Çox qədim zamanlardan insanlar məskən saldıqları ayrı-ayrı obyektlərə – dağlara, qalalara, çaylara, göllərə, kənd və şəhərlərə və başqa bu kimi yerlərə müxtəlif adlar vermişlər. Dünyada elə bir coğrafi obyekt növü yoxdur ki, insanlar onu hansısa adla adlandırmamış olsun. Hər bir yerin müəyyən adı, hər bir adın özünəməxsus mənası, yaranma tarixi vardır.
Tarixən yaranmış adların mənşəyi və mənası məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, ictimai-iqtisadi formasiyaların bir-birini əvəz etməsi, adların dildən-dilə, nəsildən-nəslə keçməsi ilə əlaqədar onların bir qismi təhrifə uğramış və nəticədə, müxtəlif cür izah edilmişdir. Belə coğrafi adlardan biri də “Kitabi-Dədə Qorqud” dastanlarında da adı çəkilən Əlincəqala (Alınca qalası) adıdır.
Tədqiqatçılar “Əlincə” sözünü müxtəlif cür izah etmişlər. Qalanın adı orta əsr yazılı məxəzlərində Əlincə, Əlincəm, Alənca, Alançuq, Alanca, Alançik, Yerənçaq və sair şəkillərdə işlədilmişdir. Bir sıra qaynaqlarda Əlincəqalaya Erınca şəklində rast gəlirik. Bəzi tarixçilərin yazdığına görə, guya Əlincəqala öz adını zəngin xəzinəsini gizlətmək məqsədilə həmin qalanı tikdirmiş “Erincak” adlı bir feodal qadının adından götürmüşdür.
Mənbələrdə “alan” sözünün “aran” şəkli V-VII əsrlərdə işlədilmişdir. Çünki artıq orta əsr ərəb və başqa mənbələrdə xüsusi yer adı olaraq “Aran”, “Arran” və “Alran” sözlərinə təsadüf edilir. XIII əsrdə yaşamış məşhur ərəb tarixçisi Yaqut əl-Həməvi “Mücəm əl-büldan” əsərində doğru olaraq “Arran” sözünün ərəb sözü olmayıb, yerli məna daşıdığını qeyd edir. Çox güman ki, bu söz türk dillərindən götürülmüşdür. Qalaya belə bir adın verilməsi heç də təsadüfi deyildir. Çünki “alan” qədim türk dilində “düzənlik”, “meydan” mənasını verir. Şübhəsiz ki, bu, qalanın yuxarı hissəsinin düz bir sahədən ibarət olması ilə bağlı olmuşdur. Bununla belə, “aran”, “alan” sözünün “Əlincə”yə çevrilməsi həqiqətə uyğun deyil.
“Əlincəqala” adının izahı “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə bir neçə variantda verilir: “...VII əsrə aid mənbələrdə qalanın adı Erincak, XIII əsrə aid mənbələrdə isə Alınca variantlarında çəkilir... Bəzi tədqiqatçılar dağın adının monqolların yürüşündə iştirak etmiş Elcihin tayfasının adı ilə bağlı olduğunu yazırlar. Bir qrup alimlərin fikrinə görə, toponim türk dillərindəki alançik (meydança, düz) sözündəndir. Oronimi Alan tayfa adı ilə bağlayırlar”.
Göründüyü kimi, hətta toponimiyaya həsr olunmuş lüğətdə belə, “Əlincə” sözünün etimologiyası haqqında dəqiq fikir söylənilmir.
“Əlincə” adının Alan tayfasının adı ilə nə dərəcədə bağlı olmasına diqqət yetirək. “Azərbaycan tarixi”nin akademik nəşrinin I cildində Alan tayfalarının eramızın 72-ci ilində Dəryal keçidi vasitəsilə Cənubi Qafqaz, o cümlədən Qafqaz Albaniyası istiqamətində yürüş etməsi fikri müdafiə olunmuşdur. İosif Flaviyə görə alanlar Skif tayfalarındandır. Bir sıra antik müəlliflərin, eləcə də İ.Flavinin məlumatları alanların Şimali Qafqaz keçidləri vasitəsilə baş verməsi haqqında irəli sürülən elmi fikri təsdiq etmir. Bəzi tədqiqatçılara görə, Əlincə toponimi qədim türk mənşəli alan (meydan, düz) coğrafi termini ilə əlaqədardır (-cıq kiçiltmə şəkilçisidir). Göründüyü kimi, “alan” sözü iki mənada işlədilmiş, lakin heç biri elmi cəhətdən təsdiqini tapmamışdır.
Bəzi orta əsr mənbələrində Əlincəqaladan “Yeröncək” (Erincak) kimi bəhs edilsə də, ehtimal edilir ki, Yeröncək Əlincəqala ilə bağlı ad deyildir, hələ qalanın bu ərazidə inşa olunmasından daha əvvəl bu əraziyə verilən addır. Naxçıvan qalalarından bəhs edən professor M.Seyidov qalanın ilkin adının Erıncaq olduğunu yazmışdır. Erıncaq iki tərkibdən yaranmış mürəkkəb söz – addır. Eriq (erıq) əksər türk dillərində çoxmənalı sözdür. Onun möhkəm, qüvvətli, hakimiyyət mənaları vardır. “Caq” isə Azərbaycan dilində “yer”, “məkan” bildirən şəkilçidir. Beləliklə, Erıncaq (erincək) möhkəm, qüvvətli dövləti, hakimiyyəti olan yer deməkdir.
Xalq etimologiyasına görə, “Əlincə” adının izahı “əlini çək”, bəzi tədqiqatçılara görə, “Alancik” (boş sahə) mənasını verir.
Yaxın Şərq coğrafiyasının tanınmış tədqiqatçılarından K.Streyc qalanın əsl adının Alancik olduğunu qeyd edir. Tədqiqatçıların bəzilərinin fikrincə, qalanın adının bu şəkildə işlədilməsi həqiqətə daha uyğundur. Qala öz adını qədim Azərbaycan sözü olan alan kəlməsindən götürmüşdür. Bu söz qədim türk dillərində “düzənlik”, “meydan” mənasını verir. Azərbaycan Ensiklopediyasında da qalanın adı Alanciklə bağlı izah edilir. Mahmud Kaşqarlının XI əsrə aid “Divani lüğət-it-türk” kitabında “alan” (yaxud alanq) sözü “düz”, “açıq yer” kimi şərh olunur. M.Köprülü “alancuk” sözünün səlcuq türklərinə aid olub, “kiçik meydan” demək olduğunu göstərir. Lakin qeyd etməliyik ki, “alan” təkcə səlcuqlara məxsus olmayıb, bir sıra türk tayfalarının dilində, o cümlədən Azərbaycan dilində də işlədilmişdir. Lakin müasir Azərbaycan dilində düzənlik mənasında “alan” deyil, “aran” işlədilir. “l” hərfinin “r” hərfinə çevrilməsi türk dilləri qrupu üçün xas olduğundan “alan”ın “aran”a çevrilməsi təbiidir.
Müasir türk ədəbiyyatında qalanın adı “Alınca” şəklində yazılır. Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində orta əsrlər dövründə “Əlincə” adlı başqa qalalar da mövcud olmuşdur. Həmdullah Qəzvini “Nüzhət əl-qülub” əsərində Təbrizin yaxınlığında “Əlincə” adlı qala olduğunu göstərir.
XX əsrin əvvəllərində Naxçıvanın tarixi ilə bağlı tədqiqatlar aparmış K.N.Smirnov isə “Əlincə” sözünün bəzi tədqiqatçıların fikrincə, “əyləncə” sözündən yarandığını yazmışdır. Sovet-rus tədqiqatçısı bunu qalanın ibadətlə əyləncəni birləşdirən və Səlcuqlar dövründə İran və Azərbaycanın bir sıra ərazilərində yayılmış olan bidətçi ismaili təriqətinin ritualları ilə əlaqələndirmişdir.
Akademik A.Axundovun fikrincə, Əlincəqalanın adı monqolların yürüşlərində iştirak edən, əslən türk tayfaları olan əlcihinlərlə (elcihin deyənlər də var) bağlıdır. Əlincə toponiminin metateza (səslərin yer dəyişimi) və eliziya (səs düşümü) fonetik hadisələri nəticəsində əlcihin (elcihin) etnonimindən törənməsi tamamilə mümkündür. Tədqiqatçı N.Məmmədov da “Əlincə” dağ adının eramızın ilk əsrlərindən mövcud olmasını qeyd etməklə, “Əlincə” adının türk tayfalarından olan Əlciin (Əlcihin) tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranması qənaətinə gəlir. Mümkün olmasını qəbul etmək olsa da belə, tarixi-siyasi xronologiyanı əsas götürsək, bu, inanılası görünmür. Monqolların Azərbaycana, eləcə də Naxçıvana yürüşü XIII əsrdə olmuşdur, bu zaman “Əlincə” adlı qala mövcud idi və belə də adlanırdı. İlhami Cəfərsoylu Əlincənin monqollarla əlaqəsindən bəhs edərkən göstərir ki, “Əlincək boyunun bəzi qolları monqollara qoşulmuş, Hülakülər dövlətində müəyyən vəzifələr tutmuşlar. Onlardan biri Alıncak noyon idi. Fəzlullah Rəşidəddinin yazdığına görə, həmin boydan Əmir Novruz Alıncak adlı bir əmir çıxıb”.
Azərbaycanın Əlincək boyu tanınmış qoşun başçıları ilə yanaşı, istedadlı alim və şairlər də yetirib. Əlişir Nəvai öz dövrünün tanınmış alim və şairlərindən bəhs edərkən Mövlana Xələf Təbrizi Şeyx Ələncək haqqında məlumat verir.
AMEA-nın müxbir üzvü Adil Bağırov “Əlincə” adını Nuh Peyğəmbərin nəticəsi Alınca xanın adı ilə əlaqələndirmiş və qeyd etmişdir ki, bu söz canlı danışıq dilində tədricən “Əlincə” şəklinə düşmüşdür. “Oğuz dastanı”nda da Alınca xan Nuhun yeddinci oğlu kimi təqdim edilir. O, Yafəsin və Türkün nəslindəndir. Əbülqazi Bahadur xanın qələmə aldığı “Türklərin soy ağacı”nda – “Şəcəreyi-Türk”də iki dəfə onun adı çəkilir.
Xalqımızın həyatını, məişətini, adət-ənənələrini, yüzlərlə yer adlarını özündə əks etdirən, ən qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanlarında “Əlincə” adı çəkilir. Dastandakı “Uşun qoca oğlu Səgrək boyu”nda Əgrəyin Əlincəqalada əsir düşməsi və qardaşı Səgrəyin onu xilas etməsi göstərilir. Əlincə “Dədə Qorqud”da qala kimi xatırlanır. Naxçıvanda “Əlincə” sözü Əlincəqalada, Əlincə çayında və kənd adında ifadə olunur.
“Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Əlincə nahiyə və qala kimi qeyd edilir və buranın sakinlərinin azərbaycanlılar olduğu göstərilir.
Bir sıra tədqiqatçılar Əlincə toponiminin yayılma arealının çox geniş olduğunu qeyd etmişlər. Əlincə (Ərincə) adlı yaşayış yerləri Göyçə, Ərzurum, Təbriz, Ağbaba elində, mesxeti türklərinin vətəni olan Axısqa şəhəri yaxınlığında da olmuşdur.
Ümumiyyətlə, Azərbaycan dilçiliyində Əlincəqalanın adı, sadəcə, yer adı kimi izah edilmişdir. Əslində, o, türk boylarından birinin adı olmuş, Azərbaycanın bir çox yer adlarında əks olunmuşdur. Məlumdur ki, yer adlarının böyük əksəriyyəti həmin ərazidə yaşayan tayfa və qəbilələr, boylar tərəfindən verilmişdir. Çox güman ki, bu toponimlər (yəni Əlincə//Ərincə ilə bağlı olanlar) öz mənşəyini “Ərincə” adlı tayfanın adından almışdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Mahmud Kaşqarlının əsərində də erincə-ərincə formasında leksik vahid xatırlanır.
Ərincə//Əlincə adı qədim mənbələrdə Alıncak, Alancıq, sonrakı yazılarda isə Əlincək və Əlincə kimi göstərilmişdir. Həmdullah Qəzvini onun adını Alancik kimi ifadə etmişdir. 1225-ci il hadisələrindən bəhs edən Mirxond Əlincəqalanın adını Əlincək kimi qeyd etmişdir.
Əlincək boyu ilk orta əsrlərdə, təqribən, III-V əsrlərdə Arazdan şimalda – Sünik torpaqlarında özünə yurd salmışdı. Onlar burada öz daxili müstəqilliyini saxlamaqla vilayətin hakim nəslinə tabe idilər.
Əslən Urbat türklərindən olan xristianlaşmış Stepan Orbeliani yazır: “Sünik 12 əyalətdən ibarətdir. Onlardan biri Erincakdır”. Sonrakı tarixi mənbələrdə Əlincək tayfasının Arazın cənubuna köçdüyü və Təbrizlə Naxçıvan arasında yerləşdiyi məlum olur. Məhəmmədəli Tərbiyətin verdiyi məlumatdan görünür ki, Alancık Cənubi Azərbaycanın mahallarından biridir. Yerli əhalinin Alança dediyi Əlincə kəndi Təbrizin 40 kilometr şimal-qərbində yerləşir.
Bu məlumatdan aydın olur ki, Əlincək tayfası tarixən yurd saldığı bu ərazilərdən çox da uzağa getməyib. Cənubi Qafqazda, eləcə də Arazın hər iki sahilində yaşayarkən sıldırım qayaların başında tikdikləri alınmaz qalaya – Əlincəyə sığınıblar.
Beləliklə aydın olur ki, “Əlincə” adı bu ərazilərdə yaşamış Ərincə//Əlincək tayfasının adı ilə bağlıdır. Təqribən iki min il bundan əvvəl həmin tayfa birliyi Əlincəqalanı inşa etmiş və özlərinin təhlükəsizliklərini orada təmin etmişlər.
İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, akademik