Qış fəsli təsərrüfat işlərində mühüm rol oynamasa da, xalq etiqadlarında, adət və ənənələrində, inamlarda ona aid zəngin materiallara rast gəlirik. Qışın əsas atributlarından biri qardır. Qar ilin ruzi-bərəkəti, bolluğu deməkdir. Payız əkinlərinin qalın qar ilə örtülməsi onu şaxtadan qorumaq, yazda suyun bolluğu baxımından çox əhəmiyyətlidir. Bunu aşağıdakı folklor nümunəsində də görmək olar:
Böyük çillə, nar çillə,
Ağ gül üstə qar çillə,
Taxıllara yorğan ol,
Bağçalara bar, çillə.
“Qar olmasa, bar olmaz”, “Qar ili, var ili” kimi atalar sözlərində də qarın faydası əks olunmuşdur.
Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq çillə adı ilə üç yerə bölmüşdür. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), kiçik çillə 20 gün (31 yanvar-19 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur.
Qış girən günü, yəni dekabr ayının 20-si gecəsi “Çillə bayramı”, “Çillə gecəsi” adlı mərasim qeyd edilir. Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Əvvəla bunu deyək ki, fəslin bu cür bölgüsü və onların çillə adlandırılması əski təsəvvürlərlə bağlıdır. Çillə xalq arasında ağırlıq anlamında başa düşülür. Çillə dərd, kəramət, xəstəlik mənasında qəbul edildiyindən onun girməsi dərdin, çətinliyin gəldiyinə işarədir. Mənbələrdə yazılır ki, adamlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər ki, elə bu da “çillə kəsmək” adlanırdı.
Çillə bayramını xalqımız xüsusi qeyd edər, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görərdi. Bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində çillə qarpızı olsun. Qarpız çillə gecəsinin ən gözəl payı hesab edilirdi. Toplanmış çöl materiallarına əsaslanaraq demək olar ki, Naxçıvanın Arazboyu kəndlərinin əksəriyyətində çox da böyük olmayan, qalın qabıqlı xüsusi qarpız növü əkilmişdir ki, belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq olardı. Çilləyə saxlanılması nəzərə alınan qarpızın tam yetişməmiş və saplaqlı olmasına fikir verilirdi. Çünki belə olanda qarpız daha yaxşı qalırdı. Çillə qarpızı xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayırdılar.
Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılırdı. Etnoqrafik materiallara görə, çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir. Digər məlumata görə, çillədə qarpız kəsəndə deyərdilər ki, “ay qarpız, səni mən necə kəsirəmsə, çilləni də belə tez kəsim”. Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Bəzi rayonlardan (Ordubad, Şərur) yaşlı insanların verdiyi məlumata görə, çillədə qarpız kəsilirdi ki, günümüz qırmızı, yəni günəşli olsun. Çillə qarpızı kəsilən vaxt xalq arasında niyyətetmə adəti mövcud idi. Bundan başqa, qarpız kəsib yeddi evə pay göndərilirdi. Çillə bayramı günü nişanlı qızların, təzə gəlinlərin bayram görüşünə (Çillə bayramına) gedərdilər. Bayramlıqlar içərisində çillə qarpızı xüsusi yer tutardı.
Bu qarpız, çilə qarpız,
Düşübdür dilə qarpız,
Yığılıb xonçalara,
Gedir yargilə qarpız.
Şərur rayonunun bəzi kəndlərindən toplanmış materiallara görə, nişanlı qızlara qarpız aparanda onun yanına bıçaq da qoyardılar. Qarpız həmin bıçaqla kəsilir və sonra onun yarısı yenidən oğlan evinə qaytarılırdı.
El arasında bu üç çillə üç bacı, daha çox böyük və kiçik çillələrlə bağlı olaraq böyük və kiçik bacı adlandırılır. El-oba arasında bu iki bacı ilə bağlı bir rəvayət də bilinməkdədir.
Rəvayət: Böyük çillə ömrünü başa vurub geri qayıdanda kiçik çillə ilə qarşılaşır. Kiçik çillə böyük çillədən soruşur: nə etdin? Böyük çillə cavab verir ki, tayaları yarıladım, qovurma küpəsinin başını yendirdim, qalaqları sökdürdüm. Kiçik çillə deyir: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”. Böyük çillə cavab verir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”.
Xalq arasında iki çillənin bir-birini əvəz etməsi “təhvil-təslim dövrü” adlanır. Ordubad və Culfa bölgəsində əhali qışın ən qorxulu dövrünü “cahar-cahar” adlanan dövr hesab edir ki, bu da dörd gün böyük çillədən, dörd gün isə kiçik çillədən götürülür. Xalq meteorologiyasına görə, böyük çillənin son dörd günü və kiçik çillənin ilk dörd günü qışın ən sərt günüdür. Culfa bölgəsindən topladığımız etnoqrafik çöl materiallarına görə, bu bölgədə böyük çillə qurtarıb, yerini kiçik çilləyə verdiyi dövrdə (“cahar-cahar” adlanan dövr nəzərdə tutulur) “çillə kəsdi” oyunu və ya şənliyi keçirilirdi. Oyun zamanı qardan heyvan fiqurları düzəldib, onun ətrafına yığışar, şənlik edərdilər. Məqsəd qışdan qorxmamaq, qışa sinə gərmək idi.
Kiçik çillə daha çox şaxtalı keçdiyinə görə bu müddətə “qışın oğlan çağı” da deyilir. Kiçik çillənin şaxtalı, boranlı olmasını “kiçik çillənin soyuğu, təndirə qatar toyuğu” və ya “kiçik qardaş xovlu olar” kimi el deyimlərində də görürük.
Deyilənə görə, kiçik çillə daxil olduğu kimi çıxanda da havada bir dəyişiklik yaradır. Lakin ömrünü başa vurarkən kiçik çillə haqqında deyərlər ki, “ömrünə bir şey qalmayıb, heç nə edə bilməz” və ya “ömrün azdır, qabağın yazdır”.
Kiçik çillənin adı ilə bağlı xalqımız şeir də qoşubdur:
Kiçik çillə
Boyu bir belə,
Hikkəsi iri belə...
Gəlişi oldu hayınan,
Gedişi oldu vayınan.
Araşdırmalardan məlum olmuşdur ki, Ordubad rayonunun bəzi kəndlərində böyük çillə ilə kiçik çillənin arasındakı “təhvil-təslim dövrü”ndə böyük çillə və ya ulu çillə qurtarıb yerini kiçik çilləyə verən günü “Çoban bayramı” və ya “Saya gəzmə” adlı mərasim təşkil edərdilər. Mənbələrin verdiyi məlumata görə, bayramı keçirməkdə əsas məqsəd yer ruhlarını razı salıb, döl bərəkətini artırmaq və heyvanları sağlam vəziyyətdə yaza çıxarmaq idi.
Onu da qeyd edək ki, kiçik çillənin onuncu günü, yəni fevral ayının 9-da Naxçıvanda xalq arasında “Xıdır Nəbi” adlanan mərasim qeyd olunur ki, bu haqda da gələn yazımızda bəhs edəcəyik.
Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru