Qeyd edək ki, orta əsr musiqi elmində “Rast” ən birinci və bütün digər muğamların əsası sayılır. “Rast” muğamı insanda mərdlik, müdriklik duyğusu yaradır, dinləyicini dü­şündürür. Musiqişünaslar “Rast”ı “muğamların anası” adlandırırlar. “Rast”ın dəstgahlarının şöbə və guşələri muğam biliciləri tərəfindən ustalıqla ifa olunur.
“Rast dəstgahı” muğam məclisində xanəndə və müğənnilərdən Azərbaycan Respublikasının Əməkdar artistləri Qurban Qasımov, Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyev, Xatirə Səfərova, müğənnilərdən Qəribə Həsənova, Nərmin Hüseynova “Rast”ın “Üşşaq”, “Hüseyni”, “Vilayəti”, “Əmiri”, “Əraq” və başqa şöbə və guşələrindən ibarət dəstgah səsləndiriblər.
Muğam ifaçılarını Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev (tarda), Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Aqib Seyidov (kamançada), Qasım Bağırov (balabanda), Məmməd­əli Babayev (nağarada), Sevinc Babayeva (kamançada), Sərxan Abdullayev (udda) müşayiət ediblər.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR